“Belə bir hadisəni xatırlayıram ki, XI şöbənin müstəntiqi tərəfindən döyülən dustaq işgəncələrə dözməyərək ölmüşdü...”
“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
“İstintaq materiallarından...
(Əvvəli burada: )
Şahid Jeltenkova Yevdokiya Alekseyevnanın dediklərindən:
“Belə demək doğru olar ki, XI şöbənin bütün müstəntiqləri dustaqları döyürdülər. Onları xüsusilə axşamlar və gecə vaxtı daha çox döyürdülər, bütün otaqlardan döyülənlərin ürək parçalayan bağırtı və hıçqırıqları eşidilirdi.
XI şöbənin müdiri Xoren Qriqoryan idi... Dustaqlar döyülən zaman bizim - texniki işçilərin otaqlara daxil olmasına icazə verilmirdi Bir dəfə deyəsən, 1938-ci ilin yayında 2-ci şöbənin rəisi Kudin məni otağına çağırdı. Mən onun otağına daxil olarkən əməliyyat müvəkkili Kryuçenkov və Bakı partiya komitəsinin keşmiş işçisi, dustaq Mirqədirova da orada idi. Kudin Mirqədirovaya divana uzanmağı əmr etdi, mənə isə işarə etdi ki, onun paltarını qaldırım. Bundan sonra Kudin onun kürəklərinə, sarğılarına rezin dəyənəklə vurmağa başladı. Elə ilk zərbədən sonra Mirqədirovanın kürəyində və sarğılarında qançırlar, yaralar əmələ gəldi. Mirqədirova çığırır və ağlayırdı. Kudin isə əl saxlamırdı. 10-15 dəqiqədə dayanmadan döyüləndən sonra Mirqədirova huşunu itirdi. Onun üzünə su çiləyib özünə gətirdilər. Kudin onu yenidən döyməyə başladı...
Sual:
-Kudinin işi ilə bağlı Kryuçenkov 1939-cu ildə istintaq zamanı verdiyi ifadədə göstərirdi ki, Mirqədirova döyülən zaman onun əllərini tutan, dəsmalı ağzına tıxayan siz olmusunuz.
Cavab:
-Əgər Kryuçenkov hələ 1939-cu ildə belə deyibsə, deməli elə də olub. Ancaq şəxsən mən bu detalı xatırlamıram. Mirqədirova döyülən zaman otaqda olduğum yaxşı yadımdadır, ancaq onun ağzını dəsmalla tıxayıb əllərini tutmağım yadıma gəlmir...
Dustaqları döymək üçün Kudinin xüsusi rezin dəyənəyi və bambuk ağacından çubuğu var idi. Mən belə hadisəni xatırlayıram ki, XI şöbənin müstəntiqi tərəfindən döyülən dustaq işgəncələrə dözməyərək ölmüşdü. Həmin dustağın familiyası yadımda deyil, onu bilirəm ki, Xəzər gəmiciliyi idarəsinin işçisi idi…”
(Davamı var)
Təqdim etdi:
Sultan Laçı