AZ

Bayden-Blinken administrasiyası dövründə ABŞ-Azərbaycan əlaqələri böhrana sürüklənib

Sirr deyil ki, regional siyasətini erməni maraqları üzərindən yürüdən Bayden administarsiyası dövründə ABŞ-ın Cənubi Qafqazda proseslərin tənzimlənməsi, Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin təmin olunması ilə bağlı ziddiyyətli mövqeyi, davranışları son illər özünü açıq şəkildə göstərib. Bayden administrasiyasının  səlahiyyət müddətinin başa çatmasına bir neçə gün qalmış-yanvarın 14-də Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanmasından sonra erməni cəmiyyətində revanşizm hisslərinin güclənməsi, millətçi cərəyanın öndə gedən ünsürləri tərəfindən yeni müharibə çağırışlarının səsləndirilməsi məhz erməni lobbisinin sifarişləri, cızdığı “yol xəritəsi” ilə hərəkət edən Bayden-Blinken tandeminin qərəzli, Cənubi Qafqazda sülhə, əməkdaşlığa, sabitliyə qarşı yürütdüyü  riyakar siyasətin nəticəsidir.

Rəsmi Vaşinqtonla İrəvan arasında məlum sazişin imzalanması, bu sənəddə yenə də “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Bayden administrasiyasının qlobal miqyasda həyata keçirdiyi dağıdıcı, riyakar neoimperialist siyasətinin əyani təsdiqi idi.

Yeri gəlmişkən, ABŞ-ın ən böyük erməni lobbi təşkilatı olan ANCA-nın icraçı direktoru Aram Qambaryan imzalanan bu sənədi Bayden administrasiyasının Ermənistan üçün “vida hədiyyəsi” adlandırır, həmin xartiyanı 5 gündən sonra Ağ Evi tərk edəcək Bayden administrasiyasının ermənilər qarşısında “günahını yumaq” cəhdi kimi dəyərləndirir.

Gerçəklik odur ki, ABŞ-ın Cənubi Qafqazın güclü, aparıcı, söz sahibi ölkəsi olan Azərbaycanla daha dərin əməkdaşlıq imkanları, əlaqələri mövcud olub. Çox təəssüf ki, Bayden hakimiyyətinin ermənipərəst siyasəti üznündən son illər iki ölkə arasındakı münasibətlər gərginləşib.

Prezident İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşündə bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib. Ölkəmizin başçısı qeyd edib ki, bunun da nəticəsində ikitərəfli əlaqələr böhrana sürüklənib. Dövlətimiizn başçısı 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.

Yanvarın 7-də yerli telekanallara müsahibəsində dövlət başçısı növbəti dəfə keçmiş Bayden administrasiyasının fəaliyyətini sərt tənqid etmişdir. Bildirmişdir ki, Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi: “Yəni, Azərbaycana Ermənistan-Azərbaycan, ya da ki, Amerika-Ermənistan münasibətlərinin prizmasından yanaşırdı və o vaxta qədər əldə edilmiş yaxşı nəticələr kölgədə qaldı, bu birincisi. İkincisi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləmişdir, xüsusilə Qarabağ məsələsi ilə bağlı və bu, həm ədalətsiz, həm də ki, ikili standartlara əsaslanan mövqe idi. Çünki mən Amerika nümayəndələrinə dəfələrlə deyirdim və açıq da deyirdim, mətbuatda da, siz Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz, silahlar verirsiniz, milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, niyə siz bizi cəzalandırmaq istəyirsiniz? Buna cavab verin. Cavab da yox idi. Cavab da bəllidir ki, bu, ikili standartlardır”.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da bu günlərdə mediaya açıqlmasında “Həm ABŞ demokratlar adminstrasiyasının, eyni zamanda, bir sıra Avropa paytaxtları tərəfindən 2024-cü ildə biz Ermənistana birtərəfli dəstək verilməsi faktlarını gördük”, - deyə bildirib. C.Bayramov bildirib ki, hələ ötən ilin aprel ayında Amerika Dövlət katibi Avropa İttifaqı Komissiyasının Prezidenti Ermənistan Baş naziri arasında presedenti olmayan formatda görüş keçirmişdi: “Onun izahatını vermək çətin idi. Xüsusi olaraq Ermənistan Azərbaycan normallaşma prosesinin intensiv mərhələsində özlərini vasitəçi kimi təqdim etməyə çalışan tərəflərin belə bir qərəzli yanaşması təbii ki, qəbuledilməzdir. Ümumilikdə demokratlar administrasiyası tərəfindən bir günlük antiterror əməliyyatından sonra 907-ci düzəlişin qüvvəsinin dayandırılmasına dair addımların atılmaması və bununla müəyyən mənada Azərbaycanı cəzalandırmaq niyyətləri, o cümlədən bir sıra qərəzli addımları gördük. Bu gün ABŞ-da yeni Prezident fəaliyyətə başlayıb. Bundan sonra növbəti 4 il ərzində respublikaçılar hakimiyyətdə olacaq. Güman edək ki, burada boz yanaşma fərqini müşahidə edəcəyik. Azərbaycan ABŞ ilə normal, proqnozlaşdırıla bilən qarşılıqlı maraqlar və hörmət əsasında formalaşmış bir münasibətin tərəfdarıdır”.

Nəhayət, ümid edirik ki, sorosçu Bayden hakimiyyətinin 78 qərarını ləğv edən, “imkanlarımızı və bu fəaliyyətlərin dövlətimizin mənafeyinə nə qədər uyğun olub-olmadığını araşdırmalıyıq” deyərək sonrakı 90 gün ərzində ABŞ-ın bütün digər dünya ölkələrinə dövlət yardımını dayandıran, Meksika ilə sərhəddə “Fövqəladə vəziyət” elan edən D.Tramp və administarsiyası ermənipərəst, riyakar, avantürist Bayden-Blinken cütlüyündən fərqli olaraq Cənubi Qafqaz regionu ilə bağlı qərəzsiz və ədalətli siyasət yürüdəcək, bölgədə davamlı, sülhün, əmin-amanlığın təmin olunmasına böyük töhfələr verəcək. İnanmaq istərdik ki, Ağ Evin yeni sahibi Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq üçün tarixi imkanlardan maksimum şəkildə istifadə edəcək.

Zahid Rza, “İki sahil”

Seçilən
9
50
ikisahil.az

10Mənbələr