İstanbulda keçirilən əməliyyat zamanı Türkiyədə yerləşən Əl-Qaidə şəbəkəsinə üzv olmaqda təqsirləndirilən iki şübhəli ələ keçirilib.
Xalqcəbhəsi.az Türkiyənin “sondakika.com” saytına istinadən xəbər verir ki, 2018-ci ildən təhlükəsizlik bölmələri tərəfindən axtarışda olan şübhəlilərin Avcılarda saxlanıldığı öyrənilib.
Alınan məlumata görə, Türkiyədə qlobal terror təşkilatı Əl-Qaidə üzvü olduqları iddia edilən 45 və 51 yaşlı iki şübhəlinin İstanbulda olması barədə məlumatı əldə edən İstanbul Polis İdarəsi Terrorla Mübarizə qrupları əməliyyata başlayıb. Onlar sözügedən təşkilat üzvlərinin izinə düşmək üçün Avcılarda 5 mərtəbəli bir binanın bodrum qatına daxil olub.
Uzun müddətdir axtarılan təşkilat üzvlərinin qaldığı yer təhlükəsizlik və kəşfiyyat bölmələri tərəfindən müəyyən edilib. Sözügedən ünvana polis tərəfindən basqın edilib. Əməliyyat zamanı iki Əl-Qaidə üzvü L.B (45) və S.B (51) saxlanılıb. Dindirilmək üçün İstanbul Terrorla Mübarizə Şöbəsinə aparılan şübhəlilərin Batmanda qeydiyyatda olduğu aydın olub.