AZ

Azərbaycana qarşı kəmər tələsi? - Zəngəzur dəhlizinə dair ilginc iddia

Bu gün, 09:58

Rusiya qazının Azərbaycan üzərindən İrana ötürülməsi layihəsinin gətirə biləcəyi üstünlük və təhlükələr...

Rusiya və İran Azərbaycandan keçməklə İrana qaz kəmərinin nəqli haqda razılığa gəlib. Layihə tranzit ölkə kimi Azərbaycanın önəmini bir daha göstərməklə yanaşı, geosiyasi aspektdə də əhəmiyyətli sayılır. Ən azı ona görə ki, şimal və cənub qonşularımız ABŞ başda olmaqla kollektiv Qərbin sərt sanksiyaları altındadır və bu sanksiyaların yaxın zamanlarda götürüləcəyi gözlənilmir.
Anlaşma Ermənistanda qısqanclıq və kapitulyant ölkənin təcridinin növbəti sübutu kimi qiymətləndirilib. Çünki kəmər Ermənistan ərazisindən də keçə bilərdi. Hərçənd başqa yanaşmalar da var. Məsələn, erməni ekspert Stepan Danielyanın iddiasına görə, Azərbaycan ərazisindən Rusiya-İran kommunikasiyalarının qurulması o deməkdir ki, Azərbaycan Moskva və Tehranın nəzarətinə keçir. 
Bu barədə o, facebook səhifəsində yazıb.
“Yəni Azərbaycan bununla Rusiya və İran üçün milli maraqlar ərazisinə çevrilir və qaz ötürülməsi ilə bağlı mümkün fasilələr və ya hər hansı terror aktı zamanı Rusiya və ya İranın hərbi və antiterror strukturları Azərbaycana, bəzi hallarda isə Bakıdan icazə istəmədən əraziyə daxil ola bilər”, - Danielyan bildirib. 
Onun sözlərinə görə, bu səbəbdən Azərbaycan narahatdır və gələcəkdə özünü qorumaq üçün Türkiyə ilə birbaşa sərhədə - Zəngəzur dəhlizinə sahib olmaq istəyir.
Erməni politoloq həmçinin iddia edib ki, 2022-ci il fevralın 22-də imzalanmış Rusiya-Azərbaycan sazişində və həmin il iyunun 29-da imzalanmış Xəzəryanı ölkələrin kommünikesində bu xüsusda maraqlı maddələr var.
Qeyd edək ki, Rusiya-İran kəməri ilə bağlı rəsmi Bakı hələ ki, rəsmi şərh verməyib. Bəs Azərbaycanın bu kəmərdən dolayı hansısa əndişəsi ola bilərmi? Rusiya və İranın kəmərə qarşı terrorla mübarizə adı ilə Azərbaycana qüvvə göndərməsi, hətta Bakının iradəsi əleyhinə bunu etməsi, nə dərəcədə ağlabatandır?
Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı - GlobalInfo.az
Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Rusiya və İranın Azərbaycandan keçməklə qaz kəməri çəkməsi şübhəsiz bizim üçün mühüm hadisədir. Bu, həm tranzit ölkə kimi Azərbaycana əlavə gəlirlər gətirəcək, həm də Azərbaycanın əhəmiyyətini bir az da artıracaq. Rusiya qazına sanksiya qoyulmayıb, sadəcə olaraq Avropa Birliyi Rusiya qazından imtina etmək xətti götürüb və 2027-ci ilə qədər bütünlüklə Rusiya qazından imtina etmək niyyətindədir. Ancaq hələ də Avropanın qazla təminatında Rusiyanın kifayət qədər iştirakı var. Əgər əvvəl 155 milyard kubmetr qaz verirdisə, indi Rusiya Avropaya təxminən 50 milyard kubmetrdən artıq qaz satır. Bunun da əsas hissəsi maye qazdır. Erməni ekspertin bu sərsəm iddiasına gəldikdə isə demək lazımdır ki, bu, reallıqdan tamamilə uzaq bir iddiadır: “Azərbaycan qaz kəmərinin çəkilməsi ilə Moskva və Tehranın nəzarətinə keçmir və heç vaxt keçməyəcək. Azərbaycan kifayət qədər müstəqil və çoxvektorlu siyasət yürütməyə çalışır. Burada bizim əsas müttəfiqimiz təbiidir ki, Türkiyədir. Türkiyənin bölgəmizdə nüfuzunun artması üçün Azərbaycan əlindən gələni edir və bundan sonra da edəcək. Rusiyanın nə vaxtsa kəmərin təhlükəsizliyini təmin etmək bəhanəsi ilə Azərbaycanın ərazisinə qüvvə yeritməsi məsələsinə gəldikdə, açıq şəkildə etiraf etməliyik, dünyada bir neçə zorba var ki, bunların hansısa ölkəyə qoşun yeritməsi üçün qaz kəmərinə ehtiyac yoxdur. Başqa bir bəhanə tapıb ölkənin ərazisinə girə və işğal eləyə bilərlər. Rusiyanın Ukraynaya hücumu müxtəlif bəhanələrlə əsaslandırıldı. Ancaq Ukraynadan keçən qaz kəmərinin təhlükəsizliyini təmin etmək bunların arasında yox idi. Çox təəssüf ki, ABŞ da son günlər buna