AZ

Azərbaycan birbaşa xarici investisiyaları bu yolla cəlb edə bilər - MÜSAHİBƏ

Davosda Dünya İqtisadi Forumu keçirilir və burada bir sıra maraqlı fikirlər və çağırışlar səslənir. Azərbaycanın Prezidenti İlham Əliyev də Forumda iştirak edib. Dövlət başçısı Forum çərçivəsində siyasət və iş adamlarına bir sıra görüşlər keçirib, ölkəmizin uğurları, iqtisadiyyatımızın perspektivlərini təqdim edib.

 

Modern.az Davos Forumunun əhəmiyyəti, ölkəmizin iqtisadiyyatına qatqıları, Azərbaycanın investisiya mühiti, Orta Dəhlizin perspektivləri mövzusunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədovla həmsöhbət olub.

 

Müsahibəni təqdim edirik:

 

-  Davos Forumu Azərbaycana və ümumilikdə dünyaya nə vəd edir?


- Davosda keçirilən Dünya İqtisadi Forumu 1970-ci illərdən etibarən hər il dünya liderlərinin, siyasətçilərin və iş adamlarının bir araya gəldiyi mühüm bir platforma olub. Xüsusilə, müasir dünyada ciddi kataklizmlərin, sürətli dəyişikliklərin müşahidə edildiyi, süni intellektin sürətlə sənaye və cəmiyyət həyatına nüfuz etdiyi bir zamanda Dünya İqtisadi Forumu mühüm əhəmiyyət kəsb edir. Azərbaycan da 1995-ci ildən Forumda iştirak edir, o cümlədən cİlham Əliyev də 2007-ci ildən Forumda aktiv iştirak edir. Bununla belə, 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən, 2023-cü ildəki 23 saatlıq antiterror tədbirlərindən sonra bütün dünyanın Azərbaycana baxışı, yanaşması dəyişib. Artıq regionda yeni reallıqlar yaranıb. Azərbaycan nəinki bölgədə, həm də Cənubi Qafqazda oyun qaydalarını dəyişən, tənzimləyən gücə çevrilib. 

Azərbaycanın strateji mövqeyi, xüsusən Xəzər hövzəsindəki rolu, nəqliyyat-tranzit qovşağı kimi əhəmiyyəti və enerji təhlükəsizliyində etibarlı tərəfdaş olması ölkəmizə olan marağı daha da artırır. 

Xəzər hövzəsindən keçən Şimal-Cənub və Şərq-Qərb marşrutları, regionun qlobal əhəmiyyətini artırır. Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiya kimi ölkələri birləşdirən Xəzər regionu 2,6 trilyon dolları  ümumi daxili məhsula, 270 milyona yaxın əhali sayına malikdir. Bu Xəzər hövzəsinin iqtisadi potensialını və strateji əhəmiyyətini bir daha göstərir. 

Azərbaycanın dünya enerji təhlükəsizliyindəki əhəmiyyəti, həmçinin regiondakı siyasi və iqtisadi mövqeyi, hər hansı beynəlxalq layihənin uğurla həyata keçirilməsi üçün əsas şərtdir. Azərbaycanın xeyir-duası olmadan Xəzər hövzəsindəki böyük layihələrin reallaşdırılması çətin və ya qeyri-mümkün ola bilər. Rusiya-Ukrayna münasibətləri və bu münasibətlərin Xəzər bölgəsinə təsiri də regionun diqqət mərkəzində olmasını təmin edir.


Foto: İlham Əliyev yanvarın 20-də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verir.

 

- Bütün bunlar nəzərə alınaraq regionun aparıcı dövləti kimi Azərbaycanın perspektivləri haqqında nələri proqnozlaşdırmaq olar? 

