Emin Həsənli: “Qanunlar zamana və məkana görə təhlil edilərək qəbul edilir, dəyişdirilir”
Məlumdur ki, Azərbaycanda xidmət sahələrinə görə qanuna uyğun olaraq xidməti silah verilir. Bununla yanaşı, sadə vətəndaşlar da mülki silah əldə edə bilər. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi üzrə aidiyyəti dövlət qurumuna müraciət edə bilər.
Silahın alınmasına xüsusi icazə verilir. Hazırda mülki silahın əldə edilməsi üçün yaş həddi dəyişib. Belə ki, Azərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ olacaq. Bununla bağlı “Xidməti və mülki silah haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi 18-dir.
Məlumat üçün bildirək ki, ölkədə xidməti və mülki silahı əldə etmək hüququ olan subyektlərin sırasına xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarının və hüquqi şəxslər, xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələr, idman və ovçuluq cəmiyyətləri və təhsil müəssisələri aiddir.
“… bu yaş həddinin seçilməsi düzgün bir qərar hesab olunur”
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu qərarın verilməsində ciddi araşdırmalar aparılıb. Ümumiyyətlə, qanunlar zamana və məkana görə təhlil edilərək qəbul edilir, dəyişdirilir: “Görünür, 18-21 yaş aralığında müəyyən hadisə törədənlər çox olduğu üçün aidiyyəti dövlət qurumları bununla bağlı təhlil aparıb və belə bir qərara gəlinib. 21 yaş və ondan yuxarı şəxslərin daha stabil psixoloji vəziyyətə malik olduqları nəzərə alınaraq, bu yaş həddinin seçilməsi düzgün bir qərar hesab olunur. Qanunvericilikdəki bu dəyişiklik də bu tələblərə uyğun olaraq həyata keçirilib. 21 yaş həddinin müəyyən edilməsi heç də problemli bir məsələ deyil”.
Günel CƏLİLOVA