İkimərtəbəli evində nəvəsi ilə yaşayan qoca tarixin “ən inadkar ev sahiblərindən biri” hesab edilsə də, verdiyi qərardan çox peşmandır.
News24.az xəbər verir ki, magistral yol tikintisinin ortasında olan qocanın evinə minlərlə insan şəkil çəkdirmək üçün baş çəkir.
Çinin Jinxi bölgəsində yaşayan Huang Ping hökumətin köçürmə şərtlərini və təzminatını qəbul etməkdən imtina etdikdən sonra magistral yolun ortasındakı iki mərtəbəli evindən narazıdır. İndi o, dünyanın ən inadkar ev sahiblərindən biri kimi tanınsa da, bu, onu xoşbəxt etmək üçün kifayət etmir.
“Mirror” nəşrinin reportajındakı görüntülərdə evin avtomobil yolunun ortasında bir göz şəklində qaldığı görünür. İkimərtəbəli evin dam örtüyü tikilməkdə olan magistral yolun səviyyəsi ilə demək olar ki, eynidir. Şanxayın cənub-qərbində, Jinxi şəhərində tikilən magistral yolun bu ilin yazında açılması planlaşdırılır.
Magistral yolun tikintisinin ətrafında güclü toz buludu olsa da, yaxınlıqda yaşayan yerli əhali evi görmək və fotoşəkil çəkmək üçün əraziyə axışır. Huang deyib ki, o, günlərini şəhərin mərkəzində nəvəsi ilə keçirir və tikinti işçiləri işi dayandırdıqdan sonra evə qayıdır. O, evinin divarların vaxtaşırı titrədiyini, lakin magistralın hələ də hərəkətə açılmadığı üçün gecələr sakit olduğunu bildirib.
Amma onu narahat edən məsələ magistral yol açılandan sonra vəziyyətin necə olacağıdır. Huang etiraf edib ki, səlahiyyətlilərin təklif etdiyi təzminat paketini qəbul etmədiyinə görə təəssüflənir. Hökumət ona 1,6 milyon yuan və iki mülk təklif edib, sonradan bu məbləğ üç mülkə qaldırılıb.
Aynurə