AZ

QƏHRƏMANLAR UNUDULMUR - Salatın Əsgərovanın anım gününə

Masallı rayon Mərkəzi Kitabxanasının növbəti tədbiri  Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın anım gününə həsr olunmuşdu.

Tədbirdə çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva dedi: - Azərbaycanın ilk şəhid qadın jurnalisti Salatın Əsgərovanın erməni separatçıları tərəfindən qətlə yetirilməsinin 34 ili tamam oldu. O, 90-cı illərdə Qarabağın qaynar bölgəsindən   hazırladığı reportajlar vasitəsilə xalqımızın, eləcə də mətbuat ictimaiyyətinin böyük rəğbətini qazanmışdı. Salatın Əsgərovanın şəhidlik məqamına ucalmasından uzun illər keçməsinə baxmayaraq hər bir azərbaycanlı tərəfindən təkcə peşəkar jurnalist kim deyil, həm də vətənpərvər xanım olaraq indi də böyük  ehtiramla xatırlanır. O, əbədi olaraq şərəfli ölümü ilə milyonların ürəyində özünə əzəmətli abidə ucaldıb.

“Vətən, torpaq  naminə  canından keçən  Salatın Əsgərova Qarabağ müharibəsi haqqında həqiqətlərin üzə çıxmasında, dünya ictimaiyyətinə obyektiv məlumatların vaxtında çatdırmasında  böyük xidmətlər göstərmişdir” – deyən  kitabxananın digər əməkdaşı Həbibə Hüseynova da vurğuladı ki, 1991-ci il yanvarın 9-da Salatın Əsgərovanın da içində olduğu maşın erməni terrorçuları tərəfindən şiddətli atəşə tutulmuş, bir neçə döyüşçü ilə birlikdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Salatın Əziz qızı Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Astara rayon Heydər Əliyev Mərkəzində  Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir  isə  “Zəfər tarixi” adlanırdı.  Rayondakı P. Həsənov adına Çay-oba kənd tam orta məktəbinin müəllim və şagirdlərin qatıldığı tədbirdə çıxış edən   Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova bildirdi ki, Azərbaycan əsgəri qorxmazdır, ölümün üzünə dik baxaraq düşmənin qarşısına çıxmağı bacaran igiddir. Təkcə Mübariz İbrahimovu xatırlatmaq kifayətdir ki, hər kəsdə Azərbaycan əsgəri haqqında  xoş təsəvvür yaransın. Şanlı Azərbaycan Ordusu bizim iftixar  yerimiz, qürur mənbəyimiz və fəxrimizdir. Qarabağımızı azadlığa çıxaran qalib ordunun, qalib millətin dilində daim səslənəcək “Qarabağ Azərbaycandır!”

Sonra “Astaranın 44 şəhid övladları” mövzusunda film  göstərildi.

Yekunda tədbir iştirakçıların rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxışı oldu.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
125
15
hurriyyet.az

10Mənbələr