AZ

Çin Təkla-Məkan səhrasının yaşıllaşdırılması üzrə geniş layihəni başa çatdırıb

Bakı, 24 yanvar, AZƏRTAC

2024-cü ildə Çin “Təkla-Məkan səhrasının yaşıl kəməri” adlı unikal layihənin reallaşdırılmasını bitirib. Layihə səhralaşma ilə mübarizədə vacib mərhələ olub. Onun reallaşdırılmasına 46 il vaxt sərf olunub, layihənin özü isə ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına və qum fırtınalarının təsirinin azaldılmasına yönəlmiş “Üç şimal meşə zolağı kəməri” proqramının bir hissəsidir.

AZƏRTAC xəbər verir ki, Çinin şimal-qərb hissəsində, Sinçzyan bölgəsində nəhəng Təkla-Məkan səhrasını əhatə edən 3000 kilometr uzunluğunda ekoloji sədd yaradılıb. Təşəbbüsün əsas hədəfləri quraqlığa davamlı sərt şəraitə uyğunlaşdırılmış bitkilərdən istifadə etməklə bitki örtüyünün çoxaldılması, yaşıllaşdırmanın yerli iqtisadiyyata inteqrasiyası, o cümlədən meyvə və dərman bitkilərinin yetişdirilməsi, ölkədə meşə ərazilərinin artırılmasıdır. Meşə sahələri 1949-cu ildəki 10 faizdən 2023-cü ilədək 25 faiz artıb.

Uğurlara baxmayaraq, səhralaşma ciddi problem olaraq qalır. Belə ki, səhralar hələ də Çin ərazisinin 17.58 faizini əhatə edir. Bu məsələdə kritik faktor quraqlıq şəraitdə bitki örtüyünə həyat verən su çatışmazlığıdır. Bunun üçün kütləvi suvarmaya ehtiyac var.

Bundan başqa, meşələrin bərpa edilməsi sahəsində genişmiqyaslı layihələrin ekosistemə qeyri-müəyyən təsirləri də var. Ehtimal olunur ki, yerli olmayan bitki növlərinin introduksiyası və ya su axınlarının dəyişdirilməsi torpağın sağlamlığına və biomüxtəlifliyinə təsir edə bilər.

Bu cür təşəbbüslərin uzunmüddətli perspektivdə effektivliyi daha geniş monitorinq və araşdırma tələb edir. Alimlər “Yaşıl kəmər”in qum fırtınalarından nə qədər uğurla qoruduğunu, səhralaşmanın qarşısını aldığını və regionun ekologiyası üçün uzunmüddətli təsirlərinin nə dərəcədə olduğunu araşdırmağa davam edirlər.

Layihə Çinin ekoloji bərpa sahəsində əhəmiyyətli dərəcədə irəliləyiş etdiyini nümayiş etdirir, eyni zamanda, səhralaşma probleminin həllinə və təbii tarazlığın qorunub saxlanmasına kompleks yanaşmanın vacibliyini vurğulayır.

Seçilən
9
50
azertag.az

10Mənbələr