Portuqaliyanın “Şaveş” klubunun braziliyalı hücumçusu Joarlem Batista Santos bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə Tovuz klubunun rəsmi saytına istinadən məlumat verir.
Qərb təmsilçisi 29 yaşlı futbolçu ilə 2,5 illik müqavilə bağlayıb. “Turan Tovuz” bu transfer üçün Portuqaliya klubuna 50 min avro ödəyib.
Joarlem Batista Santos karyerası ərzində “Unian San Juan”, “Moqi Mirim”, “Mariliya”, “Kapivariano”, “Taubate”, “Frankana”, “Komersial”, “Linense”, “Mito Hollihok”, “Qremio Yuventus”, “Anqra dos Reys”, “Sportinq Kovilya” kim klublarda çıxış edib. 2022-ci ilin yanvar ayından “Şaveş”in uğurları üçün çalışırdı. Braziliyalı forvard Portuqaliya klubunun heyətində meydana çıxdığı 67 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, “Turan Tovuz” bu qış fasiləsində Rəhim Sadıxov (“Sumqayıt”), Anton Kraçkovski (“Dinamo”, Mahaçqala, Rusiya), Orxan Əliyev (“Kəpəz”) və Kauan Alexandre Martins de Paulanı (“Brera”, Şimali Makedoniya) da heyətinə qatmışdı.