bənzər yol tutub və müxtəlif bəhanələrlə digər dövlətlərə ərazi iddiaları irəli sürməkdədir. Biz həmişə ümid edirdik ki, kiçik dövlətlərin ərazilərinin işğal olunmasının qarşısının alınmasında əsas qüvvə ABŞ və onun ətrafında birləşən müttəfiqləridir. İndi ABŞ-ın özü digər dövlətlərə ərazi iddiaları irəli sürürsə, bu, vəziyyətin nə qədər ağır və təhlükəli olduğunun göstəricisidir. Azərbaycandan keçməklə Rusiyadan İrana qaz kəmərinin çəkilməsi bizim üçün heç bir təhlükə törətmir. Bunu heç kimi gələcəkdə bəhanə eləyib Azərbaycan ərazisinə qüvvə yeridə bilməz. Çünki Azərbaycanın yanında Türkiyə kimi müttəfiqi var. Biz bu birliyi qoruya bilməsək və Türkiyə nə vaxtsa 1990-cı illərdə tutulan mövqeyə qayıtsa təbiidir ki, Rusiyanın və ya başqa bir dövlətin Azərbaycan ərazisinə qüvvə yeritmək üçün başqa ”bəhanəsi" ola bilər. Hətta bəhanəsiz də belə bir addım atıla bilər. Ancaq bu, hesab edirəm ki, çox aşağı olan ehtimaldır. Belə bir hadisənin baş verməməsi üçün Azərbaycan özünü hərbi gücünü davamlı artırır, Türkiyə ilə münasibətlərini daha da yaxınlaşdırır. Eyni zamanda Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində də zəruri addımlar atılır".
Aydın Quliyev: “Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb”
 Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev isə bildirdi ki, Azərbaycanın İran və Rusiyanın enerji sistemlərini birləşdirəcəyi böyük strateji layihənin üzərində iş gedir. Həm qaz kəməri layihəsi, həm elektrik enerjisi sahəsində birgə layihələr strateji xarakter daşıyır. Rusiyanın və İranın ABŞ sanksiyaları altında olması təbii ki, Azərbaycan üçün bu strateji əməkdaşlıqların yolunun çox rəvan olacağını söyləmək üçün bir qədər ehtiyatlı olmağı tələb edir: “Donald Tramp hakimiyyətə gələndə açıq şəkildə bildirdi ki, İranla əməkdaşlıq eləyən ölkələr Amerika ilə əməkdaşlıq imkanlarını itirdiklərini bilməlidirlər. Bu sözü açıq şəkildə bəyan etdi. Belə bir şəraitdə Rusiyanın Azərbaycan üzərindən qazı İrana və İran vasitəsilə başqa ölkələrə ötürmək layihəsi müəyyən qədər ABŞ-ın xoşuna gəlməyə bilər. Yəni təhlükə buradan qaynaqlana bilər. Əgər Tramp həmin bəyanatı verəndə burada qaz məsələsində də İranla əməkdaşlığı nəzərdə tuturdusa aydın məsələdir ki, bunun üzərində Azərbaycanla müəyyən anlaşılmamazlıqlar yaranması istisna deyil. Ona görə də hələlik layihə şəklində olan məsələnin Azərbaycana hansı üstünlükləri və ziyanları gətirə biləcəyi ilə bağlı yəqin ölkəmizin müvafiq orqanları ciddi təhlil aparırlar. Amerikanın xüsusilə İranla bağlı siyasətinin bütün konturlarının hələ tam aydın olmadığı bir şəraitdə fikrimcə hələlik risk eləməyə dəyməz. Düzdür, Rusiya Azərbaycanın strateji müttəfiqidir, İran qonşu dövlətdir, ancaq bugünkü kəskin reallıqların təsirini nəzərə almaq və buna uyğun addım atmaq lazımdır. Bir sözlə Rusiyanın İrana qaz kəmərinin Azərbaycan ərazisindən çəkilməsi layihəsi strateji layihə olaraq Azərbaycanı ciddi şəkildə düşünməyə və bundan sonra yekun qərar verməyə vadar edir”.
O ki qaldı Rusiyanın və ya İranın kəmərin təhlükəsizliyini qorumaq adı altında Azərbaycan ərazisinə qüvvə yeridə biləcəyi barədə iddialara, A.Quliyevin fikrincə, bu cür iddialar hələllik hipotetik xarakter daşıyır: “Ancaq hətta həmin kəmər reallaşandan sonra da belə, qayda bu cürdür - kəmərin təhlükəsizliyinə ərazisindən keçən ölkə təminat verir. Azərbaycan da təhlükəsizliyi təmin etmək üçün kifayət qədər imkanlara malik olan ölkə olduğu üçün bu kəmərin çəkilməsinə razılıq verəcəksə, təbii ki, onun təhlükəsizliyinə də qarantiya verəcək. Buna görə də hətta kəmər çəkiləcəksə, İranın və Rusiyanın kəməri qorumaq üçün qüvvə göndərməsi praktik şəkildə mümkünsüzdür. Bu müdaxilənin heç bir hüquqi əsasını tapmaq olmaz”.
Seçilən
12
36
Reportyor.tv

10Mənbələr