- Prezident İlham Əliyev Forum çərçivəsində Almaniya kansleri Olaf Şolts, İsrail Prezidenti İsxak Hersoq, ABŞ-nın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur, “Oliver Wyman Group” şirkətinin Baş icraçı direktoru Nik Stader və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirib.  Bu görüşlər Azərbaycanının uğurlarının bir daha dünyaya tanıdılmasına və beynəlxalq iş adamları ilə ölkəmizdəki investisiya imkanlarının təqdim edilməsinə şərait yaradır.

Məlumat üçün bildirim ki, son 20 ildə ölkəmizdə 19 min kilometr avtomobil yolu, 1500 kilometrə yaxın dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Hazırda isə işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu, tunellər və yüz kilometrlərlə dəmir yolu inşa olunur. Azərbaycan, Xəzər dənizində 52 gəmi ilə ən böyük mülki yük donanmasına, 18 təyyarə ilə isə regionda ən böyük mülki hava yük donanmasına malikdir. Ölkəmizdə 8 beynəlxalq hava limanı mövcuddur və Laçında yeni bir hava limanının tikintisi davam edir. Bununla yanaşı, Azərbaycanın 115 min tonluq "Şuşa", "Qarabağ" və "Zəngəzur" adlı tankerləri Qara dənizdə daşımalar həyata keçirir. Azərbaycanda regionun ən böyük gəmiqayırma zavodu fəaliyyət göstərir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmiləri istehsal edə bilir.

Bir neçə  əvvəl Ələtdə 4 böyük  terminalın yaradılmasına başlanılıb. Hələlik tam gücü ilə işləməsə də, bu terminal artıq öz bəhrəsini verməkdədir. Burada daha çox həcmdə və çeşiddə yüklərin daşınması, qəbulu və yola salınması üçün davamlı işlər aparılır. Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın beynəlxalq daşınma imkanları daha da genişlənəcək. Bütün perspektivdə nəqliyyat-tranzit xidmətlərinin xüsusi yer tutacağına əsas yaradır.

Eyni zamanda, Azərbaycan qlobal trendləri və dünya nümunələrini də diqqətlə izləyir və zamanında tətbiq edir. Məsələn, "World Investment Report 2024"-ə görə inkişaf etməkdə olan ölkələrdə davamlı inkişaf məqsədlərinə uyğun olaraq sektorlar üzrə investisiya trendlərində infrastruktur sahəsində 8 faiz, kənd təsərrüfatı sahəsində 13 faiz, təhsil və səhiyyə sahələrində isə 6 faiz artım müşahidə olunur. Bu nəticəyə əsasən, qarşıdakı illərdə, ən azı 2030-cu ilədək infrastruktur quruculuğu, ərzaq təminatı və kənd təsərrüfatı ilə yanaşı, sosial sferanın inkişafı prioritet olacaq. 

 

- Aqil müəllim, investisiya məsələlərinə toxundunuz.  Bir iqtisadçı və aparıcı beyin mərkəzinin əməkdaşı kimi, dünyanın investisiya mənzərəsini necə qiymətləndirirsiniz?

Tarixən ABŞ, Avropa İttifaqı ölkələri və Yaponiya ənənəvi olaraq xarici birbaşa investisiyaların ən böyük mənbəyi olub. Lakin bu gün mənzərə dəyişir; Çin, Hindistan və digər inkişaf edən ölkələr artan şəkildə həm investisiyaların əsas mənbələri, həm də alıcıları olmağa başlayıb. Bu regionda xarici investisiyalar daha çox istehsal, yüksək texnologiya sənayeləri və xidmət sahələrinə yatırılır.

ABŞ böyük istehlakçı bazası, yenilikçi ekosistemi və əlverişli biznes mühiti ilə investisiyalar üçün  mühüm məkan olaraq qalır. O cümlədən, Meksika da ABŞ-a yaxınlığı və ABŞ-Meksika-Kanada (USMCA) ticarət razılaşmalarına qoşulması səbəbindən əhəmiyyətli dərəcədə investisiya cəlb edir. Bu region texnologiya, maliyyə və daşınmaz əmlak sahələrindəki sərmayələrlə dünyanın ən böyük investisiya alıcısıdır. Latın Amerikasında isə xüsusilə təbii sərvətlər, kənd təsərrüfatı və infrastruktur sahələrinə sərmayə cəlb edilir.

