"Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə dəyişiklik edilir.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Komitə sədri Arzu Nağıyev bildirib ki, təklif olunan dəyişikliyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları tədbirlərdə, peşə bayramı günlərində, habelə Silahlı Qüvvələr Günü, Zəfər Günü və Anım Günündə daşıya biləcəklər.
Təklif edilən yeni maddəyə görə, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxsin hərbi geyim formasını qanunla nəzərdə tutulmamış hallarda daşımasına görə 500 manatdan 700 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Komitə iclasında "Xidməti və mülki silah haqqında" qanuna dəyişiklik edilməsi də təklif olunur. Təklifə əsasən Azərbaycanda mülki odlu silah əldə etmək üçün tələb olunan yaş həddi 18-dən 21-ə artırılır.
Qeyd edək ki, ölkədə xidməti və mülki silahı əldə etmək hüququ olan subyektlərin sırasına xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarının və hüquqi şəxslər, xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələr, idman və ovçuluq cəmiyyətləri və təhsil müəssisələri aiddir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.