"SSRİ" adlı monstr-ölkə dağılandan sonra Cənubi Qafqazın geopolitik rolunun önə çıxması ilə dünyada bu regiona marağın artmasıyla yanaşı, müxtəlif ölkələrdə Qafqazı öyrənən, tədqiq edən onlarla institut və mərkəzlər ərsəyə gəldi və hətta uzaq Yaponiya, Çin, Norveç, Fransa kimi ölkələrdə də Qafqazşünaslıq üzrə elmi-tədqiqat institutları, araşdırma mərkəzləri yaradıldı.
Həmçinin, Rusiya, İran, Ermənistan və Gürcüstanda da Qafqazşünaslıq üzrə institut və mərkəzlər fəaliyyət göstərir. Azərbaycan isə bu prosesə ən sonda qoşuldu və 2015-ci ildə AMEA-nın nəzdində Qafqazşünaslıq İnstitutu yaradıldı. Bu institut AMEA-nın ən gənc struktur vahidi olsa da, son illərdə öz peşəkarlığı və fəallığı ilə diqqəti cəlb edirdi.
Lakin təəssüf ki, bu cür strateji əhəmiyyətli institutun ömrü çox da uzun sürmədi. Yaradılmasından düz 10 il sonra sözügedən institutun bağlanılmasına qərar verildi.
Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti tərəfindən bir neçə gün əvvəl Qafqazşünaslıq İnstitutunun ləğvi barədə qərar qəbul edilib.
Bununla bağlı müvafiq rəsmi açıqlamada bildirilib ki, Rəyasət Heyəti AMEA-nın cəmi 18 nəfər elmi işçidən ibarət olan Qafqazşünaslıq İnstitutunun saxlanılmasını məqsədəmüvafiq hesab etməyib və onun fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib.
“İnstitutun Qafqaz tarixi ilə əlaqədar şöbələrinin əməkdaşları Tarix və Etnologiya İnstitutunda, siyasi elmlərə aid olan əməkdaşları isə Fəlsəfə və Sosiologiya İnstitutunda yaradılan bu sahələrə aid genişləndirilmiş yeni şöbələrdə elmi tədqiqat işlərini daha əhatəli şəkildə davam etdirəcəklər”, – deyə AMEA-dan verilən açıqlamada bildirilib.
Maraqlıdır, belə bir absurd qərar nədən və ya haradan qaynaqlanır? Görəsən, bu qərar AMEA-nın öz qərarıdır, yoxsa Elm və Təhsil Nazirliyinin məlum "optimallaşdırma" siyasətinin tərkib hissəsidir?
Bu qərarı qəbul edənlər Qafqazşünaslıq elminin (o cümlədən Qafqazşünaslıq İnstitutunun) Azərbaycan üçün həyati əhəmiyyətini niyə nəzərə almayıblar?
Biz regionun lider dövləti olmağa iddialıyıqsa və üstəgəl qarşımızda Qərbi Azərbaycana qayıdış hədəfimiz, eləcə də digər tarixi ərazilərimizə sahiblənmək kimi vəzifələrimiz varsa, Qafqazşünaslıq İnstitutu kimi strateji əhəmiyyətli beyin mərkəzini bağlamaq hansı beynin "məhsulu"dur?
P.S. Yeri gəlmişkən, Albanşünaslıq sahəsində də fəaliyyətlərimiz qənaətbəxş deyil. Gürcülər və ermənilər bu sahədə bizdən çox-çox öndədirlər. Çünki qonşularımızın Albaniya dövlətinə iddiaları böyükdür. Hal bu ki, Qafqaz Albaniyası onların yox, məhz bizim tariximizin çox önəmli bir parçasıdır.