Postmüharibə hədəfləri və regional dinamika
“3+3” formatının müharibədən sonrakı məsələlərlə yanaşı, geniş regional dinamikanı əhatə etməsi prinsipial geosiyasi funksiyadır. Bununla Azərbaycan Prezidenti “3+3” formatı ilə dövlətin milli və regional kontekstlərə vahid bucaq altında yanaşdığını ifadə etmişdir. Konkret anlamda Azərbaycan Respublikası təhlükəsizlik və əməkdaşlıq perspektivlərini ölkədaxili inkişafla regional sabitlik, təhlükəsizlik və kommunikativ əlaqələr müstəvisinə proyeksiya etməkdədir.
Nəzəri baxımdan burada müstəqil Cənubi Qafqaz dövlətinin geosiyasi aspektdə milli sərhədləri aşaraq regional miqyasda real geosiyasi oyunçu olmağın fəlsəfəsini ortaya qoyduğunu deyə bilərik. Belə alınır ki, Azərbaycan postmüharibə mərhələsinə geosiyasi kontekstdə regional dinamika prizmasında yanaşmağı özünün strateji məqsədlərindən biri kimi qəbul etmişdir. Yeni tarixi mərhələdə bu cür yanaşma kifayət qədər maraqlı və faydalı görünür. Bütün hallarda həmin aspektdə Azərbaycan yeni bir təcrübə yaradır. Təbii ki, bunu həyata keçirmək asan məsələ deyildir. Çünki qalib dövlətin zəfər fəlsəfəsini bütövlükdə region miqyasında praktiki təcrübəyə çevirməsi yüksək yaradıcı və səmərəli fəaliyyət tələb edir. Bu baxımdan “3+3” formatı həm də strateji mənası olan dinamik bir platformadır. Onun özünü təkmilləşdirmək potensialı yüksəkdir. Bu punktdan konkret olaraq regional inkişaf kontekstinə keçmək olar.
III məqalə
“3+3” və regional inkişaf
Prezident İlham Əliyevin “3+3” formatına regional inkişaf kontekstində yanaşması dəqiq düşünülmüş kursun təzahürlərindən biridir. Bu məqam, ümumiyyətlə, yeni şəraitdə təhlükəsizliklə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmənin regional miqyasda bir-birinə bağlantısını ifadə edir. Özlüyündə mürəkkəb vəzifədir. Lakin indiki şərtlər daxilində başqa cür davamlı regional inkişaf yolu yoxdur. Regionda müxtəlif qüvvələr o dərədəcə fərqli fəaliyyət göstərirlər ki, təhlükəsizlik daha sıx surətdə inkişafla bağlı hala gəlmişdir.
Vurğulanan istiqamətdə Azərbaycanın müəyyən təcrübəsi də mövcuddur. Bu təcrübə enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin bir-biri ilə sıx əlaqələndirilməsinə əsaslanır. Azərbaycanın enerji strategiyaında bu özəllik özünü aydın göstərməkdədir. Hazırda Mərkəzi Asiyadan başlayaraq Avropaya qədər geniş bir məkanda Azərbaycanın enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyi qarşılıqlı əlaqədə təmin etdiyini hər kəs qəbul edir. ABŞ və Avropanın yüksək səviyyəli rəsmiləri bununla bağlı dəfələrlə fikir bildirmişlər.
Bu zəmində regional inkişafın davamlı formasına keçid etmək mümkündür. Hətta “3+3”-ün regional əməkdaşlığın mühüm amilinə çevrilməsi perspektivini Azərbaycan Prezidenti vurğulamışdır. Onun reallaşması üçün isə regionda hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı etibarlı zəmanət olmalıdır. Bu keyfiyyətdə “3+3” platforması maraqlı nümunə ola bilər.
Məsələ onunla bağlıdır ki, bu format regionun 6 ölkəsini ortaq mövqeyə gətirmək məqsədi daşıyır. Əgər bu baş tutsa, regiondaxili mühitdə düşmən axtarışı olmayacaq. Əsrlərdir ki, kənarda məhz bu faktora görə Cənubi Qafqazı qarışdırmışlar. Regionda yaşayan xalqları bir-birinə düşmən eməklə özlərinin niyyətlərini həyata keçirmişlər. “3+3” formatı hər şeydən öncə bu təhlükəli gedişatın qarşısını ala bilər. Buradan başqa bir maraqlı və aktual imkan meydana gəlir.
Regionlararası konstruktiv əməkdaşlıq
Geosiyasi trendlərin Cənubi Qafqaz kontekstinə regionlararası masştabda baxmaq artıq bir zərurətdir. Çünki Cənubi Qafqazın qonşu regionlarla çox müxtəlif sferalarda əlaqələri xeyli artmışdır. Hazırda geosiyasi aspektdə faktiki olaraq yeni mənzərə meydana gəlmişdir. Onun əlamətləri sırasında regional təşkilatların geosiyasətdə rolunun artması ilə də bağlıdır. Cənubi Qafqaz üçün bu mənada Türk Dövlətləri Təşkilatı, MDB və Qoşulmama Hərəkatı əhəmiyyətli rol oynamaqdadır.
