Astana, 23 yanvar, AZƏRTAC
Qazaxıstanın Karaqanda vilayətində üç gün ardıcıl olaraq qar fırtınası davam edir, yer buz bağlayıb.
AZƏRTAC “Polisia.kz” saytına istinadla xəbər verir ki, hazırda yollarda 2400-ə yaxın nəqliyyat vasitəsi: 1181 yük maşını, 1169 minik avtomobili, həmçinin 29 avtobus var, 5 mindən çox insan məcburi şəkildə təcrid olunub.
Ən çətin vəziyyət Karaqandaya (Sarışaqan, Balxaş) doğru cənub istiqamətində yaranıb, burada 1438 nəqliyyat vasitəsi - 721 minik avtomobili, 693 yük maşını, həmçinin 24 avtobus çıxılmaz vəziyyətdə qalıb. Bununla yanaşı, 3723 nəfər isinmə məntəqələrinə yerləşdirilib.
Polis bütün istiqamətlərdə qapalı qalan avtomobilləri müşayiət etməyə başlayıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana