“Ethereum”un qurucusu Vitalik Buterin sosial media platforması "X" vasitəsilə etdiyi son açıqlamasında "TRUMP" və "MELANIA" kimi siyasi tokenlərin potensial təhlükələrinə diqqət çəkib və onları "sərhədsiz siyasi rüşvət vasitəsi" adlandırıb.
Valyuta.az-ın məlumatına görə, Buterinin bu açıqlamaları ABŞ-ın sabiq prezidenti Donald Tramp da daxil olmaqla yüksək profilli siyasi fiqurların kriptovalyutalara artan marağı fonunda edilib. O, bu tokenlərin nəzarətsiz şəkildə yaradılmasının risklərini vurğulayıb və kripto sahəsində qısamüddətli həyəcanla uzunmüddətli dəyər arasındakı ziddiyyətləri qabardıb.
Vitalik Buterin qeyd edib:
"Son bir il ərzində yeni bir düzənə keçid edirik. İndi dünyanın ən güclü insanları hər hansı bir miqyasda və hər hansı bir məqsəd üçün tokenlərin yaradılmasını alqışlayır. Bu səbəbdən indi yeni başlayanlara qısamüddətli həzz ilə uzunmüddətli dəyər və zənginlik yaratmaq arasındakı fərq barədə danışmağın vaxtıdır."
O, bu prosesi "müasir, yüksək asılılıq yaradan mobil oyunlar" ilə müqayisə edərək, onları şahmat kimi daha strateji və uzunömürlü məşğuliyyətlərlə qarşılaşdırıb.
Buterinin bu sərt xəbərdarlıqları, inkişaf edən kriptovalyuta ekosistemində siyasi təsir və nəzarətsiz tokenlərin potensial riskləri ilə bağlı geniş bir müzakirənin başlanğıcı kimi qiymətləndirilir.
Əvəz Həsənov