Avropa bazarı cəlbedici olsa da, Brexit razılaşması investisiya axınına müəyyən qədər təsir göstərir. Bununla belə, Şərqi Avropa, xüsusən Polşa, Macarıstan və Rumıniya kimi ölkələr Aİ bazarına yaxınlıq səbəbindən daha çox xarici birbaşa investisiya cəlb edir.

Təbii sərvətlərlə zəngin Nigeriya və Cənubi Afrika Respublikası kimi ölkələr də investisiya üçün mühüm istiqmətlərdir. Amma bu ölkələrdə siyasi qeyri-sabitlik və infrastruktur məsələləri investisiyalar üçün maneələr yaradır.

Eyni zamanda, böhranlar, proteksionist siyasətlər və regional dəyişikliklər dünya iqtisadiyyatının düzənini pozur, ticarət şəbəkələrini, tənzimləyici mühitləri və qlobal təchizat zəncirlərini parçalayır. Bu baxımdan milli siyasətlərdə və beynəlxalq müqavilələrdə maliyyə şərtlərinin yüngülləşdirilməsi və investisiyaların hərəkətinin asanlaşdırılması səmərəli ola bilər. Bütün bunlar BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) məlumatları, “World Investment Report 2024” də bir daha təsdiq edir.

- Azərbaycan bu investisiyalardan faydalanmaq üçün nə etməlidir? Hansı zəruri addımların atılmasına etntiyac var?  

- Əvvəla, Dünya İqtisadi Forumunda keçirilən görüşlərin və aparılan müzakirələrin bir məqsədi də investisiyaların beynəlxalq hərəkətliliyinə töhfə verməkdir. Aparılan araşdırmalar belə deməyə əsas verir ki, Azərbaycanın qeyri-neft sektorunda birbaşa xarici investisiyaların artması bu seqmentin inkişafına müsbət təsir edər. Müvafiq ekonometrik hesablamalar da onu göstərir ki, qeyri-neft sektorunun inkişafında birbaşa xarici investisiyalar mühüm rol oynayır.

Azərbaycan, regional ixrac imkanlarını nəzərə alaraq ixracyönümlü xarici investisiyaların (export-oriented FDİ), eləcə də inkişaf etmiş infrastruktur və kvalifikasiyalı işçi qüvvəsinə əsaslanaraq səmərəliliyə söykənən xarici investisiyaların (efficiency-seeking FDİ) cəlbinə maraqlı ola bilər.

Son illər müşahidə edilən böhran halları göstərdi ki, şirkətlər investisiya qoymaq üçün yeni bazarlar axtarmağa və bu yolla müvazinatlarını qorumağa çalışırlar. Çünki transmilli korporasiyalar öz bazarlarını coğrafi baxımdan nə qədər çox diversifikasiya etsələr, o qədər də müvazinatlarını qorumağa müvəffəq olurlar. Bu mənada, Azərbaycan qeyri-neft sektoruna, xüsusən də infrastruktur quruculuğu, aqrar sahə və sosial sferada transmilli korporasiyaları cəlb etməklə onlara təkcə yerli deyil, həm də regional (Qafqaz, Xəzər, MDB, İran, Türkiyə) bazarlara çıxmaq imkanı təklif edə bilər.

“World Investment Report 2024”-də də vurğulanır ki, dövlətlər biznesin asanlaşdırılması, rəqəmsal hökumət həlləri, şəffaf və rasional mühit yaratmaqla investisiyaları təşviq edə bilər. Hesabatda, xüsusən inkişaf etməkdə olan ölkələrə fayda verən daha geniş rəqəmsallaşmanın dəstəkləndiyi bildirilir.

