AZ

BP Azərbaycanın startap ekosisteminə töhfə verir

BP şirkəti 2023-cü ildən dəstəklədiyi təhsil layihəsinin sonuncu mərhələsinin uğurla başa çatdırıb.

“Report” xəbər verir ki, “Gələcək üçün bacarıqlar” adlı layihə Azərbaycanda startap mühitinin yaxşılaşdırılması və innovasiya ekosisteminin genişləndirilməsinə yönəlib.

Ümumilikdə, layihə ölkə ərazisində uğurlu startap ideyalarını potensial investorlarla əlaqələndirmək məqsədli “TUSİ” inkubasiya proqramı kimi tanınan startap təhsili təşəbbüsünün effektivliyinin artırılması fəaliyyətlərinə dəstək vermək üçün nəzərdə tutulmuşdu.

Startap təşəbbüslərinin, inkubasiya proseslərinin və investisiyadan əvvəl ümumi hazırlıq işlərinin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş təlim, mentorluq və digər fəaliyyətlərdən ibarət inkubasiya proqramı. Bu, çoxsaylı ərizəçilər arasından seçilmiş təxminən 10 komanda üçün 6 aylıq bir proqram idi. Proqrama Türkiyədən “Bilişim Vadisi” startap mentorluq şirkətinin təcrübəli mentor və ekspertləri rəhbərlik edirdilər.

8 iştirakçı komandanın layihələrinin təfərrüatlı təqdimatlarından ibarət onlayn televiziya proqramı. Potensial investorların bu proqramlara çıxışı müxtəlif vasitələr və kanallar üzərindən təmin edilib.

Bu gün Bakıda bu inkubasiya proqramının uğurla başa çatmasını qeyd etmək və 10 iştirakçı komandanın ideya və layihələri ilə təqdimatlar və sərgi stendləri vasitəsilə yaxından tanış olmaq üçün tədbir keçirilib.

Tədbirdə çıxış edən BP-nin Xəzər regionunda vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bu layihə BP və tərəfdaşlarının ölkənin inkişaf etməkdə olan startap mühiti və innovasiya ekosisteminin dəstəklənməsinə yönəlmiş səylərinin uğurlu davamıdır. Çox məmnunuq ki, İnkubasiya təliminin davam etdiyi altı ay ərzində iştirakçılar Türkiyədə təşkil olunmuş “iFest” beynəlxalq innovasiya və texnologiya festivalına qatılmaq fürsəti əldə ediblər və orada komandalardan biri nüfuzlu Qlobal Çempion Mükafatı qazanıb. Bundan əlavə, proqramın daha bir iştirakçısı perspektivli startaplarla potensial investorlar arasında əməkdaşlığı təşviq etməklə milli innovasiya ekosisteminin inkişaf etdirilməsi üçün əsas platforma rolunu oynayan beynəlxalq “İnvest Forum” tədbirində birinci yeri tutub. Ümid edirik ki, bu uğurlar 10 komandanın hər birinin həm ölkə ərazisində, həm də beynəlxalq miqyasda gələcək innovativ sahibkarlıq fəaliyyətinin başlanğıcında olduğunu nümayiş etdirir”.

Layihə yerli təhsil təşkilatı olan “İnnovasiyalar Mərkəzi” MMC tərəfindən həyata keçirilib. Altı ay davam etmiş layihənin ümumi dəyəri 91 min manatdan (təxminən 53 600 ABŞ dollarından) artıq olub.

Seçilən
2
36
report.az

10Mənbələr