AZ

20 Yanvar faciəsi bəşəriyyətə qarşı törədilmiş terror aktıdır

1985-ci ildə Mixail Qorbaçovun SSRİ rəhbərliyinə gətirilməsindən sonra Sovet İttifaqının dağılma prosesi sürətləndi. İmperiya tərkibində yaşayan xalqlar arasında yenidənqurma siyasəti adı altında nifaq toxumları səpən M.Qorbaçovun azərbaycanlılara qarşı düşmən mövqeyi gündən-günə artmaqda idi.

Bunu açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, Qarabağda baş qaldıran erməni separatizmi, 1989-cu ildə Qərbi azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasının sonuncu mərhələsinin həyata keçirilməsi xalqımızın milli oyanışını, müstəqillik ideyalarını daha da şiddətləndirdi. Lakin Kreml rəhbərliyi bu tələbləri boğmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz müstəqil dövlətini qurmaq və suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdi. Əsas qüvvəsi ermənilərdən təşkil olunmuş Qırmızı ordu hissələri dinc əhaliyə qarşı güc tətbiq edərək, çox sayda insanın həyatını itirməsinə və yaralanmasına səbəb oldu. Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda, ümumilikdə, 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu. 20 Yanvar faciəsi bəşəriyyətə, insanlığa, humanizmə qarşı törədilmiş terror aktıdır. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında silinməz iz buraxan müstəqillik mübarizəmizin dönüm nöqtəsidir.

“Dünyanın gözü önündə həyata keçirilən qətliama ilk hüquqi qiymət məhz dahi rəhbərimiz Ulu Öndər Heydər Əliyev tərəfindən verildi. O, həyati təhlükəsinin olmasına baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pislədi və dinc əhaliyə qarşı törədilən terroru, insani dəyərlərə, demokratiyaya zidd adlandırdı”, – deyə G.Ağamalı vurğulayıb.

Deputat əlavə edib ki, 20 Yanvar faciəsi hər bir azərbaycanlının azadlıq simvoludur: “İllər ötsə, əsrlər keçsə də, Azərbaycan dövləti yaşayacaq və and yerimiz olan üçrəngli şanlı bayrağımız daim azad, suveren və müstəqil səmamızda qürurla dalğalanacaq”.

Seçilən
6
30
xalq.az

10Mənbələr