AZ

Məişət tullantıları sənayeyə necə geri qazandırılır? - Açıqlama

Sinqapurda atılan zibillərin bir faizi belə boşa getmir. Demək olar, ada ölkəsində məişət tullantıları sənayeyə təkrar qazandırılır.

Bəs, Azərbaycanda ekoloji baxımdan zərərsiz və sənaye üçün tullantıların faydalı istifadə olunması istiqamətində hansı işlər görülə bilər?

Mövzu ilə bağlı News24.az-a danışan Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, Azərbaycanda ekoloji baxımdan zərərsiz və sənaye üçün tullantıların faydalı istifadə olunması istiqamətində bir sıra tədbirlər görülüb. 

"Burada ekoloji texnologiyaların, sənaye müəssisələrində ekoloji cəhətdən dost texnologiyaların tətbiqi, yəni tullantıların minimal səviyyəyə endirilməsi üçün proseslərin optimallaşdırılması vacib amildir. Təkrar emal üzrə yeni texnoloji qurğuların istifadəsi ilə və bu sahədə düzgün dövlət siyasətinin olması da olduqca vacibdir", - deyə o əlavə edib. 

Deputat qeyd edib ki, u sahədə dövlət siyasəti hazırlanıb və son illərdə təkmilləşdirilir. 

"Belə ki, Abşeron regionundakı mövcud ekoloji problemlərin planlı sürətdə həll edilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən 28 sentyabr 2006-cı il tarixində "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" çərçivəsində Bakı və Abşeron yarımadasının tullantılarının düzgün idarə edilməsi yönəldilmiş fəaliyyətlərin həyata keçirilməsinə başlanılıb. Bu prosesin davamı olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 6 avqust 2008-ci il tarixli Sərəncamı ilə “Təmiz Şəhər” ASC təsis edilib. 

Bu çərçivədə Balaxanı Sənaye Parkı yaradılıb, təkrar emal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait qurulub. Sənaye parkı ərazisində mexaniki emal və istehsal qurğuları üçün bütün şərait və dəstək dövlət tərəfindən təmin edilir. Balaxanı Sənaye Parkı tullantıların təkrar emalı ilə məşğul olmaq istəyənlər üçün də əlverişli məkandır. 

Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu ölkədə təkrar emal sahəsini inkişaf etdirmək məqsədilə inşa edilib. İl ərzində 100 min tona qədər bərk məişət tullantısının çeşidlənməsi mümkün olan zavod qabaqcıl alman texnologiyaları əsasında qurulub. Çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olan kağız, şüşə, plastik, əlvan metal, dəmir və digər xammallar ayrılır ki, bunun nəticəsində tullantıların ümumi həcmi azalır, ucuz xammal bazarı formalaşır, ölkədə təkrar emal sənayesinin qurulması üçün zəmin yaranır, enerjiyə qənaət olunur və ən önəmlisi - tullantıların ətraf mühitə mənfi təsiri azaldılır", - deyə o bildirib.

P.Vəliyavenın sözlərinə görə, görülən işlərin fonunda cəmiyyətdə ekoloji şüurun artırılması da çox vacibdir:

"Burada maarifləndirmə kampaniyalarının təşkili və tullantıların düzgün idarə olunması üzrə siyasətlərin həmçinin, əhaliyə aşılanmasına böyük ehtiyac var.

Bu sahədə bütün maraqlı təşkilatlarla əməkdaşlıq edilə bilər. Qeyri-hökumət təşkilatları, akademik araşdırma mərkəzləri və özəl sektorda ekoloji təşəbbüslər üzrə əməkdaşlığın qurulması, birgə layihələrin icrası tullantıların düzgün idarə olunması işinə töhfə verə bilər".

Ağa Dadaşzadə

Seçilən
15
16
news24.az

10Mənbələr