Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu, şübhəsiz ki, Azərbaycan xalqının, ordusunun və o cümlədən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin misilsiz qələbəsi idi. Bütün bu tarixi proseslərdən sonra dövlət suverenliyimiz təmin edilib və Azərbaycan özünün yeni dövrünə qədəm qoyub. Belə olan təqdirdə, məncə də Azərbaycana Zəfər Konstitusiyası çox yaraşar. 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" olaraq elan edilmişdir. Zahid Orucun bu məsələdə bildirdiyi fikirlər də çox önəmlidir. Onun da ifadə etdiyi kimi ölkəmizin bu konstitusiyaya ehtiyacı var. Bu bizim şanlı zəfərimizə, yeni Azərbaycana yaraşan bir addım olar. Zahid Orucun da qeyd etdiyi kimi bir çox yeni çağırışlar var, Zəfər Konstitusiyası qəbul olunarsa, yeni konstitusiyamızda bu yeni çağırışlara yer verilər. O cümlədən formalaşan xüsusi nümayəndəlik institutu da Zəfər Konstitusiyamızda öz yerini tapa bilər. Bu kimi məsələlər cəmiyyətimizin gündəmindədir və biz də ümid edirik ki, referendum keçirilərsə, Zəfər Konstitusiyamız bu il ölkəmizdə yeni dövlət quruculuğunda baş plan olacaqdır".
Xatırladaq ki, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında komitə sədri Zahid Oruc bildirib ki, "Konstitusiya və Suverenlik ili" çərçivəsində qarşıda bir çox çağırışlar, baxışlar var: "Bu çağırışlar arasında yeni referendumun keçirilməsi də var. Konstitusiya dövlət quruculuğunun Baş Planıdır, bu anlamda Zəfər Konstitusiyasının qəbul olunması da mümkündür."
Zeynəb Rzayeva