Nikol Bakıda ittiham edilən ermənilərin azad edilməsi ilə 2027-ci ildə məşğul olacaq
Ermənistanda cəmiyyətin müzakirə etdiyi əsas məsələlərdən biri də Bakıda məhkəməsi başlanan erməni əsilli hərbi-siyasi cinayətkarların hər hansı bir yolla cəzadan azadlığa buraxılması və onların Ermənistana ekstradisiyasının təmin olunmasıdır. İttiham edilən şəxsləri əsasən Qarabağ klanı, yəni hazırda Rusiyameylli olan siyasi qüvvələr - müxalifət dəstəkləyir.
Paşinyan iqtidarı bu şəxslərin Ermənistana ekstradisiyasında o qədər də maraqlı görünmür. Amma o, bunu publik şəkildə ifadə də etmir. Yanvarın 22-də parlamentin "hökumət saatı"nda Ermənistanın baş naziri Nikol Paşinyan “Ermənistan bloku”ndan olan deputat Lilit Qalstyanın Bakıda "qanunsuz" saxlanılan erməni məhbusların qaytarılması üçün rəsmi İrəvan nə edib və ya nə edəcək sualını cavablandırarkən deyib ki, gördüyümüz mənzərələr narahatlıq doğurur, amma qeyd etməliyəm ki, biz bu vəziyyətə “zərər verməmək” məntiqi çərçivəsində yanaşırıq: "Bu məsələ həmişə diplomatik gündəmimizdədir və bundan sonra da nəticə əldə etmək üçün səy göstərəcəyik. Mən vətənpərvərlik duyğularını təmin edən bəyanat verə bilərəm, lakin bu insanlar onun təsirini və nəticələrini həbsxanada hiss edəcəklər”.
Paşiniyanin ritorikasından da görünür ki, Bakıdakı erməni əsilli hərbi-siyasi cinayətkarların azad edilməsi onun üçün o qədər də maraqlı deyil. Hətta demək olar ki, Paşinyan sözügedən cinayətkarların ən azı 2027-ci ilə qədər azad edilməsini istəmir. Çünki həmin məhbuslar azad edilsə, onlar erməni müxalifətinə dəstək verəcək. Düzdür, onların dəstəyi o qədər də önəm kəsb etmir. Amma hər halda, az da olsa, onlar müxalifətin gücünə müəyyən güc qatacaq. Onlar Qarabağdan köçən erməniləri müxalifətin ətrafında birləşməyə çağıracaqlar. Çunki həm Bakıda ittiham edilən ermənilər, həm də qondarma "Dağlıq Qarabağın respublikası"nın özünü buraxmış rəhbərləri elə bilir ki, Paşinyan onların Qarabağda qalmasını təmin edə bilərdı, amma buna cəhd göstərmədi. Halbuki, Paşinyanın belə bir imkanı mövcud deyildi.
Digər tərəfdən isə, Rusiya onların bu fikirlərindən istifadə edərək, Paşinyanı devirmək üçün onlara dəstək verir. Bu səbəbdən də erməni siyasətinin Qarabağ klanı Paşinyanı devirməyə fürsət axtarır. Lakin onlar cəmiyyətdən ciddi dəstək ala bilmir.
Paşinyan isə belə bir şəraitdə seçkiyə hazırlaşır. Baş nazir müxalifət cəbhəsindən 5-10 nəfərin belə kənarlaşdırılmasını qənimət hesab edir. Belə bir şəraitdə o, məhbus hayındadırmı?
Hazırda müxalifətin sıralarını bir qədər də azaltmaq üçün ölkədə 44 günlük müharibənin "günahkarları" müxtəlif ittihamlarla həbs edilməkdədir. Bu kampaniya da müxalifətin zəyiflədilməsini hədəfləyir.
Müxalifət isə israrla tələb edir ki, Paşinyan mütləq Bakıda ittiham edilən ermənilərin ekstradisiyasını təmin etməlidir. Nikol onlara deyir ki, biz onları israrla tələb etsək, onlara Ermənistanın çox əhəmiyyətli siyasi personaları kimi daha çox işgəncə verəcəklər. Baş nazir bu məntiqlə müxalifətə məsləhət verir ki, onları Bakıdan ehtiyatla, "zərər verməmək" məntiqi ilə tələb etmək lazımdır. Əlbəttə, bu, Nikolun öz mövqeyinə haqq qazandırmaq üçün uydurduğu fantaziyadan başqa bir şey deyil. Əslində Paşınyan 2026-cı ildə zəif rəqibləri üzərində yenidən parlaq qələbə qazanmaq istəyir.
Fikrimizcə, Paşinyanın arzularını həyata keçirmək üçün Ermənistanda çox münbit şərait var. Hərbi cinayətkarların azad edilməsi isə bu mühiti çirkləndirə bilər. Ona görə də Nikol erməni hərbi cinayətkarlarının azad edilməsi ilə 2027-ci ildə məşğul olacaq. Bakıda isə düşünürlar ki, bu hərbi cinayətkarlar cəzalarını Azərbaycanda çəkməklə ömürlük həbs cəzasına məhkum ediləcəklər.
Akif NƏSİRLİ