Bir oyunda 3 dəfə künc zərbəsindən qol buraxmaq insana ağır gəlir.
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Rumıniya təmsilçisi FCSB-yə qarşı keçirdikləri UEFA Avropa Liqasının oyunundan sonra mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis məğlub olduqları görüş barədə danışıb:
"İlk öncə azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu mövsüm Avropa Liqasının bütün ev oyunlarında bizimlə bərabər oldular. FCSB ilə matçda da sona qədər bizə inandılar və güvəndilər. Düşünürəm ki, azarkeşlərin buna haqqı çatırdı. Təəssüf ki, bu mövsüm çıxışımız uğurlu alınmadı. Bir oyunda 3 dəfə künc zərbəsindən qol buraxmaq insana ağır gəlir. Belə hallar futbolun xoşagəlməz tərəfləridir. Bir neçə qol şansı yaratdıq. Rəqib komanda standart vəziyyətlərə çox yaxşı hazırlaşmışdı. Bakıdakı son oyunumuzda qələbə qazanmaq istəyirdik. İstənilən halda pozitiv olmalı, qarşıdakı oyunlara baxmalıyıq".
O, bu görüşdə qapıda Fabian Buntiçə şans verməsinin səbəbini açıqlayıb:
"Koxalski zədəli olduğu üçün Buntiçə şans vermişdim. Buna görə peşman deyiləm. Qolların təkrarına baxdım. Düşünürəm ki, çətin toplar idi, Buntiçi günahlandırmaq istəməzdim".
Q.Qurbanov "Qarabağ"ın Avropa Liqasındakı məğlubiyyətinin Premyer Liqadakı çıxışlarına təsir göstərə biləcəyini bildirib:
"Adətən belə oyunlardan sonra ruh düşkünlüyü yaşanır. Nəzərə alsaq ki, Avropa Liqasında pley-offa çıxmaq şansımızı itirdik. Lakin hələ 1 görüşümüz qalıb. "Olimpiakos"la səfər matçında yaxşı nəticəyə ümid edirik. Ola bilsin, futbolçularımız Premyer Liqa qarşılaşmalarında müəyyən ruh düşkünlüyü yaşasınlar. Amma tədricən bunun aradan qalxacağına inanıram".
Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – FCSB matçı Rumıniya klubunun 3:2 hesablı qələbəsi ilə bitib.
Telegram kanalımız