AZ

“Bu məlumatları müstəntiqlər yalnız bir yolla- dustaqlara mənəvi və fiziki işgəncələr verməklə əldə edirdi…”

“Kryuçenkov onları küçə söyüşü ilə söyür, gimnastika ilə də məşğul ola bilmədiklərini söyləyir və onları yenidən küncdə durmağa məcbur edirdi. Bütün bunları o, şəxsi əyləncəsi üçün, zarafat xatirinə, neçə deyərlər, məzə üçün, dustaqlara nəzarət zamanı darıxmamaq üçün edirdi...”
 
“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
 
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
 
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
 
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
 
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
“İstintaq materiallarından...
 
(Əvvəli burada: )
 
Şahid Qoryayev Fyodor Yakovleviç: 
 
Sual: 
 
-Dustaqları özü və başqaları barədə böhtançı ifadələr verməyə məcbur etmək üçün hansı işgəncə üsullarından istifadə edirdilər? 
 
Cavab: 
 
-Bunun üçün şöbələrdə xüsusi “silahlar” olurdu. Məsələn, şöbə müdiri Qriqoryanda xüsusi dəstəkli qalın kəmər vardı. Həmin “kəmər” in uzunluğu 50-60 sm, qalınlığı, təqribən iki barmaq enliyində idi. Xətkeşin tini, nazik çubuq, hətta təyyarə trosundan da eyni məqsədlə istifadə edilirdi... 
 
Dustaqların otağın küncündə uzun müddət ayaq üstə saxlanılmasından, yəni “stoyka”dan da geniş istifadə olunurdu. Həmin dustaqları 2-3 sutka fasiləsiz olaraq ayaq üstə saxladıqdan sonra 2-3 saatlıq kameraya- “istirahət”ə aparır, sonra yenə də həmin işgəncəni davam etdirirdilər. Ta ki, dustaq günahkar olduğunu boynuna alsın... 
Həmin üsul dustaqlara şöbə müdiri Xoren Qriqoryanın birbaşa göstərişi ilə tətbiq olunurdu. Onun icazəsi olmadan həmin üsuldan istifadə edilmirdi... 
 
Ayrı-ayrı əməliyyat müvəkkilləri, məsələn, Kruyçenkov belə bir üsula da əl atırdılar. “Stoyka”ya qoyulmuş dustağı gimnastika hərəkətləri, məsələn, oturub-durmağa məcbur edirdilər. 30-40 dəfə oturub-qalxdıqdan sonra bəzi dustaqlar halsızlaşıb döşəməyə yıxılırdılar. Kryuçenkov onları küçə söyüşü ilə söyür, gimnastika ilə də məşğul ola bilmədiklərini söyləyir və onları yenidən küncdə durmağa məcbur edirdi. Bütün bunları o, şəxsi əyləncəsi üçün, zarafat xatirinə, neçə deyərlər, məzə üçün, dustaqlara nəzarət zamanı darıxmamaq üçün edirdi... 
 
Bütün işgəncələr, bir qayda olaraq, gecə vaxtı həyata keçirilirdi. Dustaqları gündüz yox, yalnız gecələr döymək barədə Qriqoryan hər birimizə tapşırıq vermişdi. Hətta “stoyka”ya qoyulmuş müttəhimlər belə kabinetin uzaq künçünə keçirilir, onların qapı açılarkən dəhlizdən görünmələrinə yol verilmirdi... 
 
Mən bir faktı da deməyə bilmirəm. Təqribən 1937-ci ilin dekabrında Qriqoryan XI şöbəyə müdir təyin olunanda şöbə müdirləri vasitəsilə bütün müstəntiqlərə belə bir cinayətkar əmr verdi: bu və ya digər iş üzrə çalışan hər bir müstəntiq, dustağın işini o yerə gətirib çıxarmalıdır ki, xalq komissarı Sumbatov daha sonra isə Rayev həmin müttəhimi “Birinci kateqoriyaya” aid edə bilsin və Ali Sovetin hərbi kollegiyası və ya hərbi tribunal həmin dustağı ən yüksək cəzaya- güllələnməyə məhkum edə bilsin… 
Bu zaman dustağın həqiqətən günahkar olub-olmamasının heç bir əməli əhəmiyyəti yox idi. O, istintaq zamanı özünü əks-inqilabın üzvü olmaqda günahkar saymalı, onu bu işə təhrik edənin və təşkilatın digər üzvlərinin adını çəkməli idi. Bütün bu məlumatları isə müstəntiqlər yalnız bir yolla- dustaqlara mənəvi və fiziki işgəncələr, əzab-əziyyət verməklə əldə edirdilər... 
 
(Davamı var)
 
Təqdim etdi:
 
Sultan Laçın
 
Seçilən
16
8
moderator.az

10Mənbələr