Bakı, 27 yanvar, AZƏRTAC
Ermənistan Avropa İttifaqına üzvlüyə ümid edir, amma bu, real görünmür. İlk növbədə, onu qeyd etməliyik ki, Ermənistan coğrafi baxımdan ittifaqdan uzaqdır və Avropa İttifaqı hətta onunla birbaşa həmsərhəd olan Balkan ölkələrinin də qəbulunu təxirə salıb. Üstəlik, Ermənistan Avropa İttifaqına üzvlük öhdəliklərini üzərinə götürməyə hazır deyil. Bunu hətta bəzi erməni ekspertlər də etiraf edirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, Qərb faktiki olaraq Ermənistan üzərindən Cənubi Qafqazdakı maraqlarını təmin etməyə çalışır. Nikol Paşinyan böyük ümidlərlə parlamentin İttifaqa üzvlük prosesinin başlanması haqqında qanun layihəsini qəbul etməsini gözləyir. O, ölkəsinin Avropa İttifaqı ilə inteqrasiya prosesinə başladığını xəyal edir. Məsələ burasındadır ki, Ermənistanın tərəfdaş kimi Avropa İttifaqı üçün heç bir siyasi və iqtisadi cəlbediciliyi yoxdur.
“Ermənistan iqtisadi baxımdan Rusiyadan asılıdır, üstəlik, bu ölkənin forpostudur. Sadəcə, kollektiv Qərb Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaq üçün şirnikləndirici vədlər verir, son illər İttifaqın İrəvana xüsusilə təhlükəsizlik sahəsində dəstəyini qabardırlar. Burada isə söhbət təbii ki, “mülki missiya” adı altında Azərbaycanla sərhədə yerləşdirilən təxribatçı Aİ missiyasından gedir. Bu fəaliyyət Ermənistanda revanş üçün əsas səbəblərdən biridir”, - deyə K.Nurullayeva qeyd edib.
Ermənistanın, həmçinin iqtisadi inkişafla bağlı İttifaqdan yardım gözlədiyini diqqətə çatdıran deputatın fikrincə, Avropa İttifaqı İrəvana bərabərhüquqlu tərəfdaş kimi yox, daha çox əyləncə obyekti kimi yanaşır. Qərb bu əməkdaşlığın digər tərəflərə yönəlmədiyini hər nə qədər iddia etsə də, yaranmış mənzərə reallığın nədən ibarət olduğunu açıq-aydın göstərir. Əslində bu, Ermənistanı Qərbin forpostuna çevirmək istəyidir. Azərbaycan Prezidenti də Qərbin Ermənistanı Cənubi Qafqazdakı forpostuna çevirmək cəhdlərinin mənfi nəticələr verəcəyi barədə dəfələrlə xəbərdarlıq edib.