İran Ermənistana Avrasiya İqtisadi Birliyinin (AİB) quru qapısı kimi baxır. ABŞ-nin burada yerləşməsi Ermənistan üçün həm iqtisadi sahədə, həm də təhlükəsizlik baxımından problemlər yarada bilər.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Qarik Misakyan deyib.
“İran sərhədi (Qərbi Zəngəzur bölgəsi – red.) də daxil olmaqla, Amerikanın istənilən mövcudluğu Tehranda narahatlıq doğurur. Bu narahatlığı 44 günlük müharibədən sonra İranın fəal siyasəti sayəsində Ermənistan-İran münasibətlərinin kifayət qədər aktiv inkişaf etdirməsi daha da gücləndirir. Əgər hər hansı sərhəd nəzarəti vasitələri ABŞ-yə verilərsə, bu, Ermənistandan mənfi siqnal olacaq”, - Misakyan bildirib.
Ekspert vurğulayıb ki, ABŞ sərhədçilərinin Ermənistana gəlişi İran üçün arzuolunmazdır: “İranın narahatlığı tamamilə başa düşüləndir. Çünki əvvəlki dönəmində Tehrana qarşı kifayət qədər sərt xətt yürüdən Donald Trampın qayıdışından sonra İrana qarşı sərt siyasətin bərpasını gözləmək olar”.
Politoloqun fikrincə, ABŞ ilə yaxınlaşma İran baxımından Ermənistan üçün problemlər yaradacaq:
“ABŞ ilə münasibətlərin dərinləşməsi və ya dərinləşdirməyə cəhdlər Ermənistan-İran münasibətlərinin hazırkı əlverişli inkişaf kursunu poza bilər.
Ermənistan hakimiyyətinin Qərbə yaxınlaşma ilə bağlı bütün riskləri dərk edib-etmədiyinə şübhə ilə yanaşıram. Bu, təkcə İran yox, Rusiyadan da bir çox çağırışlar gətirə bilər. Regionun problemləri çoxdur, Trampın Cənubi Qafqazda siyasətinin necə olacağı da bəlli deyil. Trampın əvvəlki hakimiyyəti dönəmində baş verən 44 günlük müharibə zamanı ABŞ-nin passiv mövqeyini də xatırlamaq lazımdır”.
Xatırladaq ki, ötən gəftə ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Müqavilə çərçivəsində yaxın həftələrdə ABŞ-dən Ermənistana gömrük və sərhəd təhlükəsizliyi məsələləri üzrə qrupun göndəriləcəyi açıqlanıb.