İrana səfəri çərçivəsində Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev bu ölkənin energetika naziri Abbas Əliabadi ilə görüşüb. Görüşdə energetika sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib.
Nəzərə çatdırılıb ki, Azərbaycan Rusiya ilə İran arasında 600 meqavatlıq elektrik enerjisi mübadiləsinin ötürülməsində mühüm rol oynaya bilər. Enerji mübadiləsinin reallaşdırılması üçün hər 3 ölkənin rəsmi şəxslərinin görüşünün təşkil olunması məsələsinə də toxunulub. Qeyd olunub ki, regionun iqtisadi baxımdan inkişaf etmiş ölkələri arasında enerji mübadiləsinin həyata keçirilməsi üçün texniki əsaslandırma lazımdır. Bunun üçün isə işçi qruplarının yaradılması və görüşlərinin təşkili zəruridir. Həmçinin görüşdə qeyd olunub ki, Rusiya ilə İran arasında elektrik enerjisi mübadiləsi və tranzitində Azərbaycanın yaratdığı infrastruktur çox əhəmiyyətlidir. Nəzərə çatdırılıb ki, yaxın gələcəkdə hər 3 ölkənin mütəxəssislərindən ibarət işçi qruplarının görüşü keçiriləcək və bu görüşdə bütün texniki məsələlər müzakirə ediləcək. Qeyd edək ki, Rusiya, Azərbaycan və İran arasında elektrik sistemlərinin birləşdirilməsi istiqamətində danışıqlar davam edir. Sistemlərin birləşdirilməsi enerji mübadiləsinin həyata keçirilməsinə imkan verəcək. Bununla yanaşı zəruri ehtiyac yarandığı halda qarşı tərəfdən enerji idxalı da həyata keçirilə bilər. Abbas Əliabadi qeyd edib ki, İran və Azərbaycan arasında elektrik mübadiləsi üzrə infrastrukturların inkişaf etdirilməsi diqqət mərkəzində dura bilər. Bu istiqamətdə İran Azərbaycandan elektrik idxal edə və əvəzində Naxçıvana elektrik təhvil verməyə hazırdır. Onun sözlərinə görə, İran və Azərbaycan arasında Araz çayı üzərində Qız Qalası hidroqovşağının istifadəyə verilməsini nəzərə alaraq Qız Qalası Su Elektrik Stansiyasının təkmilləşdirilməsi prosesinin sürətləndirilməsi diqqət mərkəzində dura bilər: “İranın Energetika Nazirliyi ölkənin Ətraf Mühit Təşkilatı ilə koordinasiya edərək Azərbaycanın Energetika Nazirliyi ilə əməkdaşlıq etməklə Ordubad və Marazad su bəndlərinin tikilməsi və istismara verilməsi üzrə ətraf mühitlə əlaqədar tədqiqatlar aparmağa hazırdır”. Qeyd edək ki, İranda yay aylarında elektrik enerjisinə tələbat daha yüksək olur. Xüsusilə hava isti olduqda soyutma sistemlərinə ehtiyac yaranır ki, bu da ölkənin enerji çatışmazlığı ilə üzləşməsinə səbəb olur. Yayda havanın temperaturunun əhəmiyyətli dərəcədə artması ilə xalis enerji istehsalı və dövriyyənin səmərəliliyi azalır. Buna görə də F.Səfərinin yay aylarında Rusiyada artıq enerji istehsalı və İranda tələbatın ən son həddə çatması İran və Rusiya arasında enerji mübadiləsi layihəsini şərtləndirir. İranın ümumi istehsal sisteminə gəlincə, ölkə elektrik enerjisi istehsalını zəngin qalıq və bərpa olunan enerji mənbələrinə proporsional şəkildə genişləndirə bilməyib. Ekspertlərin fikrincə, günəş və külək enerjisindən istifadə ölkədə elektrik enerjisi istehsalını artırmaqla yanaşı, həm də şəbəkənin şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması, enerji sisteminin karbon tutumunun azaldılması hesabına enerji təhlükəsizliyi səviyyəsini yüksəldə bilər. Lakin bunları reallaşdırmağa ölkənin imkanı yoxdur. O səbəbdən Azərbaycan və Rusiya ilə qeyd olunan istiqamətdə əməkdaşlıq olduqca əlverişli hesab olunur.
Elektrik enerjisi ilə yanaşı, Azərbaycan Rusiya və İran arasında təbii qaz tranziti üçün də həlledici rola malikdir. Bu iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında imzalanan sazişdə də öz əksini tapıb. Bu kontekstdə Rusiyadan İrana təbii qaz kəmərinin çəkilişi ilə bağlı aparılan müzakirələr, əldə edilən razılıqlar xüsusi diqqət cəlb edib. Rusiyadan İrana təbii qaz daşıyacaq kəmərin Azərbaycandan keçməsi barədə razılıq əldə olunub. Rusiyanın energetika naziri Sergey Tsivilyev məsələ ilə əlaqədar bildirib: “Hazırda danışıqların yekun mərhələsindəyik – qiymətin təsdiqi üzərində işləyirik. Həcmlər artıq müəyyən edilib. Qiymət həmişə kommersiya məsələsidir, kompromis axtarışıdır, ona görə də hər iki tərəfdən işçi qrupları yaradılıb və mütəxəssislər qiymət müəyyənləşdirilməsinə yanaşma hazırlayır”. Azərbaycan üzərindən Rusiya qazının İrana nəql həcminin kifayət qədər yüksək olacağı proqnozlaşdırılır. İranın hazırda Rusiya qazına böyük ehtiyacı var. Düzdür, ölkənin özü də qazla, neftlə olduqca zəngindir. Amma məsələ burasındadır ki, İranın qaz hasil edilən əsas yataqları ölkənin cənubunda, böyük istehlakçı kütləsi də şimalda yerləşir. Özü də İranın şimalı sərt iqlimə sahibdir və bu səbəbdən orada təbii qaza da tələbat yüksəkdir. Ölkənin cənubundan şimalına qaz nəqli yetərli həcmdə deyil və yeni infrastrukturun qurulması da çox baha başa gəlir. İllərdir çoxsaylı sanksiyalardan əziyyət çəkən İranın belə yeni infrastruktur yaratması da indiki halda az qala mümkünsüz görünür. Elə bu səbəbdən İran şimal regionlarına digər mənbələrdən, o cümlədən Rusiyadan birbaşa qaz təchizatı və ya svop müqavilələr vasitəsilə “mavi yanacaq” idxalında maraqlıdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan vasitəsilə Rusiya qazını İrana daşıyacaq layihə genişmiqyaslı və strateji xarakterli olacaq. Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, ilkin mərhələdə ölkəsindən İrana ildə 2 milyard kubmetr təbii qaz nəqlindən başlamaq məqsədəuyğun hesab olunur. Daha sonra bu həcmin ildə 55 milyard kubmetrə kimi artırılması nəzərdə tutulur. Bütün bunlar tranzit ölkə kimi Azərbaycana çoxsaylı üstünlüklər qazandırır. Hazırda Rusiya və İranın böyük ehtiyac duyduğu Şimal-Cənub dəhlizinin fəaliyyətində də Azərbaycan həlledici rola malikdir. Dəhlizlə bağlı məsələ də Rusiya ilə İran arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Sazişdə öz əksini tapıb. Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəniz, dəmir və avtomobil yolları ilə daşımalar həyata keçirmək mümkündür. Belə multimodal xarakterlə yanaşı, Şimal-Cənub dəhlizinin əhatə etdiyi coğrafiya da onun cəlbediciliyini artıran əsas faktorlardan biridir. Marşrut Hindistandan başlayaraq Şimali Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz, Rusiyaya kimi uzanır. Onunla daşımalar daha ucuz və daha az vaxta başa gəlir. Uzunluğu 7200 kilometr olan Şimal-Cənub marşrutu ilə daşınma üçün dəniz, çay və dəmir yolu nəqliyyatından istifadə olunur. Bu dəhliz Hindistandan Rusiyaya malların çatdırılma müddətini iki dəfə azaltmğa imkan verir. Süveyş kanalı ilə ənənəvi marşrut üzrə Mumbaydan Sankt-Peterburqa yüklərin tranzit müddəti 30 gündən 45 günə kimi çəkirsə, Şimal-Cənub dəhlizi boyunca bu müddət 15-24 gün arasında dəyişir.
Tahir TAĞIYEV