Donald Trampın dediyi kimi, Putin onun şərtləri ilə razılaşmasa, o, daha təsirli təzyiq vasitələrindən istifadə edəcək"
Məlum olduğu kimi, Amerikanın yeni prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə münasibəti hələ seçki kampaniyası dönəmindən bəlli idi. Tramp bu müharibəni nəyin bahasına olursa-olsun dayandıracağına söz vermişdi.
Hətta prezident səlahiyyətinin icrasına başladığı ilk gündə Ağ Evdə jurnalistlər ona xatırlatdı ki, səlahiyyətinizin başladığı ilk gündə müharibəni dayandıracağınızı vəd etmişdiniz. O isə yumor dolu bir gülüşlə cavab verdi ki, qarşıda hələ yarım gün var.
Ağ Evə qayıdan Donald Tramp yaxın vaxtlarda Rusiya prezidenti ilə görüşməyi planlaşdırdığını bildirib. O, həmçinin bildirib ki, Vladimir Putin Ukraynada müharibəni dayandırmaq üçün razılığa gəlmək istəməməklə “Rusiyanı məhv edir”. ABŞ dövlət katibi Marko Rubio da öz növbəsində xəbərdarlıq edib ki, Vaşinqton münaqişənin sona çatması üçün vaxt çərçivəsi təyin edə bilməz.
O, müqavilə bağlamalıdır - deyə, Ağ Evin Oval kabinetində jurnalistlərə danışan ABŞ prezidenti, "Məncə, o, sövdələşməyə getməyərək Rusiyanı məhv edir", deyə vurğulayıb: “Düşünürəm ki, Rusiyanın böyük problemləri olacaq”.
"Putin o qədər də özündənrazı ol bilməz ki, guya onlarda hər şey yaxşıdır", - Tramp deyib: "İnsanlar müharibənin bir həftəyə bitəcəyini düşünürdülər, amma indi üç ildir ki, müharibə davam edir."
Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski müharibəyə son qoymaq üçün saziş bağlamağa hazırdır. Lakin hələ ki, Volodimir Zelenskidən Trampın bu açıqlamasına münasibət yoxdur.
Maraqlıdır, Trampın bu ritorikasının arxasında nələr dayanır? O doğrudanmı Rusiyaya əlavə təzyiq vasitələrindən istifadə edə bilər, belə bir təzyiq vasitəsi varmı? Yoxsa Tramp sadəcə olaraq, poker oynundakı kimi, Putini əlində olmayan "tuz kozır"la qorxutmağa çalışır?
Bəli, doğrudan da ABŞ-ın əlində kifayət qədər daha təsirli vasitələr var. İndiyə qədər Bayden administrasiyası Amerikanın əlindəki ən zəif təsir vasitələrindən, özü də səmərəsiz şəkildə istifadə edirdi. Bunlar sanksiyalar və Ukraynanın silahlandırılmasından ibarət idi. Lakin hər iki istiqamətdə iş çox səmərəsiz qurulmuşdu. Gah Ukraynaya vəd edilən silahlar vaxtında çatdırılmırdı, gah Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verilmirdi, gah da sanksiya qoyulmuş məhsullar dolayı yollarla Rusiyaya satılırdı.
Məsələn, balaca bir Qafqaz ölkəsi olan Ermənistan ölən il Rusiyaya Avropa və Amerikada istehsal edilmiş 5 milyard dollar dəyərində çiplər və raket istehsalında istifadə edilən digər elektron mikrosxemlər satıb. Hansı ki, bu məhsullara sanksiya qoyulub. Bu yalnız Rusiyaya idxalı qadağan edilən kiçik həcmli yük porsiyasıdır. Yəni Bayden administrasiyası, demək olar ki, silah mafisadının əlinə işləyirdi - müharibə uzanır, gec-tez silahlar çatdırılır və istifadə edilir, yeni silah istehsalına ehtiyac yaranır.
Tramp administrasiyası isə çox cəsarətli addımlar atmaq niyyətindədir.
Tramp hələ seçki təbliğatı dönəmində bəyan etmişdi ki, Zelenski sülhə razı olmasa ona təzyiq edəcəm ki, silah tədarükünü dayandıracam. Yox, əgər Putin razı olmasa, ona təzyiq edəcəm ki, Ükraynanı daha müasir silahlarla silahlandırıb Rusiyanın məğlubiyyətinə nail olacam. Artiq ilk gündən başlayan siyasətin konturları məhz bu üsulun işlədiyinə işarə verir. Zelenskinin hansı şərtlə razılaşdığı aydın olmasa da, Trampın sözlərinə görə, artıq o razılaşıb. İndi problem yalnız Putinlə çözülməlidir. Artıq Tramp adminstrasiyası Putinlə telefon danışıqlarına hazırlaşır. Bu günlərdə həmin telefon danışıqları baş tutacaq. Donald Trampın dediyi kimi, Putin onun şərtləri ilə razılaşmasa, o təzyiq vasitələrindən istifadə edəcək. Bu vasitələrdən biri sanksiyalara ciddi şəkildə əməl edilməsi üzərində nizam-intizamın yaradılması olacaq. Sanksiya tətbiq edilən malların Rusiyaya idxalı və Rusiyadan ixracı birmənalı olaraq dayandırılacaq. Bu, Rusiyanın silah istehsalını ciddi şəkildə əngəlləyəcək, cəbhədəki silah tədarükündə ciddi problemlər yaradacaq.
Digər tərəfdən, Amerika Rusiyaya silah satan ölkələrə təzyiq edərək onları seçim qarşısında qoyacaq. Bu yolla da Rusiya silah aldığı partinyor dövlətlərin bir neçəsi ilə vidalaşacaq.
Bununla yanaşı, vəd edildiyi kimi Ukraynaya daha müasir silahlar veriləcək ki, bu da cəbhədə onun üstünlüyünə səbəb olacaq.
Eyni zamanda, Amerika Avropaya maye qaz və neft ixracını bir neçə dəfə artıra bilər. Tramp bir tərəfdən Avropanı Amerika qazı və nefti ilə təmin edəcək, digər tərəfdən dünya bazarına çıxarılan əlavə "qara qızıl"ın qiymətini yarıbayarı azalda bilər.
Fikrimizcə, Teamp Amerikanın bütün rezervlərini açaraq dünya bazarında neftin qiymətini 35-40 dollara qədər ucuzlaşdira bilər. Amerika bunu bir neçə dəfə bacarıb. Bu halda Rusiya neft satışından mənfəət əldə edə bilməyəcək, neft maya dəyərinə satılacaq. Belədə isə Rusiyaya hər gün cəbhədə xərcləmək üçün 1 milyard dollar maliyyə vəsaiti lazımdır. Bu çatışmayanda, əlbəttə, ciddi problemlər yaranacaq, digər dövlət öhdəliklərinin yerinə yetrilməsində gecikmələr, müddətsiz dayanmalar olacaq və sonda bu, sosial partlayışa gətirib çıxaracaq.
Beləliklə, tükəndirici sonsuz müharibə Rusiyanı dağıda bilər. Tramp məhz bunu nəzərdə tutaraq deyir ki, Putin Rusiyanı dağıtmaq istəyir.
Akif NƏSİRLİ