Ölkəmizdə bir neçə ildir ki, sürətli rəqəmsallaşma gedir, elektron hökumət formalaşıb, elektron xidmətlərin sayı hər il artır və s. Davamlılıq nöqteyi nəzərindən diversifikasiyaya getmək istəyində Azərbaycanla transmilli korporasiyaların maraqları üst-üstə düşə bilər. Azərbaycan regional bazarların əhatə dairələrinin, müxtəlif beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi  bir coğrafiya olaraq transmilli korporasiyaların diqqətini cəlb edə bilər.

Fotoda: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov

 

- Aqil müəllim, yeri gəlmişkən, Azərbaycanın iştirakçısı olduğu beynəlxalq nəqliyyat dəhlizlərində vəziyyət necədir, dəhlizlərdən gözləntilər nədən ibarətdir?

- Bu gün Azərbaycan iki mühüm istiqamətdə - Avropanın enerji təminatı və təhlükəsizliyində, eləcə də Çin-Avropa-Çin yük axınının həyata keçirilməsində diqqəti cəlb edir. Avroatlantik məkanın mühüm nəqliyyat-tranzit qovşağına çevrilmiş Azərbaycan Respublikası beynəlxalq nəqliyyat dəhlizlərinin potensial imkanlarının reallaşdırılması istiqamətində davamlı fəaliyyət göstərir. 

Ölkəmizin qoşulduğu beynəlxalq nəqliyyat dəhlizləri üzrə 2023-cü ildə 32.8 milyon ton yük daşınıb ki, bunun 53 faizi Şərq-Qərb, 28.3 faizi Şimal-Cənub, 18 faizi Şimal-Qərb, 0,7 faizi isə Cənub-Qərb nəqliyyat dəhlizinin payına düşür. Daşınan yükün 56.8 faizi tranzit yüklərdən ibarətdir. 2023-cü ildə beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşınmasından 555.4 milyon manat gəlir əldə olunub ki, bunun 62,2 faizi tranzit yük daşınmalarının payına düşür. Eyni zamanda, beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük dövriyyəsi 12,874 milyon ton-km təşkil edib, bunun da 51,6 faizi Şərq-Qərb, 19.4 faizi Şimal-Cənub, 26.3 faizi Şimal-Qərb, 2.7 faizi isə Cənub-Qərb nəqliyyat dəhlizinin payına düşür.

Daşınmaların artımını nəzərə alaraq, dəhlizlərin fəaliyyətinin koordinasiyasının gücləndirilməsi və vahid idarəetmənin olması çox vacibdir. Xüsusilə, yükün mənşəyindən təyinat məntəqəsinə qədər daşınmalara cavabdeh olan operatorun olmaması interfeyslərdə və daşınmalarda vaxt itkisinə səbəb ola bilər. Vahid operatorun yaradılması ilə bağlı əldə edilmiş razılaşma düzgün həyata keçirildiyi təqdirdə, bu problemi aradan qaldıra və vaxt itkisini azalda bilər ki, bu da yük daşımalarının cəlbediciliyini artıracaq.

Xəzər və Qara dənizdə limanların, eləcə də Xəzər dənizində gəmiçilik xidmətlərinin gücləndirilməsi bəzi limanların dəmir yolları ilə ilkin və son mil əlaqələrinin inkişaf etdirilməsi məqsədəuyğun olardı. Bəzən iqlim şəraiti səbəbindən ilin müəyyən dövrlərində liman-dəmir yolu əlaqəsi mümkün olmur ki, bu da yüklərin limanlarda qalma müddətlərini uzadır və əlavə xərclər yaradır.

Dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi, dəmir yolu əməliyyatları üzrə avadanlıqların müasirləşdirilməsi, multimodal daşınmalar üçün əlaqələrin gücləndirilməsi, bu sahədə çalışan kadrların tələblərə uyğunlaşdırılması və çevik əməliyyat təcrübəsinin formalaşdırılması, ləngimələrin aradan qaldırılmasına və xərclərin azalmasına kömək edə bilər.

