AZ

Türkiyənin sabiq səfiri İrəvanı Azərbaycanla dialoqda Tbilisidən nümunə götürməyə çağırıb

Ankara, 24 yanvar, AZƏRTAC

Region ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılan hər bir yeni addım Ankara tərəfindən təqdirlə qarşılanır.

Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç bildirib.

O, Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin bu yaxınlarda Azərbaycana etdiyi ilk xarici səfərin əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, Ankara Gürcüstan Baş nazirinin Bakıya səfərini diqqətlə və razılıqla izləyib.

“Gürcüstan Türkiyə və Azərbaycana dost dövlətdir”, - deyən sabiq səfir iki müstəqil dövlət arasında əlaqələrin qurulması istiqamətində ilk addımların Ümummilli Lider Heydər Əliyev və Gürcüstanın keçmiş lideri Eduard Şevardnadze tərəfindən atıldığını xatırladıb.

“Ulu Öndərin davamçısı Prezident İlham Əliyev Gürcüstanla əlaqələri fəal şəkildə inkişaf etdirir. Tbilisi enerji və nəqliyyat sektorlarında bir sıra meqalayihələrdə Ankara və Bakının etibarlı tərəfdaşıdır. Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 3,6 milyard dollara çatıb və Bakı ilə Tbilisi arasındakı siyasi əlaqələr bütün qonşu dövlətlər üçün örnəkdir”, - deyən H.Kılıç Gürcüstanda yaşayan yüz minlərlə azərbaycanlının iki ölkə arasında daha da yaxınlaşma yolunda mühüm rol oynadığını diqqətə çatdırıb.

“İMZA” assosiasiyasının nümayəndəsi diqqəti Azərbaycan dövlətinin diasporla, o cümlədən Gürcüstanla əlaqələrin gücləndirilməsi istiqamətində göstərdiyi səylərə yönəldib.

O, rolu getdikcə artan Gürcüstanı Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən “xüsusi mühüm körpü” adlandırıb.

H.Kılıç İrəvanı regional əməkdaşlığın inkişafına töhfə verməkdə Tbilisidən nümunə götürməyə çağırıb.

“Ermənistan da Gürcüstan kimi Bakı ilə əməkdaşlıqdan böyük dividentlər əldə edə bilər. Bunun şərti ən tez sülh sazişinin imzalanması və Azərbaycanla münasibətlərin normallaşmasıdır”, - deyə H.Kılıç vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
2
21
azertag.az

10Mənbələr