Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətlər və beynəlxalq təşkilatlarla ikitətəfli, bərabərhüquqlu əməkdaşlığa üstünlük verir. Ölkənin xarici siyasətinin əsas prioritetini təşkil edən bu prinsip region dövlətlərlə də münasibətdə əsas amil kimi qəbul edilir. Üstəlik Azərbaycan regionda ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verir. Bu əlaqələrin möhkəmləndirilməsi məqsədilə region dövlətlərlə çoxsaylı sənədlər imzalanıb, yeni əməkdaşlıq platformaları təklif edilib. Region dövlətlərdən olan Rusiya ilə də ölkəmizin əlaqələri kifayət qədər normal hesab edilə bilər. Rusiya Federasiyası ilə Azərbaycan arasında çoxformatlı əməkdaşlıq sənədi imzalanıb, hazırda siyasi, iqtisadi, hərbi və humanitar sahədə əlaqələr qənaətbəxşdir.
Məlumat üçün qeyd edək ki, müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub və ölkəmiz bu əməkdaşlığa böyük önəm verir. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ildə imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə" qarşılıqlı münasibətlərin yeni mərhələsini təşkil edib. Məhz bu sənədlə Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycanın tarixi qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında Rusiya xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" iki ölkə arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətləri müttəfiqlik səviyyəsinə qaldırıb.
Sirr deyil ki, Azərbaycan bütün tərəfdaşları ilə münasibətlərdə qarşılıqlı öhdəliklərinə sadiq olduğunu dəfələrlə təsdiqləyib. Bu mövqe Rusiya ilə münasibətdə də özünü büruzə verib və Azərbaycan etibarlı tərəfdaş olduğunu əməli ilə sübut edib. Lakin "Azərbaycan Hava Yolları"nın təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğradıqdan sonra Rusiya tərəfinin nümayiş etdirdiyi mövqe heç də etibarlı strateji tərəfdaş mövqeyinə uyğun gəlmir. Avioqəza Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində baş verib, nəticədə təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Rusiya tərəfinin ilk andan avioqəza ilə bağlı sərgilədiyi mövqe haqlı olaraq ölkə ictimaiyyətində qıcıq yaradıb. Məsələ orasındadır ki, Rusiya tərəfi bütün cəhdlə çalışır ki, avioqəza ilə bağlı bütün məsuliyyətdən yayınsın.
Ancaq Prezident İlham Əliyev qəzaya uğramış təyyarənin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə dövlətin mövqeyini açıq-aydın şəkildə ortaya qoydu: ""Qara qutu"ların açılması prosesi başlanmışdır. Bizim təkidimizlə bu proses Braziliyada həyata keçirilir. Mən dekabrın 29-da televiziyaya müsahibəmdə demişdim ki, biz bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin "qara qutu"ları açmasına qəti etiraz etmişdik. Çünki burada obyektivlik sual altına düşə bilərdi. Burada hüquqi dillə desək, maraqlar toqquşması ola bilərdi. Ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada "qara qutu"ların təhlilinə başlanılmışdır və yəqin ki, yaxın gələcəkdə bu barədə də məlumat veriləcək. Təbii ki, bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq. Gün kimi aydın olan məsələlər ondan ibarətdir ki, təyyarə radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki, məlumat yoxdur. Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər. Bu barədə hələ ki, bizdə məlumat yoxdur. Təbii ki, "qara qutu"lar açılandan sonra bütün bu məlumatlar olacaq".
Artıq AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"ları Braziliyadan Qazaxıstana gətirilib və rəy vermək üçün səlahiyyətli komissiyaya təhvil verilib. Məhz bundan sonra Rusiyanın hakimiyyət dairələri ilə işləyən bəzi simasızların, medianın Azərbaycanın, xalqımızın ünvanına təhqir yağdırmasına start verilib. Sirr deyil ki, bu düşüncədə olan şəxslər bəlli dairələrin nəzarətindədir və Azərbaycan xalqını onların dili ilə təhqir edirlər. Güman ki, bu prosesi idarə edən də əli hər yerə çatan Federal Təhlükəsizlik Xidmətidir.
Gah Azərbaycanı neonasistlərin dili ilə hədələyir, gah da "Komsomolskaya pravda"da bir sifarişli mirzənin vasitəsilə uydurmalar qoşur, özlərini daha da gülüş vəziyyətə qoyurlar.
Görünür, Rusiya özünə dost yox, düşmən axtarır və azsaylı dostlarını da itirməyi hədəfləyib. Hətta Azərbaycanın sərnişin təyyarəsi Rusiya səmalarında vurulduqdan, onlarla sərnişin həlak olduqdan sonra belə Azərbaycan tərəfindən Rusiyanın ünvanına təhqir, hədə, səslənmədi. İnsanlar haqlı şəkildə nə baş verdiyini sual etdilər. Azərbaycan Prezidenti mediaya müsahibə verərək bu işdə məsuliyyətin, ədalətli istintaqın, günahkarların cəzalandırılmasının və zərər çəkənlərə kompensasiya ödənilməsinin vacibliyini diqqətə çatdırdı.
Amma indi Rusiyada pilotların danışıqlarını yayaraq yenidən izi azdırmağa, məsələni əsas mətləbdən yayındırmağa çalışdırları bəs deyil, hələ Azərbaycanı günahkar da çıxarmağa çalışırlar. Rusiya dost və qonşu dövlət kimi davranmaq, suallara cavab vermək, məsələni obyektiv araçşdırmaq və üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, oyun oynamağa üstünlük verir. Məsələnin mahiyyəti Azərbaycan təyyarəsi vurulduqdan və idarəetməni itirdikdən sonra hansı hava limanına enmə qərarının kim tərəfindən qəbul edilməsi deyil, təyyarənin vurulmasıdır. Söyüş, təhqir söz bitən yerdə başlayır və kimsə Rusiyadan belə ucuz davranış gözləmirdi. Boş və mənasız versiyalar ortaya atmaq, fikri başqa səmtə yönəltməkdənsə elə pilotların danışıqlarında 2 oturacağın partlamasının hansı səbəbdən baş verdiyi araşdırılardı. Təyyarənin füzelyajında, sərnişinin bədənində aşkar olunmuş "Pansır" havadan müdafiə sisteminin qəlpələrinə izahat veriləydi. Azərbaycan etik məsələlərə dəyər verir, Azərbaycan mediası, ekspertləri, sosial media istifadəçiləri əndazəni aşmayıblar və təhqirə yol verməyiblər. Buna görə də Rusiyadan gələn iyrənc sovet təbliğatı, ucuz şoular heç cür qəbul oluna bilməz. Azərbaycan ictimaiyyəti Rusiya tərəfinin məsuliyyətli davranmasını, məsələ ilə bağlı ədalətli istintaq həyata keçirilməsini, cinayətkarların cəzalandırılmasını və kompensasiyaların ödənilməsini gözləyir.
Alim