AZ

Avropa Şurasında Azərbaycana qarşı növbəti düşmənçilik edildi...

Image

Yadigar Məmmədli: “Bütün bunlar məqsədyönlü şəkildə edilir ki, münasibətlər gərgin olsun”

On beynəlxalq hüquq müdafiə təşkilatı Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət edərək, Azərbaycanın bu qurumda səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün dəqiq meyarları müəyyən etməyə çağırıb. Onlar Avropa Şurası Parlament Assambleyasını Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini bərpa etməməyə çağırıblar.

“Biz, aşağıda imza edənlər bir daha Avropa Şurası Parlament Assambleyasını 2025-ci ilin yanvar sessiyasında Azərbaycanın səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün aydın ölçü meyarlarını hazırlamağa çağırırıq”, - müraciətdə deyilir. Petisiyanı aşağıdakılar imzalayıb: Azərbaycanda repressiyalara son qoyulması üzrə Kampaniya, Jurnalistləri Müdafiəsi Komitəsi, Freedom Now, İnsan Hüquqları Evləri Fondu, Human Rights Watch, İnsan Hüquqları Rəsədxanası çərçivəsində Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq, Niderland Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi, İnsan Hüquqları Rəsədxanası çərçivəsində İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı (OMCT).

Bu, əsla təsadüfü deyil. Görünən odur ki, Avropa Şurasında onlara belə bir müraciətlə bağlı komanda verilib. Məqsəd Azərbaycana qarşı qərəzli mövqeyi davam etdirmək və buna “haqq” qazandırmaqdır.

“Bir sıra bədnam xarici dairələr Azərbaycanın regionda yaratdığı yeni reallıqları heç cür həzm edə bilmir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media eksperti Yadigar Məmmədli hesab edir ki, bütün bu ədalətsizliklər sifarişlidir: “Düz bir il bundan qabaq AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ donduruldu. Buna etiraz olaraq Azərbaycan nümayəndə heyəti qurumda fəaliyyətini dayandırdı. Artıq bir ildir ki, Azərbaycan AŞPA-da təmsil olunmur. Bütün bunlar azmış kimi, yenidən Azərbaycanı hədəf alırlar. Çünki bütün bunlar məqsədyönlü şəkildə edilir ki, münasibətlər gərgin olsun. O baxımdan bu, gözlənilən idi. Çünki 2020-ci ildə başlayan Vətən müharibəsindən sonra Azərbaycana qarşı hərtərəfli qaralama kampaniyası aparılır. Bu da daha çox erməni havadarlarının mövqeyidir. Çünki bir sıra bədnam xarici dairələr Azərbaycanın regionda yaratdığı yeni reallıqları heç cür həzm edə bilmirlər. Bax, məsələnin kökündə dayanan başlıca faktor bununla əlaqədardır. Onların düşüncəsinə görə, burada hər zaman münaqişə olmalıdır. Bundan istifadə edərək Cənubi Qafqaz ölkələrini daim basqı altında saxlamaq istəyirlər. Onların bir sıra planları fiaskoya uğradığı üçün yenidən Azərbaycanın üzərinə gəlmək istəyirlər. Guya AŞPA-da fəaliyyət göstərməsək işlərimiz yolunda getməyəcək. Ancaq bu əsla belə deyil. Azərbaycan müstəqil siyasət yeridən dövlətdir. Bir il ərzində Avropa Parlamenti Azərbaycana qarşı 3 qərəzli qətnamə qəbul etdi. Bununla nə dəyişdi ki? Heç nə. O baxımdan AŞPA Azərbaycanla bağlı növbəti qərəzli addım atsa belə, bu, praktiki baxımdan nəyisə dəyişə bilməyəcək. Onların etdiyi pislik onlara qalacaq”.

Vidadi ORDAHALLI





Seçilən
14
50
baki-xeber.com

10Mənbələr