“Hökumətin ümumi funksiyalarının Birinci vitse-prezidentə verilməsi daha uğurlu olardı”.
Bunu Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin Yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçirlməsi mövzusu ilə bağlı “Yeni Sabah”a müsahibəsində deyib.
- Bu il Prezidentin sərəncamı sərəncamı ilə “Konstitusiya və Suverenlik ili” elan olunub. Həmçinin, “Konstitusiya və Suverenlik ili” ilə bağlı 1 ay müddətində təkliflərin hazırlanması ilə bağlı sərəncamda göstəriş verilib. Hazırda təkliflərin hazırlanması prosesi gedir.
Şübhəsiz, bu il çərçivəsində qarşıda bir çox çağırışlar var. Konstitusiya 1995-ci ildə qəbul edilib və keçən 30 ildə konstitusiyaya 3 dəfə dəyişiklik edilib. Lakin indi dünyada tamamilə yeni bir situasiya yaranmaqdadır.
Doğrudur, Azərbaycanın mövcud konstitusiyası bir çox tələblərə, öhdəlikərə cavab verir. Bununla belə, düşünürəm ki, Konstitusiya yenidən hazırlana bilər.
- Sizcə, Konstitusiyada dəyişdirilməsinə və əlavə edilməsinə ehtiyac duyulan başlıca məsələlər hansılardır?
- Hazırda Azərbaycanda yeni institutlar yaranır və bu institutların konstitusion norma çərçivəsinə gətirilməsi çox yaxşı olardı. Mövcud konstitusiyanın bəzi maddələri real vəziyyətə tam uyğun gəlmir və zamanın çağırışlarına cavab verməkdə çətinlik çəkir. Əsasən, yerli icra hakimiyyəti qurumları.
Artıq yerli icra hakimiyyəti qurumları mövcud reallıqlara uyğun gəlmir. Bu institut sovet dövründən qalmadır. Cənab Prezident işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə strukturları yaradıldı. Bu, xüsusi səlahiyyətli nümayəndələr institutudur və məhz yerli icra hakimiyyətlərinin tələbləri tam yerinə yetirməməsindən irəli gəlir.
Bu baxımdan, sözügedən məsələnin yeni konstitusion normalarda öz əksini tapması vacibdir. Digər tərəfdən, bələdiyyə institutuna yeni baxış lazımdır. Bələdiyyələrin hazırkı fəaliyyətləri və bölgə idarəetmə sisteminə tam inteqrasiya olunmaması, öz üzərinə düşən öhdəlikləri icra etmə imkanına malik olmaması bu sahəyə yeni baxışın yaranmasını tələb edir.
- Bəs gözlənilən referendumda dövlət idarəçiliyi sistemi ilə bağlı hansısa dəyişikliyin edilməsi baş tuta bilərmi?
- Məsələn, Nazirlər Kabineti də o qədər də funksional qurum deyil. Nazirlər Kabineti mövcud prezidentli respublika formasına uyğun gəlmir. Hesab edirəm ki, Nazirlər Kabineti daha çox bürokratik bir qurumdur.
Hazırda Azərbaycanda vitse-prezidentlik institutu mövcuddur və Nazirlər Kabinetinin yuxarı icra orqanı kimi saxlanması yersizdir. Onun ləğv edilməsi ilə bağlı düşünmək olar. Hökumətin ümumi funksiyalarının Birinci vitse-prezidentə verilməsi daha uğurlu olardı. Çünki idarəetmənin əsas yükü Prezident Adminstrasiyasının üzərinə düşür.
Bu baxımdan, hesab edirəm ki, bütün bu məsələlərin konstitusion normada öz əksini tapması yaxşı olar. Yeni konstitusiyada parlamentin rolunun artırılması, üzvlərin sayı, qarışıq və yaxud proporsional seçki sisteminə qayıtmaqla bağlı da dəyişiklilər etmək olar. Digər tərəfdən, hökumətin parlament qarşısında hesabatlılığının gücləndirilməsinə ehtiyac var. Bu proporsional balanslığın təmin edilməsinə gətirib çıxara bilər. Bütün bunlar hamısı müzakirələrdən keçməlidir.
Nazim Hacıyev
Telegram kanalımız