AZ

Trampın Bakı-İrəvan sülh prosesinə təsir göstərmək imkanları var- bir şərtlə...

Image

Azər Həsrət: “Bizə Ermənistanla sülhü vasitəçilər olmadan imzalamaq sərf edir”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün "qızıl fürsətə" malikdir. Bu barədə məşhur “Voll Strit Journal” nəşri bildirib.

“Bu iki ölkə öz fikir ayrılıqlarını həll etməyə can atır və bu, ABŞ-ın maraqlarına xidmət edəcək. Tramp Ukraynada müharibəni həll etməklə bağlı vəd verib, amma demək asandır, etmək çətin. Daha az səy tələb edən, lakin əhəmiyyətli faydalar vəd verən sülh imkanı var: Ermənistan və Azərbaycan arasında uzun müddətdir davam edən düşmənçiliyə son qoymaq. İki ölkə son bir il ərzində danışıqlar aparıb və dönüş nöqtəsindədirlər. İki müharibəyə səbəb olan bu münaqişənin həlli əlçatandır”, - yazıda vurğulanıb.

Maraqlıdır, Tramp Azərbaycan-Ermənistan sülh prosesinə necə təsir göstərə bilər? Baydendən fərqli hansı siyasət buna təsir edə bilər?

Sözügedən məsələyə aydınlıq gətirən siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a açıqlamasında buna bir neçə aspektdən yanaşdı: “Donald Trampın prezidentliyə başlaması əlbəttə ki, bir sıra məsələlərin həllində öz rolunu oynaya bilər. Nəzərə almaq lazımdır ki, onun Səudiyyə Ərəbistanı ilə çox yaxın münasibətləri var. O cümlədən, Azərbaycanın da Səudiyyə Ərəbistanı ilə çox yaxın münasibətləri var. Əgər bu kanal işləsə, əlbəttə ki, Azərbaycan bundan faydalana bilər. Məsələ burada daha çox Səudiyyə Ərəbistanından asılıdır. Yəni onlar bu cür məsələlərə müdaxilə etmək, hansısa formada fayda vermək marağında olsalar, yəqin ki, nəsə etmək mümkün olacaq. İkinci bir tərəfdən biz müşahidə edirik ki, Tramp and içdiyi 20 yanvardan bu günə kimi etdiyi heç bir çıxışda Cənubi Qafqazın adını belə çəkmir. Nə Azərbaycan, nə Ermənistan, nə Gürcüstan barədə bir kəlmə söz belə işlətməyib. Faktiki olaraq Tramp regionu taleyin öhdəsinə buraxmaq əzmindədir. Yəni mən qarışmıram gedin özünüz öz məsələlərinizi həll edin deməkdir bu. Biz nəzərə almalıyıq ki, Tramp vəzifəsinə başlamazdan bir neçə gün öncə Bayden administrasiyası gedərayaq Ermənistanla strateji tərəfdaşlıq haqqında xartiya imzalayıb. Bu da Ermənistanı bir qədər qürrələnməyə sövq etmişdi. Ancaq biz hələ o günlərdə də dedik ki, belə bir xartiya heç nəyə yarayan deyil. Bu, Ermənistan üçün hər hansı üstünlük demək deyil. Deməyim odur ki, həmin xartiyadan irəli gələrək də Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan münasibətlərində mövqe seçən deyil. Ümumiyyətlə isə, hətta mümkündür ki, Tramp o xartiyanı ləğv etsin. Çünki Tramp vəzifəsini icra etməyə başlayan kimi, Baydenin bir sıra sərəncamlarını ləğv etməklə məşğuldur. O, çıxışlarının birində açıq şəkildə dedi ki, mən özüm bir icra sənədi imzaladıqda, məndən öncəki administrasiyanın imzaladığı 10 icra sənədini ləğv edirəm. Yəni bir sənəd qarşılığında 10-nu ləğv edir. Niyə? Çünki Trampın fikrincə, dövlət effektiv şəkildə idarə edilməyib, gərəksiz bürokratiya yaradılıb. Nəticədə bu, ABŞ-a zərərlə başa gəlib. Ona görə də zərəri aradan qaldırmaq üçün Tramp Baydenin imzaladığı sənədləri ləğv etmək yolunu tutub. O baxımdan düşünmək olar ki, ABŞ-ın Ermənistanla imzaladığı strateji tərəfdaşlıq haqqında xartiyaya da yenidən baxıla bilər. Əlbəttə, bu, durub durduğu yerdə olacaq məsələ deyil. Burada Azərbaycanın da hərəkətlənməsi lazımdır. Ancaq bizə Ermənistanla sülhü vasitəçilər olmadan imzalamaq sərf edir”.

Vidadi ORDAHALLI





Seçilən
24
35
baki-xeber.com

10Mənbələr