Azərbaycanı Avropa Liqasında təmsil edən "Qarabağ" klubu ötən axşam Bakıda Rumıniyanın FCSB komandasına 2:3 hesabı ilə uduzub. "Qarabağ"ın AvroLiqadakı ardrıcıl məğlubiyyətləri komandanın azarkeşlərində məyusluq doğurub. Çoxları düşünür ki, artıq "Qarabağ"da köklü dəyişikliklər edirlməlidir.
Məsələ ilə bağlı Modern.az-a danışan futbol mütəxəssisi Ağasəlim Mircavadov bildirib ki, “Qarabağ” əvvəlki oyunlarda çox xal yığmalıydı:
“Qarabağ builki Avropa oyunlarında futbol termini ilə desək, heç kimə uduzmayıb. Oyunlarda komandamızın üstünlüyü olub. Oyun prinsipinə görə “Qarabağ” hamısından üstün oynayıb. Avropada oyunçu seçimi, qol vuran, oyunu aparan oyunçu vacib amillərdir. Yaddan çıxarmayaq ki, həmin oyunçular Azərbaycan çempionatında oynayırlar. Azərbaycan çempionatı ilə Avropa çempionatları arasında həddindən artıq fərqlər var.
Amma mən deyərdim ki, "Qarabağ"la dünənki oyunda qarşılaşan Ruminya klubu həddindən artıq zəif idi. “Qarabağ” oyuna görə udmalıydı. Qol vəziyyətləri çox oldu. Ondan istifadə edə bilmədilər. Bir də ki, klubumuz builki Avropa oyunlarında müdafiədə elə də yaxşı kollektiv oyun göstərə bilmir. Böyük səhvlər edir. Amma mən deyərdim ki, “Qarabağ” öz imicini saxlayır, Avropada sayılır”.
Müsahibimiz vurğulayıb ki, “Qarabağ” gələn il üçün heyətini dəyişməlidir:
“Gəlin belə danışaq, top-klublar bir heyətlə uzun müddət oynamır. Tez-tez dəyişikliklər edir. Yaş durumu Avropada özünü göstərir. Ola bilsin ki, Azərbaycanda bu, özünü elə də göstərmir. Avropadakı oyunlarda bu özünü ciddi şəkildə göstərir. Mən də işləyəndə bunun şahidi olmuşam ki, Azərbaycana yaxşı futbolçu gətirmək həddindən artlq ağırdır. “Qarabağ”a xarici oyunçular niyə gəlir? Çünki komanda hər il Avropada oynayır. Həmin oyunçular Avropanın top-klublarına düşmək istəyirlər və buna görə “Qarabağ”a gəlirlər. 10-15 gün qabaq Juninyo Brazilyaya getdi. Bu, olmalıdır. Gələn il üçün heyət indidən hazır olmalıdır. Çox pozisyalara oyunçu seçimi lazım olacaq”.