AZ

Azərbaycanın Ərbildə Baş konsulluğu niyə GECİKİR...

Azərbaycan 2023-cü ildə İraq Kürdüstan Regionunun Ərbil şəhərində Baş Konsulluq açmağı planlaşdırırdı. Bu barədə xəbərlər həmin ilin fevral ayında yayılıb. Münhendə keçirilən təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani arasında görüş baş tutub. İraq Kürdüstan Regionunun rəsmi açıqlamasına görə, tərəflər Ərbildə Azərbaycan Baş Konsulluğunun açılması barədə razılıq əldə ediblər. Konsulluğun açılmasının tərəfdaşlıq əlaqələrinə töhfə verəcəyi vurğulanıb.

Liderlər arasında razılıq edilməsindən 2 ilə yaxın vaxt keçib. Ancaq hələlik Baş konsulluq yaradılmayıb.

2024-cü ilin sonunda Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov geri çağırılıb və yeni səfirin təyin edilməsi gözlənilir.

Modern.az-ın məlumatına görə, bundan sonra konsulluğun açılması ilə bağlı işləri sürətləndirəcəyi ehtimal edilir.

Saytımıza açıqlama verən Kərkük Mədəniyyət Mərkəzinin sədri Şəmsəddin Kuzəçi bildirib ki, Ərbildə 2 milyon insan yaşayır, onların 400 mini türkmənlərdir.

"Azərbaycan səfiri Baş konsulluqla bağlı müraciət etmişdi. Amma bu günə qədər hansısa nəticə verməyib. Çünki Ərbildə də hökumət hələ qurulmayıb. Bu işlər biraz zaman istəyir, konsulluğun nə vaxt açılıb-açılmayacağı Azərbaycana bağlıdır. Azərbaycan əvvəlcə Bağdada bir səfir təyin etməlidir, bundan sonra Ərbildə konsulluğun açılması üçün müraciət edilə bilər. Mən bizim nazirimizlə bu mövzuda danışmışam. Dedi konsulluğun açılması ilə bağlı heç bir maneə yoxdur, müraciət də yerindədir. İki ölkə arasında protokol imzalana bilər".

Milli Məclisin Azərbaycan-İraq parlamentlərarası İşçi Qrupunun üzvü Ceyhun Məmmədov isə bildirib ki, məsələ İraqla razılaşdırılmalıdır:

“Bu məsələlər dövlətlərarası münasibətlərlə tənzimlənir. Söhbət ondan gedir ki, Azərbaycanla İraqdakı kürd muxtariyyəti arasında münasibətlər elə də yüksək səviyyədə deyil. Bir neçə dəfə bu ərazinin rəsmi şəxsləri Azərbaycanda səfərdə olub. Cənab Pezident Davosda olarkən növbəti dəfə həmən bu muxtariyyətin nümayəndələri ilə görüşdü və onlarla müəyyən fikir mübadiləsi  aparıldı. Bu, artıq xarakterik hal alıb. Burada bir reallıq da var ki,  məsələ İraq dövləti ilə razılaşdırılmalıdır. Çünki bura ayrıca bir respublika kimi tanınmayıb. Ərbil şəhəri, ümumiyyətlə İraq Kürdüstanı təbii sərvətlərlə zəngin bölgədir. Buranın çox geniş potensial və imkanı var. Bu ərazilər haqda danışanda bunları da nəzərə almaq lazımdır”.

Deputat vurğulayıb ki, prosesin tam qaydaya düşməsi üçün müəyyən zamana ehtiyac var:

“Yəqin ki, müəyyən dövrdən sonra bu məsələ ilə bağlı ümumi razılığa gələcək. Bu sadə yox, zaman alan məsələdir. Hesab edirəm ki, dövlətlərarası razılaşmaya əsasən bu məsələyə baxacaq və  məsələ gündəmdə saxlanılacaq. Burada Türkiyə məsələsi var. Digər məsələlər də var. Bu məsələ elə tənzimlənməlidir ki, dostlarımızla münasibətlərimizə xələl gətirib, pozulmasına gətirib çıxarmasın. Azərbaycan bunu edərkən çox düşünürək beynəlxalq  nomraları nəzərə alıb, ölçü-biçərək etməlidir. Dövlətlərarası razılaşmaya əsasən gələcəkdə bu məsələyə baxıla bilər”.

Seçilən
13
50
modern.az

10Mənbələr