ABŞ Prezidenti Donald Tramp transgender qadınların (doğuşdan kişi olanların, sonradan cinsini dəyişdirən) kişi həbsxanalarında saxlanılmasını əmr edib. Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Bildirilir ki, federal həbsxanalara dövlət başçısının “Qadınları gender ideologiyası ekstremizmindən qorumaq və federal hökumətdə bioloji həqiqəti bərpa etmək” başlıqlı sərəncamı göndərilib.
Məhbuslara həmçinin cinsiyyət dəyişdirmə əməliyyatları aparmaq qadağan ediləcək.
Amerika liderinin fərmanında deyilir ki, “cinsin bioloji reallığı” məhv etmək cəhdləri qadınlara ləyaqət, təhlükəsizlik və rifahdan məhrum edərək ziyan vurur.
ABŞ Federal Həbsxanalar Bürosunun məlumatına görə, ölkənin həbsxanalarında ümumilikdə 1 500-ə yaxın transgender qadın saxlanılır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp inauqurasiya mərasimində deyib ki, ABŞ-nin rəsmi siyasəti yalnız iki cinsi tanıyacaq.
“Bu gündən Amerika hökumətinin rəsmi siyasəti budur ki, yalnız iki cins var: kişi və qadın”, – Tramp deyib.
Tədbirdə iştirak edən qonaqlar Amerika liderinin sözlərini alqışlayıblar.
“Tramp Administrasiyası dövründə ABŞ hökumətinin rəsmi siyasəti ondan ibarət olacaq ki, yalnız iki cins var: kişi və qadın. Bu qədər mürəkkəb səslənmir, elə deyilmi?”, – deyə o əlavə edib.
Biznesmen Vivek Ramasvami ilə birlikdə hökumətin səmərəliliyini artırmaq və bürokratiya ilə mübarizə aparmaq üçün Tramp administrasiyasında yeni departamentə rəhbərlik edəcək İlon Mask demokrat Cozef Baydenin hazırkı administrasiyasının gender siyasətini də tənqid edib.
Tramp həmçinin əlavə edib ki, vəzifəsinin ilk günündə o, hazırkı Amerika lideri Co Bayden tərəfindən enerji istehsalına qoyulan bütün məhdudiyyətləri aradan qaldıracaq.