Maraqlıdır ki, regionun 3 dövləti bu təşkilatların hansınasa birlikdə üzv deyillər. MDB-də öncələr hər üç Cənubi Qafqaz dövləti vardı. Gürcüstan Rusiya ilə olan münaqişədən sonra təşkilatı tərk etdi. Türk Dövlətləri Təşkilatına ancaq Azərbaycan daxildir. Qoşulmama Hərəkatında da Ermənistan (müşahidəçi statusundadır) və Gürcüstan yoxdurlar. Ümumiyyətlə götürdükdə isə hələlik elə bir siyasi xarakterli regional təşkilat yoxdur ki, hər 3 Cənubi Qafqaz dövləti onun üzvü olsunlar.
Burada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) istisnalıq təşkil edir. Onun Nizamnaməsində “bir sıra istiqamətlər üzrə iqtisadi aktivliyin artırılması vasitəsilə regionda sülhün, sabitliyin və inkişafın təmin edilməsi” prioritetlərdən biri kimi yer almışdır. Ancaq “təşkilat çərçivəsində prioritet əməkdaşlıq sahələri kimi, aşağıdakılar müəyyən edilmişdir: ticarət və investisiyalar, gömrük, energetika, nəqliyyat, ətraf mühitin mühafizəsi, elm və texnologiyalar, informasiya və kommunikasiya texnologiyaları, təhsilə investisiyalar, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, turizm, kiçik və orta müəssisələrin inkişafı”.
Belə görünür ki, QDİƏT 3 Cənubi Qafqaz ölkəsinin regional inteqrasiyasına dolayısı ilə yanaşır. Yəni birbaşa Cənubi Qafqazda siyasi, geosiyasi inteqrasiya və təhlükəsizliyin təmini kimi məsələlər prioritet deyildir. Qara dəniz regionu isə genişdir və ora daxil olan dövlətlərin ortaq təhlükəsizlik və geosiyasi inteqrasiya modeli mövcud deyildir. Burada təhlükəsizliyin təmini məsələsinə enerji sferasında əməkdaşlıq prizmasında bir sıra cəhdlər olmuşdur. Lakin onların heç biri real nəticə verməmişdir. Həm də məsələ adətən Qara dəniz–Xəzər dənizi hövzəsi kontekstində qoyulurdu. Hazırda bu məsələ arxa plana keçirilmiş kimi görünür.
Bütün bunların fonunda “3+3” formatının regionlararası miqyasda perspektivi məhz təhlükəsizlik-qarşılıqlı faydalı əməkdaşlıq-geosiyasi inteqrasiya aspektlərində aydın görünür. Belə ki, həmin format yuxarıda vurğulanan bütün tələblərə cavab verir.
Birincisi, burada Cənubi Qafqazın hər üç dövləti üzv kimi nəzərdə tutulmuşdur.
İkincisi, onlarla yanaşı, digər 3 region dövlətləri – Rusiya, Türkiyə, İran da daxil olmalıdır.
Üçüncüsü, “3+3” formatı təhlükəsizliklə müxtəlif istiqamətlərdə əməkdaşlığı qarşılıqlı əlaqədə nəzərdə tutur.
Dördüncüsü, bu format həm də qlobal xarakterli əməkdaşlıq layihəsi olan “Yeni İpək Yolu” ilə sıx bağlıdır. Həmin kontekstdə nəqliyyat, logistika, kommunikasiya, informasiya, gömrük və digər sferalar üzrə əməkdaşlıq nəzərdə tutulur. O cümlədən, “3+3” formatı çərçivəsində Zəngəzur dəhlizinin Orta Dəhlizin bir fraqmenti kimi işləməsinin prinsipial olaraq yeri müəyyən edilmişdir. Əslində Zəngəzur dəhlizi məsələsi bir sıra aspektlərdə “3+3”-ün reallaşmasının həlledici məqamlarından biri kimi də qəbul olunur. Xüsusilə dəhlizə nəzarət bu format çərçivəsində daha perspektivli, real və regionun maraqlarına uyğun təsəvvür edilir.
Belə alınır ki, “3+3” formatı təşkili, funksional və strateji məqsəd aspektlərində region miqyasından regionlararası masştaba transformasiya üçün kifayət qədər yararlıdır. Bu layihənin həyata keçməsi müasir mərhələdə ilk dəfə olaraq perspektivi ola biləcək formatda hər bir region dövlətini əhatə edən inteqrativ mahiyyətli geosiyasi dinamikanı formalaşdırması mümkündür.
