Fatimə Hacıbəyli: “Sui-istifadə hallarının olmaması üçün prosedurlar da tərtib olunacaq, olunmasa boşanma üçün Fond bəhanə olacaq”
Müasir dövrdə boşanmaların sayı günü-gündən artır. Cəmiyyətdə stereotip və baxışlar dəyişib. 2024-cü ilin ilk 10 ayında boşanmaların sayı nikahlardan daha çox olub.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyində rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 42 073 nikah və 17 907 boşanma halı qeydə alınıb. Boşanma sayı ildən-ilə deyil, günü-gündən artır.
Boşanmalardan sonra isə keçmiş cütlüklər arasında başqa problem yaranır ki, bu da alimentlə bağlıdır. Bəzi atalar aliment ödəməmək üçün min bir bəhanə gətirir və ya ümumiyyətlə aliment ödəmir. Belə olan halda isə çarəsiz qadın məhkəmə qapılarında qalmalı olur. Vəziyyətdən çıxış yolu üçün ölkədə Aliment Fondunun yaradılması təklif olunur. Ancaq bu fondun yaradılmasının müəyyən problemlərə səbəb olacağı ehtimal edilir. Bəzi ekspertlər hesab edir ki, bu fond yaradıldıqdan sonra boşanmaların sayı daha da artacaq. Bəylər və xanımlar alimentin alınması ilə rahatlıq hiss edəcək və rahat şəkildə boşanacaqlar. Bir qisim ekspertlərt isə hesab edir ki, Aliment Fondunun yaradılması bu sahədə yaradılan problemi həll edəcək, qadınlar aliment almaq üçün keçmiş həyat yoldaşına müraciət etməyəcək. Onu da qeyd edək ki, 2024-cü ildən Azərbaycanda alimentin minimum məbləği qaldırılıb. Belə ki, Azərbaycanda alimentin minimum məbləği və ya miqdarı 220 manatdan 235 manata qaldırılıb.
“Ailə institutundakı qeyri-müəyyənlik boşanmaların çoxalmasına gətirib çıxarır, belə bir məqamda isə Aliment Fondunun yaradılması psixoloji baxımdan boşanmaların qarşısını almayacaq”
Mövzu ilə bağlı fikir bildirən “Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Aliment Fondu yaradılsa, sui-istifadə hallarının da qarşısı maksimum şəkildə alınacaq: “Bəzən insanlar düşünəcək ki, cütlüklər sırf aliment almaq məqsədilə boşanacaqlar. Amma yəqin ki, sui-istifadə hallarının olmaması üçün prosedurlar da tərtib olunacaq. Olunmasa boşanma üçün Fond bəhanə olacaq. Onu da deyim ki, Azərbaycanda ailə institutu ciddi şəkildə deqradasiyaya məruz qalıb. Azərbaycanda klassik ailə modeli iflasa uğrayır. Yerinə isə yeni ailə modeli qoyulmayıb. Ailə institutundakı belə qeyri-müəyyənlik boşanmaların çoxalmasına gətirib çıxarır. Belə bir məqamda isə Aliment Fondunun yaradılması psixoloji baxımdan boşanmaların qarşısını almayacaq. Bu addımın psixoloji olaraq ailələrdə problemin həll edilməsinə yardımçı olacağına inanmıram. Əksinə, boşanmaların sayının daha da artmasına gətirib çıxaracaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qanunvericiliyə əsasən, uşaq kimdə qalırsa, qarşı tərəf aliment ödəməlidir: “İşləmirəm deyə bəhanə gətirmək doğru deyil. Tutaq ki, boşanmamısan, ailən də yanındadır. Ailənə necə baxacaqdın? Yəqin ki, hansısa yolla çörəkpulu tapıb evə gətirəcəkdin. İndi də et. Uşağı saxlamaq hər iki valideynin borcudur”.
Günel CƏLİLOVA