AZ

AYİB Gəncənin su təchizatı layihəsinə kredit ayıracaq

Ölkəmizin Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığı getdikcə genişlənir. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə adı çəkilən maliyyə qurumu ilə kredit sazişinin imzalanması da bunun bariz nümunəsidir. 
Kredit sazişi Davosda Azərbaycan Prezidenti İlham Əliyevin AYİB-in  prezidenti Odile Reno-Basso ilə keçirdiyi görüş zamanı imzalanıb. Sənədə iqtisadiyyat naziri Mikayıl Cabbarov və bankın birinci vitse-prezidenti Yurqen Riqterink imza atıblar.
Sazişə əsasən, Gəncədə su təchizatının modernləşdirilməsi, kanalizasiya və yağış sularının idarə edilməsinin yaxşılaşdırılması, həmçinin sutəmizləyici qurğuların tikintisi üçün 35 milyon avro suveren kredit ayrılıb. Layihənin ümumi dəyəri isə 410 milyon avro təşkil edir. Kredit bir neçə tranşda veriləcək və beynəlxalq donorun təqdim etdiyi investisiya qrantı hesabına birgə maliyyələşdiriləcək. AYİB-in “Yaşıl şəhərlər” proqramı çərçivəsində həyata keçirilən layihə “Gəncə Yaşıl şəhər” Fəaliyyət Planında müəyyən edilmiş “suyun əlçatanlığı və keyfiyyəti” kimi prioritet ekoloji problemin həllinə yönəlib. 
Yeri gəlmişkən, Gəncə şəhərinin su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması layihəsi hökumət üçün mühüm əhəmiyyət kəsb edir. Layihə başa çatdıqdan sonra Gəncə şəhəri fasiləsiz su təchizatı və kanalizasiya xidmətləri ilə tam təmin olunacaq, yağış sularını idarəetmə sisteminin tətbiqi sayəsində daşqın riskləri azalacaq. Layihə, həm də çirkab suların Gəncə çayına axıdılmazdan əvvəl təmizlənməsini təmin etməklə ətraf mühitə müsbət təsir göstərəcək.
Eyni zamanda, layihənin həyata keçirilməsi şəhərdə su itkisini azaldacaq və çirkab suların lazımi qaydada təmizlənməsini təmin edəcək. Bu da  “yaşıl iqtisadiyyat”a keçidə mühüm töhfə verəcək. Layihənin keyfiyyətli idarə edilməsini dəstəkləyəcək korporativ idarəetmə üzrə Fəaliyyət Planı da hazırlanacaq.

XQ

Seçilən
4
14
xalqqazeti.az

10Mənbələr