AZ

Tramp ABŞ-Ermənistan strateji sazişini ləğv edə bilər...

Image

Məlum olduğu kimi, yanvarın 14-də Vaşinqtonda, ABŞ Dövlət Departamentinin binasında Ermənistanla Amerika araslnda strateji tərəfdaşlıq sazişi imzalanıb. Amma Bayden administrasiyasının gethagetdə İrəvanla strateji əməkdaşlıq sənədini  imzalaması yeni prezident Donald Tramp iqtidarı tərəfindən rədd oluna bilər. 

Ermənistanda fəaliyyət göstərən “Regional Demokratiya və Təhlükəsizlik” Mərkəzinin prezidenti Tiqran Qriqoryan da bildirir ki, ABŞ-ın yeni prezidenti Donald Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasəti fərqli olacaq. Politoloq regionun yeni administrasiya üçün əhəmiyyətinin azala biləcəyini istisna etmir və bundan da ən çox zərər görən məhz ermənistan olacaq: “Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ABŞ-ın prosesdə fəal iştirakı müəyyən qədər çəkindirici rol oynadı, indi bu iştirakın daha az olacağı təhlükəsi var. Bu, Qafqaza da aiddir”. Politoloqun fikrincə, Vaşinqtonun regionda mövcudluğunun azalması Azərbaycan üçün əlavə manevr imkanları yaradır. Qriqoryanın fikrincə, Vaşinqtonun Tehrana qarşı daha sərt siyasət yürütməsi Ermənistan üçün riskli olacaq. Politoloq bildirib ki, Bakı da bundan istifadə edə bilər.Trampın inauqurasiyasına düz bir həftə qalmış imzalanan Ermənistan-ABŞ strateji əməkdaşlıq sənədinə gəlincə, Qriqoryan bildirib ki, bu razılaşma arxivə atıla bilər: "İndiki mərhələdə dəqiq proqnoz vermək çətindir, lakin ehtimal var ki, əvvəlki administrasiyanın həvəsi bu administrasiya məsələsində olmayacaq. Sənədin icrası  baxımından ciddi problem olacaq. Orada nəzərdə tutulanları ABŞ-ın yeni hakimiyyəti yəqin ki, icra etməyəcək”. Ermənistan Respublikaçılar Partiyasının icra orqanının üzvü Artak Zakaryan da Donald Trampın strateji əməkdaşlıq sənədinə əhəmiyyət verməyəcəyini proqnozlaşdırır. O bildirib ki, Ermənistan-ABŞ strateji əməkdaşlıq sənədində erməni marağının nədən ibarət olduğu aydın deyil: “Nikol hökuməti üçün yalanın üç səviyyəsi var. Operativ yalanlar: bunlar müxtəlif mövzularda aktual “krutit”lərdir. Bu yalanların məqsədi qısa müddətli aldatmalarla xalqı asanlıqla inandırmaq və qaldırılan məsələlər haqqında çox düşünməməkdir. Yalanların növbəti səviyyəsi taktiki səviyyədir. Taktiki yalanların məqsədi cəmiyyəti uzunmüddətli gözlənti vəziyyətinə salmaq və hakimiyyəti saxlamaq naminə onların emosional, mənəvi, ictimai dəstəyini almaqdır. Strateji yalan deyilən yüksək səviyyəli yalan da var. Əgər operativ və taktiki yalanlar daxili auditoriya üçündürsə və xalqı daim aldatmaq problemini həll edirsə, strateji yalanlar Ermənistana ciddi ziyan vurub və vuracaq. Bu mənada Ermənistanla Amerika araslnda strateji tərəfdaşlıq sazişi də hakimiyyət üçün piar aparmağa lazım oldu. Amma Donald Tramp üçün o sənəd əhəmiyyətsizdir”. Regional məsələlər üzrə erməni ekspert, şərqşünas Armen Petrosyan da məsələyə eyni prizmadan yanaşır: “Müxalifət dairələrinin sənədi tənqid etməsini və hakimiyyətin şişirtməsini təbii hesab edirəm”. Onun sözlərinə görə, bu, müstəqillik dövründə Ermənistan-ABŞ münasibətlərində müstəsna əməkdaşlığın əlamətdar mərhələsidir. Bu əməkdaşlıq imkanının dəyəri, əhəmiyyəti və problemləri ilə bağlı suallara cavab olaraq, Petrosyan ilk olaraq hələ 2009-cu ildə belə bir sənəd imzalayan Gürcüstanın təcrübəsini, eləcə də Ukrayna nümunəsini xatırladıb: “Bu, regionumuzda bu cür həssas geosiyasi vəziyyətdə ən yaxşı sənədin belə həyata keçirilməsində problemlərin qaçılmaz olduğunu göstərir”.

Elə rusiyalı analitik Aleksandr Xramçixin də bildirir ki, Ermənistan-ABŞ münasibətlərində müəyyən dəyişikliklər gözləmək lazımdır: “Beynəlxalq mətbuatın nəşrlərindən sonra belə qənaətə gəlmək olar ki, Trampın prezidentliyinin ilk ayları geosiyasi proseslər baxımından yenilikçi ola bilər”.  Onun sözlərinə görə, bu irəliləyişlər İran və Rusiyanı da narahat edəcək. 

Xramçixin qeyd edib ki, bu, öz növbəsində Ermənistan üçün də yeni reallıqlar deməkdir: “Gözlənilir ki, tezliklə Tramp Rusiya prezidenti ilə ilk telefon danışığına başlayacaq, bu da onların danışıqları ərəfəsində mühüm hadisəyə çevriləcək. Bu komandanın daxili gündəmlərə fokuslanmasını nəzərə alsaq, bu administrasiya ilə Rusiyanın bir qədər daha asan razılığa gələcəyini güman etmək olar. Ancaq Trampın müşaviri onu da bildirdi ki, fevral ayında Tramp İranla bağlı mühüm qərarlar verəcək. Bu məlumat təsdiqlənərsə, burada kifayət qədər mürəkkəb vəziyyət yaranacaq”. Bakı-İrəvan danışıqlarına gəlincə, analitik vurğulayıb ki, bu danışıqlar həm də geosiyasi proseslərdən asılıdır. O hesab edir ki, Ermənistanla Amerika arasında strateji tərəfdaşlıq sazişi burada hansısa rol oynamayacaq və kağız üzərində qalan bir sənəd olacaq.  O əlavə edib ki, Trampın prezidentliyi Rusiya və İran üçün sıçrayış olacaq, bunun təsirini Ermənistan da hiss edəcək. ABŞ Dövlət Departamentinin keçmiş müşaviri Ceyms Karden isə bildirir ki, Ermənistan-ABŞ strateji tərəfdaşlıq sənədi- baxımından yaxşı bir şey gözləmək olmaz: “Xatırlayırsınızsa, 2021-ci ilin noyabrında ABŞ və Ukrayna oxşar saziş imzalamışdı və cəmi üç ay sonra Rusiya Ukraynaya müdaxilə etdi. Görünür, bu, ABŞ-nin xarici siyasət qurumunun çoxdankı strategiyasının bir hissəsidir və məqsədi mümkün qədər çox keçmiş sovet respublikalarını Rusiyanın orbitindən çıxarıb, Qərbin təsir dairəsinə köçürməkdir. Təəssüf ki, bunun nəyə gətirib çıxardığını artıq görmüşük. 2008-ci ildə Buxarestdə keçirilən NATO sammitində Ukrayna və Gürcüstanın NATO-ya daxil olması barədə qərar qəbul edilib. Həmin ilin avqustunda Rusiya altıgünlük müharibə zamanı Gürcüstana müdaxilə etdi. Daha sonra, 2014-cü ildə Ukraynanın Qərblə yaxınlaşması səbəbindən Ukraynada “Maydan” hərəkatı və vətəndaş qarşıdurması alovlandı, bu, 2022-ci ilin fevralında Rusiyanın tammiqyaslı müdaxiləsi ilə nəticələndi”. O bildirib ki, ABŞ-nin Ermənistanın təhlükəsizlik qarantı kimi Rusiya və ya İranı əvəz edə biləcəyi fikri Vaşinqton bürokratları üçün cəlbedici görünə bilər, onların əksəriyyəti heç vaxt Ermənistanda olmayıblar və ya xəritədə Ermənistanı çətinliklə tapıblar, lakin Ermənistan üçün bu, çox riskli addımdır.

Samirə SƏFƏROVA





Seçilən
25
50
baki-xeber.com

10Mənbələr