Ali Məhkəmə Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlara əlavə və dəyişikliklər edilib. Qərara əsasən, sabit pul məbləğində aliment tutularkən alimentin məbləği konkret rəqəmlə deyil, minimum əmək haqqının müəyyən mislinə uyğun sabit pul məbləğində göstəriləcək.
Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadənin sözlərinə görə, buradan belə müəyyən olur ki, artıq ölkə üzrə yaşayış minimumun artması əsası ilə hər dəfə alimentin artırılması ilə bağlı vətəndaşlar müstəqil iddia qaldıra bilməyəcəklər.
"Bunun əvəzinə minimum əmək haqqının artması əsası ilə icra icraatı qaydasında məhkəməyə sadə prosedur qaydada müraciət edərək alimentin minimum əmək haqqının artımına indeksasiya edilməsini xahiş edəcəklər. Bu da o anlama gəlir ki, alimentin artırılması ilə bağlı hər il yeni iddialar qaldırma dövrünü geridə qoyuruq”.
Vəkil bildirib ki, bu qayda həm uşaqların üstün mənafeyinin qorunmasına xidmət edəcək, həm də alimentin artırılması ilə bağlı lüzumsuz davamlı məhkəmə çəkişmələrinin aradan qalxmasına yol açaraq indeksasiyanın dərhal reallaşması üçün imkan yaradacaq:
“Qətnamə ilə tutulmuş aliment konkret rəqəmlə ifadə edilmədiyi halda isə maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən məsələ öz həllini tapacaq.
Qeyd edirəm ki, ilk dəfə alimentlə bağlı məhkəməyə müraciət edən vətəndaşlar ölkə üzrə yaşayış minimumuna əsaslana bilərlər. Lakin daha sonra alimentin məbləğini artırmaq istəyirlərsə artıq ümumi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında daha sadə prosedurla məhkəməyə müraciət edəcəklər. Bu zaman onlar alimentin artırılması səbəbi kimi ölkə üzrə yaşayış minimumunu deyil, yalnız minimum əmək haqqının qalxmasına əsaslana bilərlər”.