AZ

Ermənistan dörd kəndi də təhvil verəcək — İrəvandan etiraf

“Azərbaycanla anklavlar məsələsinin müzakirəsində heç bir problem görmürük”. 
Bu fikirləri Ermənistan parlamentinin sədri Alen Simonyan şimaldan delimitasiya və demarkasiya davam edərsə, Azərbaycanın anklavlarının təhvil verilib-verilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib. “Anklavların müzakirəsində heç bir problem görmürük, problem yoxdur. Heç bir mərhələdə o müzakirəyə başlamaqda problem görmürük. Düşünmürük ki, bu, bizi narahat edən və ya narahat etməli olan bir gündəm məsələsidir”, - spiker bildirib. 

Simonyan qeyd edib ki, bütün bu ərazilərlə bağlı hüquqi sənədlərin olması vacibdir. Bununla belə, o iddia edib ki, sərhədin delimitasiyası ilə bağlı imzalanan və ikitərəfli qaydada təsdiq edilən sənəddə anklavlar məsələsi yoxdur. Həmçinin spiker əlavə edib ki, demarkasiya şimaldan cənuba doğru davam edəcək. Ermənistanın Azərbaycana qaytarmalı olduğu 4 anklav var. Söhbət Sofulu, Barxudarlı, Yuxarı Əskipara (Qazax) və Kərki (Naxçıvan) kəndlərindən gedir.

“Ermənistanın Tavuş vilayəti istiqamətində yeni ərazilərin sərhədlərin delimitasiya və demarkasiyası prosesi çərçivəsində Azərbaycana təhvil verilməsi gözlənilir”. Ermənistanın “Hraparak” nəşri belə yazıb. Nəşrə danışan Tavuşun sərhəddə yerləşən Kirants kəndinin sakini Andranik Nazaryan deyib ki, proses çərçivəsində Kirants-Voskepar bölgəsində yeni ərazilərin verilməsinə hazırlıq görülür: “Burada söhbət bizim üçün strateji əhəmiyyətə malik "Qızıl üçbucaq" adlanan ərazidən gedir. Həmin bölgədəki ərazilər Azərbaycana təhvil verilərsə, oradan keçən qaz kəməri də Bakının nəzarəti altına düşəcək. Ötən il baş tutan demarkasiya prosesi zamanı “Vətən üçün Tavuş” hərəkatının iştirakçıları çox aktiv idilər, buna qarşı çıxırdılar. Əhali indi də qətiyyətlidir, boş oturmaq istəmirlər, etiraz etməyə və mübarizə aparmağa çalışırlar. Lakin bizim çox ciddi lider problemimiz var, mübarizəyə rəhbərlik edəcək kimsə yoxdur".

A.Nazaryan konkret hansı ərazilərin təhvilinə hazırlıq getdiyini açıqlamasa da, onların Azərbaycana məxsus anklavlar - Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləri olduğu ehtimal edilir. Ötən il baş tutan demarkasiya prosesi çərçivəsində Qazağın Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana təhvil verilib. Həmçinin Kirants kəndindən başlayaraq sərhəd divarı çəkilib və kəndin yarısı Azərbaycanın, yarısı Ermənistanın nəzarətində təsdiqlənib. 

Yada salaq ki, yanvarın 16-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib. 

Görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər. 

Qazağın anklav olan 3, Naxçıvanın isə Kərki kəndi delimitasiya prosesi çərçivəsində Azərbaycana nə zaman qaytarıla bilər?



Sona Əliyeva: “Onlar bu məsələdə də vaxt uzatmaq istəyirlər”

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva əslində bu fikirlərlə Ermənistan tərəfinin vaxt uzatdığını qeyd etdi: “Ermənistan parlamentinin sədri Alen Simonyan deyir ki, işğalçı ölkənin hələ də nəzarətində qalan Azərbaycanın 4 kəndinin geri qaytarılmasında İrəvan heç bir problem görmür. İlk baxışdan belə başa düşmək olar ki, Ermənistan işğal altındakı kəndlərimizi qaytarmaq istəyir. Amma alt qata baxdıqda görürük ki, qonşularımız bu məsələdə də vaxt uzatmaq istəyirlər. Deyirlər ki, delimitasiya və demarkasiya işləri aparılsın. Bu da uzunmüddətli prosesdir və illərlə vaxt aparan bir məsələdir. Üstəlik, Sofulu, Barxudarlı, Yuxarı Əskipara (Qazax) və Kərki (Naxçıvan) kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı danışarkən iddia edib ki, "sərhədin delimitasiyası ilə bağlı imzalanan və ikitərəfli qaydada təsdiq edilən sənəddə anklavlar məsələsi yoxdur". Bu cümlədə Azərbaycana qarşı İrəvanın yenə də ərazi iddiası irəli sürdüyünü görmək mümkündür. Eyni zamanda həmin kəndlər sovet dövründə rəsmi Bakının, eləcə də Azərbaycanın razılığı olmadan verilib. Simonyanın haqqında danışdığı sənəddə ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsi ön plandadır. Deməli, Azərbaycan ərazisi kimi tanınan bütün yaşayış məntəqələri, otlaq sahələri ölkəmizə geri qaytarılmalıdır. Ermənistan bunu nə qədər tez edərsə, bir o qədər yaxşı olar. Azərbaycanın səbr kasasını daşırmaq olmaz. Bu, İrəvan üçün baha başa gələ bilər. Üstəlik, Ermənistan həmin kəndlərin işğalına görə də təzminat ödəməlidir. Həmin kəndlər Qarabağ bölgəsindən yüzlərlə kilometr uzaqdadır və işğala görə təzminat məsuliyyətini İrəvan heç bir halda üzərindən ata bilməz".



Elşən Mustafayev: “Prosesin yenidən başlaması ona ümid verir ki...”

Seçilən
25
50
demokrat.az

10Mənbələr