Onun faydası müxtəlif sferaları əhatə edə bilər. O cümlədən, bütövlükdə dünya üçün aktual sayılan terrorla mübarizədə bu platforma böyük səmərə verər.
Terrorun hər növü ilə prinsipial mübarizə
Özünü böyük sayan hər bir dövlət terrorla mübarizə apardığını hər fürsətdə bəyan edir. ABŞ, Aİ, Çin, Rusiya, Fransa, Britaniya, İsrail, İran və s. Bu bəyanlar əslində həmin dövlətin özünü mərhəmətli, ədalət və inkişaf tərəfdarı, sülhsevər, insan faktoruna üstünlük verən obrazı yaratmağa xidmət edir. Çünki terrorla mübarizə aparan dövlətlər reallıqda “terror” və “terrorçu” anlayışlarına bütün təzahür hallarında adekvat qiymət vermir, eyni münasibət göstərmir. Məsələn, oxşar hadisələr bir dövlət üçün terrordur, başqası üçün insan haqlarının qorunması və yaxud, bir dövlət dini mənsubluğu terrorizmlə eyniləşdirir və bunun üçün çoxlu “arqument” gətirir. Başqa dövlət isə tamamilə fərqli mövqedə olur.
Bu qeyri-müəyyən vəziyyət fəlsəfi aspektdə terror və terrorla mübarizənin qeyri-müəyyən məna çalarlarına malik olduğu nəticəsini çıxarmağa əsas verir. Başlıca sual isə belədir: gerçəkdən terrorla mübarizə aparan dövlət terrorun istənilən növünə qarşı mübarizə aparandır!
Təcrübə göstərir ki, az sayda dövlət məhz bu mövqedədir. Onların sırasında Azərbaycanın öz yeri vardır. Azərbaycan həqiqi mənada terrorun və hərbi təcavüzün bütün növlərinə qarşı savaş verməkdədir. Heydər Əliyev 1995-ci ildə BMT-nin tədbirində çıxış edən zaman açıq bəyan etmişdi ki, “Azərbaycan xalqının iradəsini ifadə edərək bəyan edirəm ki, biz Yer kürəsinin hər hansı bir nöqtəsində və hər hansı bir formada təcavüzkarlığı pisləyirik. Biz sülh istəyirik. Biz bütün dünyada sülh istəyirik, bizim regionda siilh istəyirik, bütün qonşu dövlətlərlə sülh və mehriban münasibətlər istəyirik”!
Yuxarıda vurğulanan müddəalardan dövlətçilik baxımından vacib sayılan birnəticə çıxara bilərik. Azərbaycanın terrorun və hərbi-informasiya təcavüzkarlığının hər növünə qarşı mübarizəni dünya miqyasında əhəmiyyətli hesab etməsi, onun müstəqil dövlət kimi identikliyinin əsas parametrlərindən biridir.
Terror və zorakılığın istənilən növü ilə dünyanın hər guşəsində mübarizə aparmaq strategiyası Azərbaycan dövlətinin milli miqyasdan regionala və oradan regionlararası masştaba öz dəyərlərini uğurlu proyeksiya etməsinin fəlsəfi məqamıdır. Bu, müstəqil dövlət üçün çox ciddi müsbət bir keyfiyyətdir.
İndi kimlərsə, ola bilər ki, bu tezisin reallığına inanmaq istəməsin. Ancaq praktika hər şeyi yoluna qoyur. Azərbaycan Respublikası müstəqil dövlət kimi regionda və regionlararası səviyyədə konkret uğurları olan dövlətdir. Kim ki, vicdanı ilə “Bakı bunlara necə nail olmuşdur?” sualına cavab axtarmağa çalışsa, vurğuladığımız tezisin həqiqiliynə tam varlığı ilə əmin olacaq!
Başqa tərəfdən, hələlik Azərbaycan müstəqil dövlət kimi əsrlərlə qaldığı “geosiyasətin buludları arxası”ndan, onları dağıdaraq parlayan “Gənc ulduz”dur. Onun parlaqlığından çoxlarının gözləri, ağılları və vicdanları qamaşa bilər! Bəziləri dərk edir, lakin həzm edə bilmir, bir çoxları inanmır, elə zümrə də vardır ki, ümumiyyətlə, laqeydlik mərəzinə tutulmuşdur!
Amma reallıq belədir: Azərbaycan Republikası dövləti artıq öz sözü, yeri, dəqiq müəyyən etdiyi identikliyi və fəaliyyət prinsipləri olan, özünə və başqa dövlətlərə sayğı ilə yanaşan müstəqil güclü dövlətdir! Onun yeni uğurlu lideri vardır! Bunun qürurunu yaşamaq da ayrı bir məsuliyyət, zövq və məsumluqdur!
Füzuli Qurbanov,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru