2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu hesabına yeni məktəblərin tikintisi və əsaslı təmiri işləri həyata keçirilib. 57 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb, 21 təhsil müəssisəsinin təmir-tikintisi başa çatdırılıb, 9 müəssisədə isə son tamamlanma işləri aparılır, eyni zamanda 27 (22 ümumi təhsil) təhsil müəssisəsinin təmir-tikintisinin 2025-ci ildə başa çatması planlaşdırılır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən QHT.az-a verilən məlumata görə, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə 960 şagird yerlik Şuşa şəhər 1 nömrəli, 132 şagird yerlik Xocalı şəhəri 1 nömrəli, 624 şagird yerlik Xankəndi şəhər 4 nömrəli, 132 şagird yerlik Laçın rayonu Sus kənd məktəbi, 960 şagird yerlik Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbi, 460 şagird yerlik Xocalı rayonu Ballıca kənd məktəbi olmaqla ümumilikdə 6 məktəb istifadəyə verilib və fəaliyyətə başlayıb. Əvvəlki illərdə isə 960 şagird yerlik Füzuli şəhər 1 nömrəli, 510 şagird yerlik Laçın şəhər 2 nömrəli və 176 şagird yerlik Laçın rayonu Zabux kənd, 144 şagird yerlik Ağdərə rayonu Talış kənd və 360 şagird yerlik Zəngilan rayonu Ağalı kənd tam orta məktəbləri istifadəyə verilib.
Bununla yanaşı, 50 yerlik Laçın rayonu Sus kənd körpələr evi-uşaq bağçası, 40 yerlik Xocalı rayonu 1 nömrəli körpələr evi-uşaq bağçası, 80 yerlik Xankəndi şəhər körpələr evi-uşaq bağçası olmaqla 3 məktəbəqədər təhsil müəssisəsi də istifadəyə verilib. Daha 3 məktəbin və 2 uşaq bağçasının istifadəyə verilməsi nəzərdə tutulur. 2 məktəbin və 3 uşaq bağçasının tikintisi isə davam edir.
Hazırda işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 11 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin təhsil müəssisələrində 2 minə yaxın şagird (məktəbəhazırlıqla birlikdə) təhsil alır, 270-dən çox təhsilverən çalışır. Ümumi təhsil müəssisələri ilə yanaşı cari tədris ilindən Xankəndidə Qarabağ Universiteti də fəaliyyətə başlayıb.
Pərvanə Fərhadqızı
QHT.az