ABŞ Prezidenti Donald Tramp İranın nüvə böhranının İsrailin bu ölkəyə zərbə endirmədən həll olunacağına ümid etdiyini bildirib.
Daha öncə Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoffu İranla bağlı məsələlərdə koordinator təyin etməyi planlaşdırdığı ortaya çıxdı. Sözügedən açıqlamanın bu xəbərdən sonra yayılması isə diqqət çəkib. Beləliklə ABŞ-ın yeni hökumətinin Tehranın nüvə proqramına hərbi yox, diplomatik yolla yanaşmaq niyyətində olduğu bildirilir.
Həmçinin Ağ Ev rəhbəri özü də jurnalistlərin “ABŞ İsrailin İranın nüvə obyektlərinə zərbələrini dəstəkləyəcəkmi?” sualına cavab vermək istəməyib və bu məsələ ilə bağlı yüksək vəzifəli şəxslərlə görüşlər keçirəcəyini qeyd edib.
Vaşinqtonun Tehranla bağlı planı nədir? Tramp administrasiyası necə bir yol xəritəsi izləməyi hədəfləyir?
Globalinfo.az-a danışan siaysi şərhçi Kənan Novruzov deyib ki, Donald Tramp biznesmen təfəkkürlü siyasətçidir:
“ABŞ prezidenti əsl tacirdir. Ona görə də sərt güc və radikal addımlardansa, yumşaq təzyiqə üstünlük verir. Bu mənada ABŞ-ın İranla problemləri diplomatik yolla həll etməyə çalışması təəccüblü deyil.
Kənan Novruzov
Ümumiyyətlə, Vaşinqton Tehranla mümkün birbaşa toqquşmadan çəkinəcək. Amma bunun üçün İsraildən istifadə oluna bilər. Həm Təl-Əviv vasitəsilə, həm də digər yollarla İrana təzyiq artırılacaq.
Tramp üçün İran məsələsi prioritetdir. Yəni onun dövründə iki ölkə arasında münasibətlər daha gərgin olacaq. Vaşinqton Tehranın nüvə silahı əldə etməsinə heç bir halda icazə verməyəcək. Üstəlik, məhz ABŞ-ın təzyiqləri nəticəsində İranda 1979-cu ildən bu yana hökm sürən molla rejimi bu il devrilə bilər”.