"Azərbaycan prezidenti cənab İlham Əliyev Davos İqtisadi Forumunda iştirak etməklə yanaşı, ənənəvi olaraq müxtəlif siyasi liderlərlə, şirkət, korporasiya rəhbərləri ilə ikitərəfli görüşlər keçirir. Eyni zamanda bir çox televiziyalara müsahibələr verir".
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, prezident İlham Əliyev xarici ölkə rəhbərləri və şirkət başçıları ilə görüşlərində Azərbaycanın yaratdığı yeni reallıq, həyata keçirilən layihələr və qarşılıqlı münasibətlərlə bağlı ölkəmizin mövqeyini ortaya qoyur:
"Cənab prezidentin Çinin nüfuzlu CGTN (China Global Television Network) telekanalına müsahibəsi çox önəmli idi. Çünki Orta Dəhlizin inkişafı ilə bağlı Azərbaycanın mövqeyi və ölkəmizin rolunun vurğulanması mühümdür. Dövlət başçısı məşhur telekanala müsahibə verməklə Azərbaycanın həqiqətlərini növbəti dəfə dünyaya çatdırdı. Eyni zamanda, cənab prezident Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Stader ilə görüşdü. Bu görüş də Azərbaycan üçün çox əhəmiyyətlidir. Bununla yanaşı, dövlət başçısı Latviya prezidenti ilə görüşərək Latviya-Azərbaycan münasibətlərinin inkişafını müzakirə etdilər. Xüsusilə iqtisadi əlaqələrin gücləndirilməsi üçün önəmli məsələlərə toxunuldu".
Naqif Həmzəyev: Davos İqtisadi Forumunda Azərbaycan öz mövqelərini daha da gücləndirəcək
Müsahibimiz qeyd edib ki, Davosda dövlət başçısının önəmli təmasları davam etməkdədir:
"Cənab prezident bir çox panel toplantılarında iştirak edərək moderatorların suallarını cavablandıracaq. Azərbaycanın iqtisadi inkişafını özündə ehtiva edəcək gələcək layihələrin icrası ilə bağlı vacib şəxslərlə görüşlər önəmlidir. Bununla yanaşı, Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması və sülhün əldə edilməsi ilə bağlı da vacib görüşlərin olma ehtimalı var. İnanırıq ki, Davos İqtisadi Forumunda Azərbaycan öz mövqelərini daha da gücləndirəcək. Gələcək əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı vacib nəticələrlə cənab prezident geri dönəcək".
Qeyd edək ki, prezident İlham Əliyev Dünya İqtisadi Forumunda Çinin nüfuzlu CGTN (China Global Television Network) telekanalına müsahibə verib və bir çox məsələyə dair fikirlərini, ölkəmizin mövqeyini bəyan edib. Həmçinin, Prezident Forum çərçivəsində bir sıra ölkə rəhbərləri və iri şirkətlərin başçıları ilə də onların müraciəti əsasında görüşlər keçirir.
Aydın Baxış