İlkin ehtimallara görə, Şəmkirdəki yol-nəqliyyat hadisəsinin baş verməsinə yüksək sürət səbəb olub.
Ölkə.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib.
O sürət həddini aşmağa meyilli olan sürücüləri sonradan bərpası mümkün olmayan yanlış addımlar atmaqdan çəkinməyə çağırıb:
"Ötən gün saat 23:40-da Bakı-Qazax avtomobil yolunun 403-cü kilometrliyində üzü Qazax istiqamətində hərəkətdə olarkən Şəmkir rayon sakini Xətai Xosrov oğlu Əliyevin idarə etdiyi VAZ-2106 markalı, 20-BE-810 dövlət qeydiyyat nişanlı avtomobillə qarşıdan gələn həmyerlisi Zaur Rasim oğlu Cabbarovun idarə etdiyi VAZ-21214 markalı, 77-YK-188 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
İlkin ehtimallara görə, yüksək sürət nəticəsində baş verən qəzada hər iki sürücü, eləcə də Zaur Cabbarovun sərnişinləri - Elşən Sabir oğlu Xudaverdiyev və Babək İlyaz oğlu Hüseynov, habelə Xətai Əliyevin sərnişini Röyal Elbrus oğlu Allahverdiyev hadisə yerində həyatlarını itirib, digər sərnişin Elçin Yusif oğlu Orucov isə xəsarət alıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi yüksək sürətin ağır faciələrə səbəb olduğunu bir daha xatırladır və sürət həddini aşmağa meyilli olan sürücüləri sonradan bərpası mümkün olmayan yanlış addımlar atmaqdan çəkinməyə çağırır", - deyə o qeyd edib.