Xartiyada nəzərə tutulduğunun əksinə olaraq, bu sənədin imzalanması Ermənistanın enerji təhlükəsizliyinə zərbə vurur
Məlum olduğu kimi, yanvar ayının 14-də ABŞ ilə Ermənistan arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalanıb. Xartiyada ABŞ-ın Ermənistana hərtərəfli dəstək və yardımı nəzərdə tutulub.
Sənədin II bölməsində bildirilir ki, iqtisadi artım və inkişafda ticarətin və investisiyaların artırılmasının vacibliyini dərk edərək, Ermənistan və ABŞ ikitərəfli ticarət və investisiyaların artırılması üçün strateji imkanları araşdırmaq niyyətindədir.
Həyata davamlı, dayanıqlı, təhlükəsiz, bazar yönümlü enerji sektorunun əhəmiyyətini nəzərə alaraq, Ermənistan və ABŞ Ermənistanın enerji istehsalı və təchizatını diversifikasiya etmək və artırmaq imkanlarını araşdırmaq niyyətindədir: "Buraya ən yüksək nüvə təhlükəsizliyi və silahların yayılmaması standartlarına uyğun mülki nüvə enerjisi proqramının hazırlanması, enerji təhlükəsizliyi və səmərəliliyinin təmin edilməsi istiqamətində səylər, o cümlədən Ermənistanın enerji balansında bərpa olunan enerji mənbələrinin payının əhəmiyyətli dərəcədə artırılması, Ermənistanın regional və Avropa bazarları ilə əlaqəsinə yönəlmiş tədbirlər daxildir".
Xartiyanın bu hissəsində maraqlı məsələlərdən biri ABŞ-Ermənistan xarici ticarət əlaqələrinin gücləndirilməsidir. Amerikadan Ermənistana və ya əks istiqamətə hansı malın idxal-ixracını təşkil etmək olar ki, bu hər iki tərəf üçün iqtisadi baxımdan səmərəli olsun? Bu istiqamətdə düşündükdə ağıla iki məhsul gəlir - qiymətli əlvan metallar və daşqaş, bir də nou-hau... Məlum olduğu kimi, Ermənistanın çox böyük qızıl və briliyant ixrac etmək potensialı var. Lakin bu məhsullar Ermənistanda hasil edilmir, Rusiyadan idxal edilir. Onda belə anlaşıla bilər ki, ABŞ Ermənistandan rus qızılı və qara brilyantı idxal etmək istəyir?
Amerikadan isə Ermənistana intellekt (nou-hau) ixracı tam mümkündür.
Hazırda rus qızılı və qara almazını Ermənistan Azvropaya və Yaxın Şərqə ixrac edir. Deməli, Amerika bu məsələdə Avropa ilə rəqabət aparmaq istəyir? Amma məsələnin başqa bir tərəfi də var ki, Vaşinqtonun İrəvana bu səviyyədə yaxınlaşması Rusiya və İran ilə Ermənistan arasına ixtilaf salacaq, nəticədə Tehran və Moskva bu ölkə ilə ticarət əlaqələrini dayandıracaq. Bunu Vaşinqtonda da anlamamış deyillər. Deməli, məqsəd ticarət məsələsi deyil, ticarət ziyarəti pərdələmək üçün bir vasitədir. Burada ABŞ-ın əsas məqsədi Cənubi Qafqaza gəlmək və burada möhkəmlənməkdur. Ermənistan isə Ağ Evin bu maraqlarından istifadə edərək öz təhlükəsiziliyini təmin etmək istəyir.
O ki qaldı Ermənistanın enerji təhlükəsizliyinin təminatına, bu məsələ Amerika regiona gəlməsə daha asanlıqla həll edilə bilərdi. Çünki Ermənistan elə bir regionda yerləşir ki, bu məkan enerji resursları ilə kifayət qədər zəngindir. Belə ki, Cənubi Qafqazda Azərbaycan kimi enerji resursları ilə zangin bir ölkə var ki, Avopanın enerji təhlükəsizilyinin təminatında 4-ci yeri tutur. Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlayaraq normal qonşuluq münasibəti qursa, öz enerji təhlükəsizliyini təmin edə bilər. Hazırda Ermənistanı enerji daşıyıcıları ilə əsasən İran və Rusiya təmin edir. ABŞ-ın regiona gəlişi bu dövlətləri də Ermənistandan incik salacaq və onlar rəsmi İrəvana enerji daşıyıcıları ixracını dayandıracaq. Nəticədə, xartiyada nəzərə tutulduğunun əksinə olaraq, bu sənədin imzalanması və icrası Ermənistanın enerji təhlükəsizliyinə zərbə vurur.
ABŞ bu istiqamətdə hansı tədbirlər görə bilər?
Birincisi, Xartiyada da nəzərdə tutulduğu kimi, Vaşinqton Ermənistanda Metsamor AES-i təmir edə bilər və ya yeni AES tikə bilər. Bəlli olduğu kimi, Metsamor AES-in hazırda yalnız bir bloku işləyir ki, onun da uzadılmış istismar müddəti 2026-cı ildə başa çatır. İşləyən blokun istismar müddətinin 5 il uzadılmasi üçün 1 milyard dollar, ikinci blokun işə salınması üçün isə 3 milyard dollar investisiyaya ehtiyac var. Metsamor AES tam gücü ilə işləşə ölkənin enerji daşıyıçılarına tələbatının 10%-ini təmin edə bilər.
Digər tərəfdən, Ermənistanın zəngin su enerjisi potensialı var, onun yalnız 30 faizindən istifadə edilir. Qalan 70% potensialdan istifadə üçün əlavə 6 milyard dollar investisiyaya ehtiyac var. Bu potensial reallaşsa SES-lər ölkənin elektrik enerjisinə olan tələbatın 50%-ini, ümumi enerji dalşıyıcılarına olan tələbatın 30%-ni ödəyə bilər.
Ermənistanın üçüncü boyük enerji potensialı günəş enerjisidir ki, bu mənbə üzrə ölkə tələbatının 30%-i qədər elektrik enerjisi almaq üçün əlavə 2 milyard dollar investisiyaya ehtiyac var.
Yekun nəticə olaraq qeyd etmək gərəkir ki, ABŞ Ermənistana gəlməklə onu enerji daşıyıcıları idxalından məhrum edəcək. Əvəzində ən azı Ermənistana 15 milyard dollar vəsait lazımdır ki, müstəqil olaraq daxili imkanlar hesabına enerji daşıyıcılarına olan minimum tələbatını ödəyə bilsin. Halbuki, Ermənistanın builki dövlət büdcəsi 7,8 milyard ABŞ dolları təşkil edir. Hətta ABŞ 1 il ərzində ölkəyə bu qədər investisiya qoymaq imkanına malik olsa belə, bu qədər maliyyə vəsaitinin Ermənistan iqtisadiyyatına qısa müddətdə qoyulması ciddi problemlərə gətirib çıxara bilər.
İkincisi isə, bu, Vaşinqton üçün də səmərəsiz xərc hesab ediləcək. Yəni ABŞ-ın Ermənistana gəlişi çox ciddi iqtisadi və siyasi problemlərə səbəb olacaq. Çünki bu hadisə bölgənin dörd dövlətinin - Rusiya, İran, Gürcüstan və Azərbaycanın geosiyasi maraqlarına uyğun gəlmir.
Akif NƏSİRLİ