Orta Dəhliz boyunca xidmət təminatçıları və tənzimləyici qurumlar arasında məlumat axınının sürətləndirilməsi və çevik əlaqələndirmənin qurulması zəruridir. Bu, müxtəlif ölkələrin dəmir yolu operatorlarının birləşdiyi sərhəd-keçid məntəqələrində ləngimələri azaldaraq, Orta Dəhlizin cəlbediciliyini daha da artırmağa imkan verər. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu sahədə yeni bir platforma yaratmışdır.
Bütün bunlarla yanaşı, dəhlizin cəlbediciliyini artırmaq üçün daha yaxşı və çevik koordinasiyanı təmin etmək, səmərəli logistika və rəqəmsallaşma yolu ilə qısamüddətli səmərəliliyi artırmaq və bu ilə bağlı orta müddətli investisiyalarla birləşmək məqsədəuyğun olardı. 

Beləliklə, qeyd edilənlərin həyata keçirilməsi ilə Orta Dəhliz üzrə daşınmaların 2030-cu ilə qədər üç dəfə artırılması mümkündür. Eyni zamanda, daşınma müddətini iki dəfə azalda bilərik.



 

- Orta Dəhlizlə bağlı qeyd edilənləri  texnoloji və institusional olmaqla iki qrupda təsnifləşdirə bilərik. Texnoloji məsələlər aydındır ki, maliyyə vəsaiti lazımdır, yeni texnologiyalar alınmalıdır, tətbiq edilməlidir, rəqəmsallaşma, elektron xidmətlər və s. təşkil olunmalıdır və s. Dəhlizlər üzrə institusional məsələlər nə yerdədir? 

- Ümumiyyətlə, müasir dövrdə beynəlxalq nəqliyyat dəhlizləri artıq bir dəyər zəncirinə çevrilib. Daşınma xərclərinin hazır məhsulların üzərində təsiri, yeni bir dəyər formalaşdırır. Hansı ki, bu dəyərin formalaşmasında dəhlizlər boyunca bütün ölkələrin bu və ya digər payı vardır, eyni zamanda da bu dəyər insanların layiqli həyat səviyyəsinə ciddi şəkildə təsir imkanına malikdir. Bu mənada, institusional məsələlər də olduqca vacibdir.
Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması, Dövlət Gömrük Komitəsi tərəfindən Orta Dəhliz boyunca tranzit daşınmaların rəqəmsallaşdırılması, ümumi tranzit portalının yaradılması istiqamətində addımlar atılmaqdadır.

Hələ 2023-cü ilin birinci rübündə iştirakçı ölkələrin gömrük xidməti rəhbərləri tərəfindən “Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə sadələşdirilmiş tranzit qaydasının işlənib hazırlanması və tətbiqi üzrə Fəaliyyət Planı” qəbul edilib, Orta Dəhliz boyu ölkələrin gömrük orqanları üçün “vahid tranzit portalı” yaradılıb. 

Dövlət başçısının 7 noyabr 2024-cü il tarixli Fərmanı ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AzCON) yaradılması məhz nəqliyyat sektorunda, daşıma tariflərində vahid yanaşmanı, müxtəlif nəqliyyat növləri arasında uzlaşmanı, korporativ maraqlardan ümumi maraqlara keçidi təmin edəcək. Bütün bunlar yaxın gələcəkdə dəhlizin potensialından daha səmərəli istifadəyə, daşınma həcminin artmasına, tranzit daşınmalarından daha çox gəlirin əldə olunmasına kömək edəcək.

 

- Dəhlizin işlək olması üçün isə gərək bütün üzv dövlətlər paralel addım atsın, bu dövlətlər arasında konkret məsələlərlə bağlı bir ümumi razılaşmalar olsun və s.

