AZ

Azərbaycanın ordu rəhbərliyində yeni vəzifə


General Hikmət Mirzəyevə yeni müavin təyinatını zəruri edən səbəblər

Azərbaycan Ordusunun Quru Qoşunları komandanı, general-polkovnik Hikmət Mirzəyevə yeni müavin təyin olunub. Bu vəzifəyə general-mayor İlqar Lətifov təyinat alıb. 

İlqar Lətifov Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. O, Vətən Müharibəsi iştirakçısıdır. General-mayor müharibədə göstərdiyi xidmətlərə görə bir sıra medallarla təltif olunub. General İlqar Lətifov 2020-ci ildən etibarən Azərbaycan Ordusunda 4-cü ordu korpusunun komandanı vəzifəsini icra edib.

Yeni təyinatına qədər isə o, Müdafiə Nazirliyinin Döyüş Hazırlığı İdarəsinin rəisi olub.

Yeni müavin vəzifəsi hansı zərurətdən doğub? Bu həm də Türkiyə (NATO) ordu modelinin tələbidirmi? General İlqar Lətifov necə bir hərbçi kimi tanınır? 


 Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki,  Azərbaycan ordusu uzun müddətdir Türkiyə-NATO ordu modelinə keçid edir. Bu keçidin ortaya çıxardığı zərurətlər var. Azərbaycan Ordusunun Quru Qoşunları komandanına yeni müavin təyinatı həm də bu zərurətdən doğur. Quru Qoşunlarımızın qeyd etdiyimiz ordu modelinə tam və yüksək səviyyədə keçidində bu təyinatın rolu şübhəsiz olacaq.  

General-mayor İlqar Lətifovu yaxşı tanıyıram. Peşəkar zabitdir, cavan generaldır, Türkiyədə təhsil alıb. NATO ordu sistemini, türk ordusu modelini yaxşı bilən generaldır. Türkiyədə təhsil almış və türk ordu modelini yaxından bilən generalımızın yeni təyinatı da tam uyğun və uğurlu təyinatdır. General İlqar Lətifov türk ordu modelinin bütün strukturlarını, tələblərini bilir. Onun təyinatı Quru Qoşunları Komandanı general-polkovnik Hikmət Mirzəyevin qoşunlarımızın daha da gücləndirilməsi istiqamətində qarşısındakı hədəflərə nail olmasında öz müsbət töhfəsini verəcək.  Gələcəkdə Quru Qoşunlarında hansısa uğurlu dəyişikliklərin həyata keçirilməsi, həm döyüş qabiliyyətinin yüksək səviyyədə olması kimi mühüm işlərdə də yəqin ki, general İlqar Lətifovun müavin təyinatı arzuolunan effekti verəcək".


Seçilən
6
50
nuh.az

10Mənbələr