AZ

Rusiya-İran strateji sazişində Azərbaycana qarşı olan məqamlar...

Image

Abutalıb Səmədov: "90-cı illərdə Rusiya Azərbaycanın ərazilərini işğal edəndə, onu hər hansı bir sənəd əsasında etmədi"

Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Mərasim Kremldəki danışıqlardan sonra baş tutub. Sənədə əsasən, Moskva ilə Tehran arasındakı münasibətlər yeni səviyyəyə çatacaq. Həmçinin müqavilə hər iki ölkənin strateji tərəfdaş statusunu təmin edir.

Eyni zamanda, saziş uzunmüddətli perspektivdə əməkdaşlığın gələcək inkişafı üçün hüquqi bazanı müəyyən edir.

İki ölkə rəsmilərinin sözlərinə görə, saziş müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla bütün sahələri əhatə edir.

Bu sazişdə Azərbaycanın mənafelərinə zidd nəsə varmı? Nə vaxtsa, hansı hallardasa bu saziş Azərbaycana ziyan vura bilərmi?

Baki-xeber.com saytına açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirdi ki, İranla Rusiya arasında bağlanmış strateji tərəfdaşlıq haqqında müqavilə uzun müddətdir hazırlanır: "Hətta hazırlıq problemi o qədər uzandı ki, bu arada Rusiya Şimali Koreya ilə oxşar sənədi imzaladı. Amma bu iki sənəd arasında bir mühüm fərq var. Rusiyanın Şimali Koreya ilə imzaladığı strateji tərəfdaşlıq müqaviləsinin 4-cü maddəsində qarşılıqlı hərbi yardım nəzərdə tutulub. Məhz həmin 4-cü maddə əsasında Simali Koreya Rusiya ərazisinə hücum etmiş Ukrayna ordusuna qarşı vuruşmaq üçün 10 mindən artıq əsgərini Kurska göndərib. İranla imzalanmış sənəddə belə bir müddəa nəzərdə tutulmayıb. Bu cür sənədlərdə adətən üçüncü ölkənin əleyhinə açıq şəkildə yazılmış müddəalar yer almır. Bu baxımdan sözügedən sənəddə də belə bir müddəa yoxdur. Baxmayaraq ki, mətbuat konfransında həm Rusiya, həm də İran kənar qüvvələrin bölgəyə müdaxiləsinin əleyhinə olduqlarını vurğuladılar. İran bu iddianı dilə gətirərkən, daha çöx, guya Azərbaycan ərazisində yerləşmiş "İsrail kəşfiyyat mərkəzini", Rusiya isə daha çox Ermənistanda yerləşən Avropa İttifaqı müşahidəçilərini nəzərdə tutur. Çox maraqlıdır ki, Azərbaycanda olmayan kəşfiyyat mərkəzini axtaran İran gözünün qabağında casusluq fəaliyyəti aparan Avropa İttifaqı müşahidə missiyası ilə bağlı heç bir kəskin bəyanatla çıxış etməyib. İran ABŞ-nin Ermənistanda mövcud olan və təqribən 2500 nəfərlik heyətlə çalışan səfirliyi barədə də bəyanatlar vermir. Yalnız Azərbaycanda "İsrail kəşfiyyatı mərkəzini" axtarır. Bu sənəddə Azərbaycanla bağlı daha çox Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətini gücləndirmək istəyi ifadə edilib. Məlum olduğu kimi, uzun müddətdir ki, Şimal-Cənub nəqliyyat dəhlizi tam gücü ilə işləmir. Səbəb də İranın Rəşt-Astara dəmir yolunu çəkib başa çatdıra bilməməsidir. Baxmayaraq ki, Azərbaycan güzəştli şərtlərlə 500 milyon dollar kredit ayırmışdı, Rusiya da hər cür kömək göstərməyə hazır olduğunü bildirir. Amma uzun müddətdir bu məsələ həll edilməmiş qalır.

Mətbuat konfransında o məsələ də qeyd edildi ki, Rəşt-Astara dəmir yolu çəkilib başa çatdırılmalıdır. Burada əsas işi görən Rusiyadır. Rusiya İran və Hindistanla onu birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin Azərbaycandan keçməsində maraqlıdır. İran isə əksinə, daha çox Ermənistan variantına üstünlük verir. Ancaq burada Rusiyanın mövqeyi daha həlledici gücə malikdir. 

Zəngəzur dəhluzi məsələsi də gündəliyə gəldi. Həm Rusiya, həm də İran uzun müddətdir bu məsələni müzakirə edir. Lakin hələlik ortaq məxrəcə gələ bilməyiblər və ya bunu açıq şəkildə bəyan etməyiblər. Məlumdur ki, SEPAH bir necə ay əvvəl çox kəskin bəyanat vermişdi. Təkcə Azərbaycanı deyil, həm də Rusiya və Türkiyəni müharibə ilə hədələmişdi: Zəngəzur dəhluzi Ermənistanın nəzarəti altında açılmalıdır - demişdi. Bu, İranın mövqeyidir. Baxmayaraq ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinə nəzarətin Rusiya sərhədçiləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulub və Rusiya da bunu tələb edir. Azərbaycan da eyni mövqedədir. Hesab edir ki, Zəngəzur dəhlizinə ən azı bir müddət Rusiya sərhədçilərinin nəzarət etməsi daha məqsədəuyğundur. Çunki tərəflər arasında müəyyən düşmənçilik var və bunun unudulması üçün zamana ehtiyac var. İran buna qəti şəkildə etiraz edir. Hələlik, bu məsələnin öz həllini tapdığı görünmür. Tərəflər hərəsi öz mövqeyində qalıb. Görünür, Rusiya da bu məsələdə Ukrayna müharibəsinin bitməsini gözləyir.

Rusiya və İran arasında imzalanmış strateji tərəfdaşlıq sənədinin Azərbaycana ziyan vurması ehtimalı çox azdır. Əgər gələcəkdə İran və yaxud Rusiya tərəfindən Azərbaycana qarşı müəyyən qəbuledilməz addımlar atılsa, bu hansısa sənəd əsasında atılmayacaq. Bu səbəbdən həmin tərəfdaşlıq sənədində buna bənzər nəyinsə yazılıb-yazılmamasının da elə bir əhəmiytəti yoxdur. Məsələn, 90-cı illərdə Rusiya Azərbaycanın ərazilərini işğal edəndə, onu hər hansı bir sənəd əsasında etmədi.

İran Ermənistana hər cür yardım göstərəndə də heç bir sənədə istinad etməyib. Bu səbəbdən də biz İranla Rusiya arasında imzalanan strateji tərəfdaşlıq haqqında müqaviləyə normal baxırıq. Ancaq eyni zamanda o da aydındır ki, biz qonşularımızın kim olduğunu unnutmamalıyıq. Bir tərəfdən müdafiə imkanlarımızı artırmalıyıq, digər tərəfdən özümüzü hər cür təhlükədən qorumaq üçün zəruri diplomatik addımlar atmalıyıq. Təbii ki, bu istiqamətdə ən mühüm addım Türkiyə ilə müttəfiqliyimizi inkişaf etdirməkdən, türk dövlətləri ilə əməkdaşlığımızı artırmaqdan ibarət ola bilər.

Dəniz NƏSİRLİ





Seçilən
9
50
baki-xeber.com

10Mənbələr