- Əlbəttə bütün üzv dövlətlər paralel hərəkət etməlidir ki, nəqliyyat dəhlizlərindən də lazımi səmərəni əldə etmək mümkün olsun. Təbii ki, belə razılaşmalar da mövcuddur, konkret hədəflər qoyulub, infrastruktur təkmilləşdirmələri aparılır, eyni zamanda institusonal qərarlar qəbul edilir. 

Türk Dövlətləri Təşkilatı hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumat mübadiləsini asanlaşdırmaq məqsədilə “Türk Dövlətləri Təşkilatı hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” və “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” sazişlərin təsdiq olunması Orta Dəhlizin cəlbediciliyini daha da artıracaq.

Uzunmüddətli perspektivdə “Nəqliyyata baxış - 2053” və “Orta Dəhliz Təşəbbüsü” kimi aydın strategiyalar infrastrukturun inkişafı üçün ölkələr arasında koordinasiyanı gücləndirəcəkdir. Nəticədə, gələcək əməkdaşlıq dəhliz ölkələri üçün Çin və Avropa arasında yüklərin 22-30 faizə  qədərini cəlb etmək şansı yarada bilər.

 “Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında Xəzər dənizi üzərindən iki yeni gəminin istismarına başlanması haqqında saziş imzalanıb ki, bu da daha bir mühüm hadisədir. Xəzər dənizindən keçmək əhəmiyyətli darboğazdır, çünki bərə və liman xidmətləri hər iki tərəfin dəmir yolu tutumunu balanslaşdırmaq üçün kifayət deyil. Bu yeni müqavilə ilə darboğaz problemini azaltmaq və yükdaşıma həcmini artırmaq şansı var. Nəhayət, Asiya İnkişaf Bankının (AİB) dəstək proqramının köməyi ilə Azərbaycan sərhədi ilə Gürcüstanın Batumi limanı arasında yükdaşımaların orta müddəti 4 saat azalacaq. Bundan əlavə, şəbəkələrin illik yükdaşıma qabiliyyətinin 2024-cü ilə qədər 27 milyon tondan 48 milyon tona yüksəlməsi proqnozlaşdırılır ki, bu da Şimal dəhlizindən daha çox yükün cəlb edilməsinə və dəhlizin səmərəliliyinin artırılmasına kömək edəcəkdir.

Dəhliz boyunca daha bir mühüm irəliləyiş Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan arasında birgə “Avrasiya Dəmiryol Alyansı”nın yaradılmasıdır. Birgə müəssisələr tənzimləmənin uzlaşdırılmasında, tariflərin azaldılmasında və yüksək keyfiyyətli intermodal daşınmaların təşviqində həlledici rol oynaya bilər.

Digər tərəfdən, Finlandiyanın “Nurminen Logistics” şirkəti Transxəzər marşrutu ilə Çindən Mərkəzi Avropaya konteyner daşınmalarına başlayıb. Şimal dəhlizindəki qeyri-sabitliyə görə, dünyanın ən qədim logistika şirkətlərindən biri olan Gebrüder Weisss, Türkiyədəki iştirakını genişləndirmək qərarına gəlib və Finlandiyanın “Nurminen Logistics” şirkəti ilə Qazaxıstan Dəmir Yolları arasında Orta Dəhlizinin kommersiyalaşdırılması üçün yeni müqavilə imzalanıb ki, bu da dəhlizə marağın artdığını göstərir. 

Gürcüstan Azərbaycan və Qazaxıstan şirkətləri ilə Gürcüstanın Poti və Rumıniyanın Konstansa limanları arasında gəmilərdən istifadə etməklə yeni gəmiçilik marşrutu hazırlamaq üzərində işləyir.

Bütün bunlar, dəhliz boyunca digər dövlətlərin fəaliyyətini, dəhlizin potensialından istifadə ilə bağlı perspektivləri ifadə edir. 

Seçilən
6
50
modern.az

10Mənbələr