Gəncə Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Feruz Əzizovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: 19.04.2023-cü ildə saat 19 radələrində rayon sakini, 2000-ci il təvəllüdlü Əzizov Feruz Raqub oğlunun idarə etdiyi "VAZ-21099" markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Bərdə rayon sakini Sultanlı Əziz İlqar oğlunun idarə etdiyi "VAZ-21011" markalı avtomobil rayonun Həsənqaya kəndi ərazisində toqquşub. Nəticədə "VAZ-21011" markalı avtomobildə olan sərnişin, 1956-cı il təvəllüdlü Xankişiyev Murad Fazil oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb, "VAZ-21099" markalı avtomobilin sürücüsü Əzizov Feruz Raqub oğlu, avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Ağayev Mirəli Mehman oğlu, "VAZ-21011" markalı avtomobilin sürücüsü Sultanlı Əziz İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra Ağayev Mirəli Mehman oğlu aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb. Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb.
Kamal Məmmədov