AZ

Şöbə müdiri: İqlim dəyişmələrinin törətdiyi qlobal istiləşmə bəşəriyyəti narahat edən ən ciddi problemlərdən biridir

Bakı, 22 yanvar, AZƏRTAC

Proqnozlara əsasən, 2050-ci ilədək dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Bu da urbanizasiyanın ətraf mühitə mənfi təsirlərini azaltmaq məsələsini aktuallaşdırır. Odur ki, şəhərdə əhalinin sağlamlığının qorunması, məşğulluğun təminatı, yaşıl məkanların sahəsinin artırılması, tullantıların idarə olunması kimi prioritet hədəflər müəyyən etməyin vaxtıdır. Bu hədəflərin reallaşması üçün ekoloji təhsil və tərbiyəyə, habelə bu sahə üzrə kadrların hazırlanmasına ehtiyac var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev yanvarın 22-də TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı səsləndirib.

A.Vəliyev qeyd edib ki, bu gün iqlim dəyişmələri və onun yaratdığı fəsadlar dünyanın ən ağrılı problemidir: “Bu fəsadların böyük qismi də antropogen təsirlərlə əlaqədardır. İqlim dəyişmələri, sürətli əhali artımı, təbiətə atılan sənaye tullantıları, plastik məmulatlar, qeyri-sağlam urbanizasiya və s. kimi amillər havanın, suyun və torpağın çirklənməsinə səbəb olur ki, bu da öz növbəsində dünyanın təbii tarazlığının pozulmasına və sağlamlığa ciddi təsir edir. Bu baxımdan iqlim dəyişmələrinin törətdiyi qlobal istiləşmə müasir dövrdə bəşəriyyəti narahat edən ən ciddi problemlərdən biridir”.

O bildirib ki, hazırda istiləşmə dərəcəsini 2 dərəcənin altında, ən yaxşı halda isə 1,5 selsi dərəcəsində saxlamaq üçün bütün səylərimizi səfərbər etmək tələb olunur: “Təqribən iki ay bundan əvvəl, konkret desək, 2024-cü ilin noyabr ayında Bakıda yüksək səviyyədə keçirilən BMT-nin ən iri miqyaslı beynəlxalq tədbirlərindən sayılan COP29-un əsas müzakirə predmeti də məhz bu məsələ idi. İqlim dəyişmələri dünyada bir çox məsələlərə, o cümlədən də əhalinin sağlamlığına və ərzaq çatışmazlığına bilavasitə təsir göstərir. Ədalət naminə deyək ki, sağlamlığa və ətraf mühitə zərər vuran bu amillərin idarə olunması, zərərin minimuma endirilməsi üçün ümumbəşəri səviyyədə tədbirlər görülür. Bu xüsusda Prezidentin bilavasitə rəhbərliyi ilə dövlət və hökumət, eləcə də parlament səviyyəsində əhəmiyyətlilik və faydalılıq əmsalı yüksək olan bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edilir”.

“Məhz TÜRKPA çərçivəsində tərəfimizdən bu məqsədlə hazırlanmış və yaxın günlərdə müvafiq komissiyanın iclasında müzakirə olunacaq “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” model qanun layihəsi də üzv dövlətlərin əhalisinin, xüsusən də böyüyən nəslin ekoloji təhsil və maarifləndirmə üzrə fəaliyyətinə öz töhfəsini verəcək”, - deyə Adil Vəliyev əlavə edib.

Seçilən
9
23
azertag.az

10Mənbələr