Tbilisi, 23 yanvar, AZƏRTAC
Gürcüstan Parlamentinin Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsində “İqlim Dəyişikliyi haqqında” qanun layihəsi hazırlanıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 23-də layihə ilə bağlı ilk işçi iclası keçirilib. Bildirilib ki, komitə “yaşıl və ağ sənədlər” əsasında qanun layihəsinin ilkin variantını hazırlayıb.
Komitənin sədri Maya Bitadze iqlim dəyişikliyi ilə bağlı məsələlərin vahid qanunvericilik aktında cəmləşdirilməsinin zəruriliyini vurğulayıb. O, qeyd edib ki, iqlim qanunu Gürcüstanın iqlim dəyişikliyi ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün siyasi sənədlərin işlənib hazırlanması və təsdiqlənməsi qaydalarını tam əhatə etməlidir.
"İqlim dəyişikliyi ilə bağlı qanun layihəsinin qəbulu ölkənin həm Assosiasiya Sazişi, həm də Enerji Birliyi Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin təməl daşlarından biridir. Parlament Gürcüstan İqlim Qanununun hazırlanmasında aparıcı rol oynayır və bu prosesə milli səviyyədə rəhbərlik edir” – deyə, komitə sədri vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi