Fuad İbrahimov: “Bu qədər pomidor istehsal edən ölkənin xaricdən ketçup idxal etməsi gülüncdür”
Azərbaycanın xaricə satdığı aqrar sektor məhsullarında ilk yerlərdən birini pomidor tutur. 2024-cü ildə ixrac etdiyimiz pomidorun hər kilosu ortalama 1,2 dollar və ya 2 manat olub. 1 kilo pomidordan, təqribən, 600-700 qram ketçup alınır.
Azərbaycanda Rusiya və Türkiyə istehsalı ketçupun 200 qramı, ortalama, 2,5 manatdır. Yəni 1 kq pomidordan alınan ketçup 7,5 manata satılır, bu da 4 dollar 40 sent edir. Beləliklə, biz 1 kilo pomidoru xaricə 1,2 dollara satıb, xaricdən pomidordan istehsal etdiyi ketçupu topdansatış qiyməti ilə, ən azı, 3 dollara alırıq. Bizim marketlərdə Rusiya istehsalı çox sayda ketçup var, biz də ixrac etdiyimiz pomidorun 85%-ə yaxınını Rusiyaya satırıq.
Məlum olur ki, Rusiya istehsalçısı bizdən 1,2 dollara aldığı pomidordan sonra ketçup istehsal edib elə bizə bunu 3 dollara satır. Yaxşı, bu ketçup istehsalı nə çətin işdir ki, pomidorumuz ola-ola onu Rusiyadan idxal edirik? Qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyindən danışırıq, amma Allahın ketçupunu belə idxal edirik. Niyə?
“Ölkəmizdə mövcud inhisarçılıq da belə vəziyyətin yaranmasında müəyyən rol oynayır”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, burada bir sıra ziddiyətli məqamlar var. Ümumiyyətlə, kənd təsərrüfatı sektorunda xammaldan emal səviyyəsinə keçid artıq iqtisadiyyatın bir bənd yuxarı qalxması deməkdir. Sənaye və istehsal bunu daha yüksəyə qaldırır. Eyni zamanda aqrar məhsulların xarab olması, ucuz satılması ehtimalının risqini aşağı salır. Nəticə etibarı ilə sahibkar dayanıqlı gəlir götürə bilər. Əslində bizim sənaye parklarımızın bölgələrdə yaranması bu fəlsəfəyə, perspektivə, bu iqtisadiyyatın görüntüsünə istiqamətlənib. Düzdür, biz hələ onu istədiyimiz səviyyədə görə bilmirik, amma vəziyyət belədir. Əsasən də Ağdamda nəzərdə tutulan sənaye parkının gələcəyində bu formatda yanaşmalar nəzərdə tutulub. Ancaq bu, sözün açığı, gələcəkdə yox, dünəndə olmalıdır. Düzdür, bu gün Azərbaycanda ketçup istehsalı var, amma keyfiyyətli və istehsalı yetərli səviyyədə deyil. Bu səbəbdən ketçup idxalı böyükdür. Yerli istehsalımız keyfiyyət göstəricilərinə görə idxalla rəqabət apara bilmir. Əslində ölkədə yetərincə pomidor istehsalını nəzərə alsaq, bu məhsul ölkədə istehsal olunmalıdır. Həm yerli tələbatı ödəmək olar, həm də ketçup ixrac edə bilərik. Müxtəlif çeşiddə ketçup istehsal etmək mümkündür. Özü də bunun istehsalı çətin deyil. Bu minvalla həm idxalın qarşısını almaq olar, həm də ölkədən kapital axınını önləmək mümkün olacaq. Bu boyda pomidor istehsal edən ölkənin xaricdən ketçup idxal etməsi gülüncdür. Bu, sanki Kəlbəcərə oksigen aparmağa bənzəyir. Halbuki, Kəlbəcərin havası elə oksigendir. Ölkəmizdə mövcud inhisarçılıq da belə vəziyyətin yaranmasında müəyyən rol oynayır. Çox təəssüflər olsun ki, İqtisadiyyat Nazirliyi inhisarçılıqla yetərli mübarizə aparmır. Ya da apara bilmir. Ona görə də sadaladığım problemlər həll edilməlidir”.
Vidadi ORDAHALLI